Banklar niyə "uşaq əmanətləri"nə maraq göstərmir?
Cəmi bir neçə bankda “Uşaq əmanətləri” adlı əmanət növü var. Digərlərində bu əmanətlərə rast gəlmirik. Sovet vaxtı məşhur olan bu əmanət növünün indi aktual olmama səbəbi nədir?
Bank eksperti Əkrəm Həsənov Valyuta.az-a açıqlamasında bildirdi ki, istənilən şəxs övladının adına bankda əmanət yerləşdirə bilər: “Prinsipcə, uşaq əmanəti özü də əmanətdir. Mülki Məcəlləyə əsasən, banka üçüncü şəxsin xeyrinə əmanət yerləşdirmək mümkündür. Yəni istənilən bankda valideyn, yaxud başqa bir şəxs uşağın adına əmanət yerləşdirə bilər. İstənilən zaman həmin əmanətin üzərinə əlavələr etmək də mümkündür. Yəni uşaq əmanətlərinin digər əmanətlərdən heç bir fərqi yoxdur. Qanun istənilən bankda uşağın adına əmanət yerləşdirilməsinə imkan verir”.
Ekspert qeyd etdi ki, uşaq əmanətləri uzunmüddətli olur, vətəndaşlar isə uzunmüddətli əmanətlərə meyil etmirlər: “Uşaq əmanətləri 18 illik və ya uşaq 18 yaşına çatana qədərki zaman üçün yerləşdirilir. Ümumi bank əmanətlərində isə müddətin o qədər önəmi yoxdur. Məsələn, bank 2 illik əmanət qəbul edirsə, 2 ildən sonra kimsə əmanəti götürməsə, eyni şərtlərlə müddət uzadılır. Əksər hallarda banklar uzunmüddətli əmanət qoyuluşunda maraqlı olur. Vətəndaşlar isə uzunmüddətli əmanət qoyuluşuna o qədər də maraq göstərmirlər. Çünki vətəndaşlar əmanəti qısa müddətdən sonra bankdan çıxarmaq istəyirlər. Əmanəti vaxtından əvvəl götürdüyün zaman isə əmanət faizləri silinir. Banklar da əmanət cəlb etmək üçün uzunmüddətli təkliflərə çox da getmirlər”.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay