
“Bu qərarla lisey və gimnaziyalara olan marağı məhv etdik” – Təhsil eksperti
2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara qəbul prosesinə start verilir.
Lakin ötən illərdən fərqli olaraq bu il qəbul yalnız 6-cı sinif şagirdləri üçün (7-ci sinfə qəbul) həyata keçiriləcək. Bu barədə Təhsil İnstitutundan bildirilib. Yeni qərar bir çox valideyn tərəfindən narazılıqla qarşılanıb.
Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, dünən lisey və gimnaziyalara qəbulla bağlı mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla bağlı qərar ilk növbədə valideynlərə vurulan zərbədir:
“Doğrudur, şagirdlər də bu imtahana hazırlaşıb, əziyyət çəkib. Ən azı 8-9 ay zehni, psixoloji yorğunluq yaşayıblar. Amma bu qərar valideyn qədər onlara təsir edə bilməz. Çünki valideyn həm maddi, həm mənəvi cəhətdən çox əziyyət çəkib. Bu absurd qərarın verilməsi ilə bağlı ilk olaraq heç bir səbəb görülmür. Çünki liseylərə qəbul üçün hazırlaşmaq əksinə, məktəblərdə canlanma yaratmışdı. Lisey və gimnaziyalarda olan fərqli təhsil proqramı uşaqlarda maraq oyatmışdı. Hətta liseylərə daxil olmayan şagirdlər də öz üzərində işləyirdi”.
Elmin Nuri bildirib ki, bu qərarın hansı səbəbdən verildiyi, 4 və 8-ci siniflərə qədər olan qəbul mexanizminin niyə məhz 6-cı siniflər üçün saxlanılması ilə bağlı açıq suallar qalır:
“Bunun səbəbi mənə məlum deyil, amma qərarın valideynlərə vurduğu maddi və mənəvi zərbə mənə məlumdur. Belə bir qərar verilməməli idi. Verilirdisə, sentyabrda, təhsil ilinin başlanğıcında bununla bağlı məlumatlandırılma aparılmalı idi. Çünki lisey və gimnaziyalara hazırlaşanların çoxu bu prosesə sentyabrdan başlayır. Hər ay minimum 300 manat uşaqların hazırlığına gedib. Mən hələ yol və digər xərcləri, itirlən zamanı, şagirdin öz dərsləri ilə yanaşlı ağır hazırlıq proqramı üzərində işləməsini demirəm. Bu absurd qərar verilirdisə, ilin əvvəlində açıqlanardı. Lap deyək ilin əvvəlində bu qərar verildi. Nəyə əsaslanır bu? Hansı vacib zərurət belə bir qərarın verilməsini meydana çıxardı. Lisey və gimnaziyaların sayını, orada təhsil yükünü artırmaq, orda olan kəmiyyət və keyfiyyət göstəricilərinə daha çox maraq oyatmaq əvəzinə biz bu qərarla lisey və gimnaziyalara olan marağı, onların mövqeyini tamamən məhv etdik”.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay