Özəl sektorda maaşlar dövlət sektorundan niyə azdır? - Ekspert
İnkişaf etmiş ölkələrdə özəl sektorda çalışanların orta aylıq əmək haqqı adətən dövlət sektorunda çalışanlarla müqayisədə daha yüksək olur. Amma Azərbaycanda nədənsə bunun əksi baş verir. Belə ki, Azərbaycanda dövlət sektorunda çalışanların maaşları özəldə çalışanlarla müqayisədə daha yüksəkdir.
Nümunə üçün qeyd edək ki, 2022-ci ildə dövlət qulluğunda çalışanların aylıq maaşları 1785,1 manat olub ki, bu da ölkə üzrə orta aylıq əmək haqqından (839,4 manat) 2 dəfə yüksəkdir.
Valyuta.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirlinin fikrincə, inhisarçılıq, inzibati qadağalar, xüsusi mülkiyyətə zəmanətin olmaması özəl sektorda çalışanların əmək haqqlarının dövlət sektoru ilə müqayisədə aşağı olmasına gətirib çıxarıb:
“Dövlət qulluğu əmək haqqı sektorunda məhdud seqmentdir və bu sektorda yüksək əmək haqqı alanlar kifayət qədərdir. Nazirlər, komitə sədrləri, nazir müavinləri, icra hakimiyyəti başçıları və burada çalışan digər yüksək vəzifəli məmurlar yüksək maaş alırlar. Ona görə də həmin dar seqmentdə çalışanların maaşları həm özəl sektorda işləyənlərin maaşından, həm də orta aylıq göstəricidən xeyli yüksək olur.
Dövlət sektorunda 500 manatdan aşağı əmək haqqı alan yoxdur. Həmin sahədə yuxarıda qeyd etdiyim kimi, kifayət qədər yüksək əmək haqqı alanlar da var ki, bu da son nəticədə dövlət sektorunda işləyənlərin maaşlarının digərlərilə müqayisədə yüksək olmasına gətirib çıxarır.
Azərbaycanda əmək bazarı normal şəkildə formalaşmadığından, özəl sektorun inkişaf etməməsi, burada geniş imkanların olmaması səbəbindən həmin sahə mövcud şəraitdə əmək haqqı fondunu genişləndirmək gücündə deyil. İnhisarçılıq, inzibati qadağalar, xüsusi mülkiyyətə zəmanətin olmaması özəl sektorda çalışanların əmək haqqlarının dövlət sektoru ilə müqayisədə aşağı olmasına gətirib çıxarıb”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay