Şirkətlər niyə hədəflərinə çata bilmirlər?
İlin əvvəlində müəyyənləşdirilən hədəflər şirkətlərin strateji inkişaf planlarında mühüm rol oynayır. Hədəflər uğura çatmaq üçün vacibdir. Lakin ilin sonunda nəticələr bəzən gözlənilən qədər yaxşı olmur. İlin əvvəli qoyulan hədəflərə çatmamağın səbəbləri nələr ola bilər?
Mövzu ilə bağlı Valyuta.az-a danışan “SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant Anar Bayramov qeyd edib ki, hədəfqoyma planlamanın əsas hissəsidir, planlama isə idarəetmədə ən başlıca funskiyadır: ”Plansız fəaliyyət göstərmək necə gəldi işləməkdir, prioritetlərin olmaması deməkdir. Bu baxımdan, hədəfqoyma planlamanın effektivliyini artıran əsas vasitələrdən biridir. Hədəf qoyulduqda istiqamətimiz, fokusumuz müəyyənləşir və prioritetlərimizi dəqiqləşdirə bilirik. Məsələn, A və B məhsulları prioritetdirsə, onların nə qədər əhəmiyyətli olduğunu anlamaq üçün konkret ölçü vahidlərinə əsaslanan hədəflər müəyyənləşdirilməlidir. Bu hədəflər prioritetlərin əhəmiyyətini vurğulamağa və bizi uyğun istiqamətə yönəltməyə imkan verir. Hədəflər eyni zamanda, gündəlik fəaliyyətimizi və iş planımızı formalaşdırır. İnsan nəyi hədəfləyibsə, yatıb-duranda da onu düşünür və nəticədə davranış və performansı həmin istiqamətə yönəlir”.
A.Bayramov bildirdi ki, əgər bir şirkət ilin sonu planlanan hədəflərə çatmayıbsa, bunu analiz etməli və səbəbləri müəyyənləşdirməlidir: “Hədəf həm də istinad nöqtəsidir. Əgər hədəfə çatmaq mümkün olmazsa, çatışmazlıqların səbəblərini təhlil etmək, nə qədər geri qalındığını müəyyənləşdirmək imkanı yaranır. Hədəf olmadıqda isə heç bir istinad nöqtəsi mövcud olmur, nəticədə idarəetmə daha xaotik hala gəlir. Hədəflərin izlənilməsi prosesin vacib hissəsidir. Planlama varsa, nəzarət də mütləq olmalıdır. Bu, idarəetmənin iki ayrılmaz elementidir”.
A.Bayramov hədəflərin izlənməsi və icrasını təmin etmək üçün hansı metodlardan istifadə olunduğu mövzusuna da toxunub: “Hədəflərin izlənilməsi üçün müxtəlif vasitələrdən istifadə edilə bilər. Ən sadə üsullardan biri Excel fayllarından istifadə etməkdir. Daha irəliləmiş həllər isə “Power BI”, “Tableau”, “Metabase” kimi analitik platformalar və ya ERP sistemləridir. Bu alətlər hədəfləri izləməyi və fəaliyyətləri təhlil etməyi asanlaşdırır. Beləliklə, düzgün planlama və nəzarət mexanizmi ilə hədəflərin dəqiq təyin olunması və izlənilməsi iş fəaliyyətinin uğurlu idarə olunmasında əsas rol oynayır”.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay