“Tarixi bilən üçün Azərbaycanın Özbəkistandan xalça idxal etməsi gülməlidir” - Ekspert
“Azərbaycan tarixini bilən üçün onun Özbəkistan və ya başqa ölkədən xalça idxal etməsi gülməli olar. Çünki Azərbaycanın xalçaçıları və xalçaları dünyaca məşhurdur”.
Bu sözləri Valyuta.az-a iqtisadçı Akif Nəsirli Azərbaycanın Özbəkistandan daha çox xalça ixracatçısı olmasının səbəbləri haqqında danışarkən deyib.
İqtisadçı bildirib ki, istənilən sahənin inkişaf etdirilməsi üçün həmin sahə ilə məşğul olan insanları bu istiqamətdə stimullaşdırmaq lazımdır:
“Azərbaycanın xalçaçılıq ənənələri var, kifayət qədər də təcrübəli xalçaçılarımız var. Onların hazırladığı xalçaların həm beynəlxalq sərgilərdə nümayiş etdirilməsini təşkil etmək, həm də həmin xalçaların kütləvi istehsal olunaraq maraqlı ölkələrə ixracını təşkil etmək olar. Belə olarsa, həmin xalçaçılar kütləvi istehsalla məşğul olmağa başlayacaq. Onlar bu işdən pul qazandıqları üçün maraqlı olacaqlar. Belə olanda isə həm ölkəyə valyuta gələcək, həm də ölkə daxilində də həmin xalçaların satışı təmin olunacaq”.
Həmsöhbətimiz qeyd edib ki, Azərbaycanda elə xalçalar toxunur ki, dünyada unikal xalçalar sırasına düşə bilər:
“Ona görə də bu sahəni təbliğ, reklam etmək, bu sahəyə dəstək vermək lazımdır. Dəstək olsa, bu sahə yenidən canlanacaq. Çünki zəngin xalçaçılıq ənənəmiz var, çox güclü fantaziyaya malik rəssamlarımız var, bu rəssamların da yaratdıqlarını ilmələrə köçürə bilən ilmə ustalarımız, xalçaçılarımız var”.
Qeyd edək ki, Özbəkistanın ilin ilk 7 ayında xaricə ixrac etdiyi xalçanın ən çox alıcısı Azərbaycan olub. 2024-cü ilin yeddi ayı ərzində Özbəkistan ümumi sahəsi təxminən 4,3 milyon kvadratmetr olan, 13 milyon dollar dəyərində xalça ixrac edib.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay