"Nvidia", yoxsa AMD? - İki GPU nəhənginin müqayisəsi
"CES 2025" sərgisində ən çox maraq doğuran təqdimat "Nvidia" tərəfindən edilib. Şirkət uzun zamandır gözlənilən "GeForce RTX 50" seriyasını elan edib. Lakin ekran kartları bazarında "Nvidia" tək deyil. AMD "Radeon" seriyası ilə "Nvidia"ya güclü rəqib olaraq mövqeyini qorumağa davam edir.
Valyuta.az xəbər verir ki, CES-də AMD əsas diqqətini "Ryzen" prosessorlarına yönəltsə də, hər iki şirkət ekran kartı bazarını dominant şəkildə idarə edir.
Əgər oyun kompüteri, noutbuk alacaq və ya öz kompüterinizi toplayacaqsınızsa, ekran kartları barədə məlumat sahibi olmaq vacibdir. Xüsusən də AMD və "Nvidia" kimi bazar liderlərinin məhsulları haqqında.
İki şirkətin məhsulları arasından hansı daha yaxşıdır? Bu suala cavab sadə görünsə də, əslində çox daha mürəkkəbdir.
AMD və Nvidia: qiymət
Mashable.com-un məlumatına görə, qiymət məsələsində AMD "Nvidia" qarşısında böyük üstünlüyə malikdir. AMD daha sərfəli və büdcəyə uyğun orta səviyyəli ekran kartları təklif edir. AMD "Radeon RX 70" seriyasının qiymətləri 2800 dollardan başlayıb, 1200 dollara qədər qalxır.
"Nvidia"nın hazırkı "GeForce 40" seriyasının qiymətləri isə təxminən 400 dollardan, "RTX 4090" modeli isə təxminən 5100 dollara qədər yüksəlir. Yeni elan edilən "RTX 50" seriyasının "RTX 5090" modelinin ilkin qiyməti isə təxminən 2500 dollardır.
Əgər yalnız qiymətə əsaslanaraq seçim edirsinizsə, AMD daha sərfəli seçimdir. Lakin AMD bəzi "Radeon RX" seriyası kartlarının istehsalını dayandırıb və yeni RNDA 4 GPU-larını *Qrafik Prosessor Modulu) təqdim etməyə hazırlaşır. Buna baxmayaraq, bu yeni GPU-ların qiymətinin "Nvidia"dan daha aşağı olacağı gözlənilir.
AMD və "Nvidia": performans
Performans məsələsinə gəlincə, iş bir qədər çətinləşir. "Nvidia GeForce RTX 4090" hazırda bazardakı ən sürətli GPU-dur və AMD-nin bir çox məhsulunu geridə qoyur.
4090 yalnız 4K oyun üçün deyil, həm də süni intellekt əməliyyatlarında və yaradıcı işlərdə üstünlük təmin edir. Lakin tezliklə RTX 5090 modeli ilə əvəzlənəcək və bu kartın performansı süni intellekt dəstəyi ilə daha da yaxşılaşdırılacaq.
Ümumilikdə, "Nvidia" şüa izləmə (ray tracing) texnologiyasında daha güclüdür. Lakin ən üst modelləri axtarmırsınızsa, AMD orta və giriş səviyyəli seçimlərdə "Nvidia" ilə başa-baş mübarizə aparır. Məsələn, orta səviyyəli "AMD Radeon 7700 XT" modeli "Nvidia GeForce RTX 4060"dan daha yüksək performans göstərə bilir.
AMD və "Nvidia": oyunlardan kənar istifadə
Ekran kartları adətən oyun performansına görə qiymətləndirilir. Lakin GPU-lar oyunlardan kənar sahələrdə də mühüm rol oynayır. AMD əsasən oyun bazarına yönəlib və 4K oyun texnologiyalarını təkmilləşdirməyə davam edir.
AMD GPU-larını istifadə etmək üçün mütləq öz proqram təminatını tələb etmir, hətta bəzi hallarda AMD proqramı "Nvidia" kartlarında da istifadə edilə bilər.
Lakin video işləmə, süni intellekt tətbiqləri və ya 3D modelləşdirmə kimi işlər üçün "Nvidia" daha güclü seçim kimi görünür. "GeForce 50" seriyası bu sahələrdə istifadə üçün "Nvidia Studio" proqramını təqdim edir.
AMD, yoxsa "Nvidia": hansı daha yaxşıdır?
Müzakirənin sonunda yenidən əsas suala qayıdırıq: AMD, yoxsa "Nvidia"?
Bu suala dəqiq cavab vermək çətindir, çünki bu, sizin tələblərinizdən və büdcənizdən asılıdır. Əgər ilk kompüterinizi toplamağı planlaşdırırsınızsa, AMD daha əlçatan seçimdir. Orta səviyyəli variantları daha bahalı "Nvidia" kartlarının performansına yaxın nəticələr təqdim edir.
Amma təcrübəli istifadəçilər üçün "Nvidia"ya sərmayə qoymaq daha məqsədəuyğun görünür. Xüsusilə video oyun dizaynı, süni intellekt tətbiqləri və ya yaradıcı işlərlə məşğul olmaq niyyətindəsinizsə, "Nvidia" daha uyğun seçimdir.
"GeForce 50" seriyası 30 yanvar 2025-ci il tarixində satışa çıxarılacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay