BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8227
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1249
40820

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər. Bu halda köhnə 7-9 mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi? 

Bu proses panel doqquzmərtəbələrə də keçə bilər

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirdi ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir: “Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”. 

Həyət evləri də plandadır

V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir: “Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”. 

Müasir tələblərə uyğunlaşdırmaq lazımdır

Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var: “Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.

Bu binalarda yaşamaq təhlükəlidir

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır: “Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.

Daha çox azmərtəbəli binaları sökürlər 

E.Fərzəliyev dedi ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil: “Köhnə çoxmənzilli binalara 9-10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 7-10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.

Fəlakətlər baş verməməsi üçün

Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır: “Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər 3-5 mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.

Kaspi qəzeti - Zərif Salmanlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Almaniyada “futbol qatarı” işə salınacaq

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Sığorta hadisəsi zamanı ödəniş üçün məhkəmə hökmü gözlənilməlidirmi?

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."

Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi

Sabah Füzuli şəhərinə 39 ailə yola düşəcək

Sabah Bakıda 30 dərəcə isti olacaq

Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO

Subayların arzusunda olduğu robot hazırlandı - VİDEO

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər? - FOTO

Dünyanı biz təmin edirik, amma...

Bu məhsul da ucuzlaşdı - VİDEO

Bu məhsul da ucuzlaşdı - VİDEO

Yayda səyahət edənlərin nəzərinə: Qiymətlər 300-400 dollar bahalaşdı - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Maaşlar yenidən artırıla bilərmi? - Video

Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb - Foto

Bu ölkə 2,5 mindən çox qumar oyunları saytını blokladı

Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib

“Titanik” sərnişininin saatı rekord qiymətə satılıb

Avropanın ən işlək hava limanı bəlli oldu

Azərbaycana ən çox turist bu ölkələrdən gəlir

Kökündən çıxan ağac marşrut avtobusunun üstünə düşdü - Foto

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin