
Qazancınızı artıra biləcəyiniz 8 üsul – “Yox” deməyi bacarın - SƏHƏR OXUSU
“Pul hər şey deyil, amma oksigen qədər vacibdir”, bu fikri çoxumuz eşitmişik. Doğrudur, həyat yalnız maddiyyatdan ibarət deyil. Ancaq pulun yoxluğu insanın gündəlik ehtiyaclarını ödəməsinə, rahat yaşamasına və gələcək üçün seçim etməsinə ciddi maneə yaradır. Pul, sadəcə bir dəyişmə vasitəsi deyil - o, azadlıq, rahatlıq və öz həyatını idarə edə bilmək imkanıdır.
Cəmiyyətimizdə çox zaman pul haqqında açıq danışmaq tənqid olunur. İnsanlar zəngin olmaq istəyini ifadə edəndə “acgöz”, “pulgir” və ya “şöhrətpərəst” kimi damğalanmaqdan çəkinirlər. Halbuki bu cür düşüncə tərzi, əslində insanın potensialını məhdudlaşdırır. Ətrafımızda tez-tez “pul bütün pisliklərin mənbəyidir”, “Varlı insanlar acgözdür”, “pul insanı xoşbəxt etmir” kimi sözlər səsləndirən insanlara rast gəlirik.
Əslində isə, bu sözləri deyənlərin çoxu artıq pulu olmayan insanlardır.
Unutmayaq ki, hər birimizin gün ərzində 24 saatı var. Maddi baxımdan uğurlu olan insanlar bu vaxtı sadəcə fərqli istifadə edir, pul və qazanc barədə daha sağlam və məqsədyönlü düşünürlər.
Valyuta.az bu yazıda sizə gəlirinizi artırmaq və maliyyə azadlığınızı qurmaq üçün istifadə edə biləcəyiniz 8 sadə, lakin təsirli taktiki ipucunu təqdim edir:
Eyni işi etməyi dayandırın
Hər dəfə eyni şeyi edib fərqli nəticə gözləməyin "dəli"lik olduğunu hamımız eşitmişik. Əgər həyatınızdan narazısınızsa, etməli olduğunuz ilk şey indiyə qədər etdiyiniz işi etməyi buraxmaqdır. Çünki o, sizi bu günkü vəziyyətə gətirib. Həyatın gözəl tərəfi budur ki, tək bir gecədə hekayənizi və məqsədlərinizi dəyişmək imkanınız var. Keçmişdə verdiyiniz qərarlar nə olursa-olsun, doğru qərarı vermək üçün yalnız bir qərar qədər məsafədəsiniz.
Pulun sizə dəyər qatmasına icazə verməyin
Sizin dəyəriniz bank hesabınızın məbləği ilə ölçülmür. Hesabınızda sıfır da ola bilər, milyonlar da, bu sizin özünüzə olan inamınıza təsir etməməlidir. Özünüzə olan inamı artırmaq üçün nə etmək lazımdırsa, onu edin.
Zənginlik də, yoxsulluq da ilk növbədə zehniyyətin məhsuludur. Sizi müəyyən edən şeylər əmlakınız deyil, inandığınız dəyərlərdir.
Gəlirinizə öncəlik verin
Həftəlik iş planınızı tərtib edərkən ilk növbədə gəlir gətirən fəaliyyətləri daxil etdiyinizdən əmin olun. Planınızın ən azı 20%-i yalnız gəlir gətirməyə yönəlmiş işlərdən ibarət olmalıdır. Hansı fəaliyyətlərin sizə real gəlir qazandırdığını müəyyənləşdirin, onları planınıza daxil edin və ardıcıl olaraq həyata keçirin.
Hər zaman etdiyiniz işlərin sizə maddi fayda verib-vermədiyini özünüzdən soruşun.
Zamanınızın qədrini bilin
Zaman puldan daha qiymətlidir. Pul qazana bilərsiniz, amma vaxtı geri qaytarmaq mümkün deyil. Eyni müddət ərzində ikiqat dəyər yaratmaq və ikiqat pul qazanmaq mümkündür. Bu, vaxtdan ağıllı şəkildə istifadə etməklə mümkündür.
Unutmayın: hamımızın eyni 24 saatı var, bu zamanla nə etdiyiniz isə nəticələri müəyyən edir.
“Yox” deməyi öyrənin
Stivin Cobs müsahibələrinin birində demişdi ki, “Apple”ı bu qədər uğurlu edən şeylərdən biri "yox" demək bacarığı idi.
Əgər özünüzü yükləyirsinizsə və çox şeyi eyni anda etməyə çalışırsınızsa, "yox" demək həyatınızı dəyişəcək. Sizə gəlir qazandırmayan hər şeyə, sabit və rahat gəlir əldə edənə qədər “yox” deyin. Özünüzə daha çox zaman ayırın.
Vaxt keçirdiyiniz insanlara diqqət edin
Çox vaxt kasıb insanlar başqa kasıb insanlarla vaxt keçirirlər və birlikdə kasıb qalmağa davam edirlər. Dost çevrənizə nəzər salın və həyatını sizdən daha yaxşı quran insanlara yaxınlaşın.
Çünki kimlərlə vaxt keçirirsinizsə, zamanla onlara bənzəməyə başlayırsınız. Onların düşüncə tərzi, vərdişləri sizə də təsir edəcək. Seçim sizindir: sizi yerində saymağa məhkum edən mühitdə qalın, ya da sizi inkişaf etdirən çevrəyə keçin.
Bəhanələri azaldın
Bəhanələriniz artdıqca, bank hesabınızdakı məbləğ azalacaq. Ən yaxşı bəhanə edənlər ən kasıb insanlardır. Enerjinizi və vaxtınızı bəhanələr tapmağa deyil, problemlərə həll yolları axtarmağa yönəldin.
Bəhanə bir vərdişdir və bu vərdişə sahib insanlar daim maliyyə çətinlikləri içində olacaqlar.
Qurban rolu ilə deyil, lider mövqeyi ilə düşünün
İqtisadiyyatı, keçmişinizi, rəhbərinizi və ya iş yerinizi günahlandırmağı buraxın. Daha çox qazanc istəyin, iş dəyişin, dəyərinizi artırın.
Unutmayın həyatınızdakı hər şeyə görə məsuliyyəti öz üzərinizə götürməyə başladığınız an, hər şeyi dəyişdirə biləcəyiniz andır.
Bu ipuclarını ciddiyə alsanız və həqiqətən istəsəniz, qarşıdakı bir neçə ay ərzində gəlirlərinizin artacağının şahidi olacaqsınız.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay