"Mərkəzi Bankın faiz dərəcəsi daha çox psixoloji xarakter daşıyır" - Ekspert
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, qurumun İdarə Heyəti sabah faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.
Qeyd edək ki, uçot dərəcəsilə bağlı AMB-nin son qərarı iyulun 26-da verilmişdi. Həmin vaxt AMB uçot dərəcəsini 9 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı həddi də dəyişməyərək müvafiq olaraq 10 faiz və 7,5 faiz olub.
Görəsən, mövcud vəziyyətdə AMB-nin uçot dərəcəsilə bağlı qərarı nə olacaq?
Valyuta.az-a açıqlama verən maliyyə-bank eksperti Əkrəm Həsənovun fikrincə, AMB uçot dərəcəsini əvvəlki səviyyəsində saxlayacaq:
“AMB-nin rəhbəri bu yaxınlarda özü etiraf edib ki, Azərbaycanda uçot dərəcəsi prinsipcə faizlərə təsir etmir. Bunu da o, Azərbaycanın daha çox idxaldan asılı olması ilə əlaqələndirmişdi. Hansı ki, idxal mallarının qiyməti ölkəmizdə deyil, xaricdə formalaşır. Bu mənada Mərkəzi Bankın uçot dərəcəsi yalnız yerli istehsalın olduğu ölkələrdə ciddi şəkildə prosesə təsir edir. Bu baxımdan da Azərbaycanda MB-nin faiz dərəcəsi daha çox psixoloji xarakter daşıyır. Ona görə də düşünürəm ki, sabahkı qərarı ilə MB uçot dərəcəsini olduğu kimi saxlamaqla, böyük ehtimalla artırmayacaq. Çünki indiki dönəmdə ilin sonuna yaxın uçot dərəcəsin parametrlərində hansısa bir dəyişikliyə getməyin elə bir mənası yoxdur”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay