
Marka necə yaradılır? - SƏHƏR OXUSU
Uğurlu brendinq rəqibləri məğlub etmək və müştəri sədaqətini artırmaq üçün açardır. Bu prosesdə siz öz missiyanızı dəqiq müəyyənləşdirməli, kreativ düşünməli, şirkətinizi uğurlu edəcək insanlarla əlaqə qurmalısınız. Şirkətinizi özəl edən xüsusiyyətləri və məhsulunuzun alınmağa dəyər olduğunu düşünməklə başlayın. Buradan yola çıxaraq, şirkətinizin özünəməxsus ruhunu əks etdirən loqo və sloqan hazırlayın və brendinizi tanıdın.
Valyuta.az bu yazıda markanızı necə yaratmağınızla bağlı keçəcəyiniz yol ilə bağlı məlumatları təqdim edir:
Orijinal görüntü və mesaj yaratmaq. Bunun üçün missiyanızı müəyyənləşdirin. Müştərilərinizə hansı keyfiyyətləri, dəyərləri və təcrübələri təqdim edəcəksiniz? Brendinizin orijinal və təsirli görünməsi üçün şirkətinizin təqdim etmək istədiyi imicə diqqətlə yanaşmalısınız. Amma bunu etməzdən əvvəl, şirkətinizin missiyasını aydın şəkildə ifadə etmək çox önəmlidir.
Aşağıdakı sualları düşünün:
Niyə bu işi qurmusunuz?
Hansı məqsədlərə çatmaq istəyirsiniz?
Kimlərə yardım etmək istəyirsiniz?
Şirkətinizi digərindən fərqləndirən nədir?
Daha sonra necə görünmək istədiyinizə qərar verin. Müştərilər brendinizi canlı və nəfəs alan bir insan kimi görməlidirlər. Məhsulunuzun və ya xidmətinizin birincisi olduğunu bilməlidirlər.
Missiyanızı nəzərə alaraq, hansı mövqedə olacağınıza qərar verin.
Məhsulunuz macəra bileti və ya ikinci şans kimi görünə bilər. Bu yanaşmanı lüks qida məhsulları, məsələn, qoji meyvəsi suyu və ya filizlənmiş taxıl qranola barları təqdim edən şirkətlər tətbiq edir. Brendinizi ağıllı və qabaqcıl texnologiya kimi təqdim etmək istəyirsinizsə, məhsulunuzun müştərilərinizi “havalı” göstərməsini arzulaya bilərsiniz. “Urban Outfitters” və “Apple” kimi brendlər bu yanaşmanı istifadə edir.
Başqa bir yanaşma isə müştərilərə etibarlı və möhkəm seçimlər təqdim etməkdir. Məsələn, təkərlərin heç vaxt sıradan çıxmaması lazım olan məhsullar üçün belə bir strategiya uygundur. Nostaljiyadan da yararlana bilərsiniz. İnsanlar uşaqlıq dövrlərini xatırladan şeyləri sevirlər.
Müştəri kimi düşünün
Məhsulu alarkən niyə onu seçirsiniz? Müştəriləriniz brendinizlə qarşılaşanda nə hiss etməlidirlər? Güclü? Məsuliyyətli? Vicdanlı? Ağıllı? Özünəməxsus? Bu hissi dizaynlarınıza, marketinq və reklam materiallarınıza yansıtmalısınız. Bu duyğuları yalnız dildə deyil, həm də rənglərdə və məhsul dizaynında çatdırın.
Brend dilinizi nəzərdən keçirin
Brendinizi təmsil etmək üçün diqqət çəkən ifadələr, sloqan və əsas açar sözlər müəyyən edin. Bu sözlər məqsədinizlə uyğun və yadda qalan olmalıdır. Brend dilini yalnız məhsul mətnlərində deyil, işinizdən danışarkən və ünsiyyət qurarkən də istifadə edin. Yadda qalması üçün mətn mümkün qədər müasir və sadə olmalıdır. “Apple”ın “Fərqli düşün” sloqanı bunun ən yaxşı nümunəsidir.
Dizayn sxemi seçin
Brendinizin missiyası və dilinin uyğun olması vacibdir. Müasir və şıq, yoxsa ənənəvi və klassik? Bu görünüşü bütün media vasitələrinizə (broşür, sayt, məhsullar, ofis və s.) daşıyın.
Yaxşı loqo hazırlayın
Loqonuz müştərilərin zehnində qalmalıdır. Məsələn, təsdiq işarəsi görən kimi insanın ağlına “Nik”e gəlir. Loqonuzu diqqətlə hazırlayın və tez-tez istifadə edin. Brendinizi təmsil edən rəngləri seçin. Bu rəngləri hər promosyon materialında istifadə edin. Məsələn, “McDonald’s” sarı və qırmızı, “Google” qırmızı, yaşıl, sarı və mavi rənglərdən istifadə edir. Sadə olmağa diqqət edin. Brendiniz asan tanınmalı və sürətlə xatırlanmalıdır. Bunun ən yaxşı yolu bənzərsiz, amma sadə olmaqdır.
Əməkdaşlarınızı da daxil edin
İşçilərinizə brendin əhəmiyyətini və niyə bu brendləşmə işini etdiyinizi izah edin. Yeni brendləşmə üçün onların dəstəyi vacibdir. Onların fikirlərini də dinləyin. Məhsul barədə nə düşündüklərini soruşun və fikirlərini görməzdən gəlməyin. Müştəri sədaqəti yaratmaq
Mesajınızı yaxşı məhsulla dəstəkləyin
Mesajınız gözəl ola bilər, amma təklifləriniz zəifdirsə, müştərilər başqa yerlərə yönələr. Amma işiniz və brend vədləriniz uyğun olsa, müştərilərinizin etimadını qazanacaqsınız. Keyfiyyətinizlə bağlı söhbətlər başlayacaq və brendinizin nüfuzu öz-özünə formalaşacaq.
Şəffaf olun
İş proseslərinizdə açıq olmaq çox vacibdir. Güvən, brend tanınmasının əsas hissəsidir. Müştəriniz brendinizi köhnə dost kimi görməlidir. Müştərilər işinizin necə işlədiyini, pullarının haraya getdiyini və əsl prioritetlərinizi anlamalıdırlar.
Bazarı araşdırın
Əsas müştəri bazanızın yaş və demoqrafik xüsusiyyətləri nədir? Cavabları görüncə təəccüblənə bilərsiniz. Buna görə məhsulunuza kimlərin maraq göstərdiyini və markanızın necə qəbul edildiyini araşdırmaq önəmlidir. Fokus qruplarla test edin. Müxtəlif demoqrafik qrupların məhsulunuza münasibətini öyrənin. İstifadə etməzdən əvvəl və sonra fikirlərini soruşun. Müəyyən kütləni hədəfləmək daha təsirlidir. Kimlərin məhsulunuzu aldığını öyrənəndən sonra fokusunuzu daralda bilərsiniz. Məsələn, gənc kişilərin qəlyanaltı qarışıqlarınızı daha çox aldığını görürsünüzsə, brend strategiyanızı bu qrup üçün uyğunlaşdırın.
Rəqabət təhlili aparın
Digər şirkətlərin nə təklif etdiyini və sizin şirkətinizin nə qədər fərqli olduğunu araşdırın. Brendləşməniz fərqliliyə və məhsulunuzun digərlərindən fərqli xüsusiyyətlərinə fokuslanmalıdır. Müştərilərin çox seçimi olduğundan, bu fərqlilik sizi rəqiblərinizdən fərqləndirəcək. Başqa şirkətin müəyyən bazar seqmentini tutduğunu görə bilərsiniz. Amma bu, məhsulunuzun fərqli auditoriyaya uyğun olmadığı mənasına gəlmir. Bazarda çoxlu məhsullar varsa, fərqli istiqamət götürə bilərsiniz. Brendləşmə yanaşmanızı dəyişdirə və ya məhsulda kiçik dəyişikliklər edə bilərsiniz.
Müştərilərlə ünsiyyət qurun
Məhsulunuzu alanlarla əlaqə yaratmaq önəmlidir. Onlar sizə brendi necə inkişaf etdirə biləcəyiniz barədə rəy verəcəklər. Danışığınız və davranışınız brend dəyərlərini əks etdirməli, müştərilərə rəy vermə və sual vermə fürsəti verməlidir.
Rəylərə tez cavab verin
Kimsə şikayət edirsə, ona qulaq asdığınızı, narahatlığını aradan qaldırdığınızı göstərin. E-poçtlara avtomatik cavab verməyin. Mümkün qədər səmimi və dostcasına olun. Müştərilər coşğunuzu hiss etməlidir.
Brendinizi tanıtmaq marketinq strategiyası hazırlayın
Məhsulunuz mağazalarda yer alsın, mümkün qədər çox insana çatsın deyə plan qurun. Məhsul və xidmətinizdən asılı olaraq onlayn, qəzet və jurnallarda reklam verə bilərsiniz. Brendinizi bütün reklam materiallarına tətbiq edin. Qablaşdırmadan lövhələrə, korporativ kimlikdən vebsayt və marketinq materiallarına qədər brendinizi daşıyın. Məhsullarınızı brendləşdirməkdən və hər yerdə nümayiş etdirməkdən çəkinməyin.
Gözlənilməz yerlərdə də reklam edin
Radio reklamları, işçi geyimləri və loqolu hədiyyələr (qələmlər, dəsmallar və s.) brendinizi tanıtmanın ucuz yollarıdır. Sosial mediada aktiv olun. Sosial media bu gün brend yaratmanın ən yaxşı yollarındandır. Hesablar açın, müntəzəm şəkillər, təkliflər və şirkət haqqında məlumatlarla yeniləyin. Müştərilərinizin maraqlandığı mövzular tapın və onlarla əlaqə yaradın. Məsələn, səyahət şirkətiniz varsa, müştərilərə belə mesaj göndərin: “Yaya az qaldı. Bu il harada istirahət etmək istəyirsiniz?” və gözəl bir tətil yeri şəkli paylaşın.
E-poçtlarla müştəriləri yükləməyin
Brendinizi narahat edici şəkildə qarşılarına qoymayın. Gerçək və interaktiv olun. Mükəmməl internet saytınız olsun. İnternet və sosial media dövründə sayt brendin mərkəzi hesab olunur. Ən azı ofisləriniz, iş saatlarınız və əlaqə məlumatlarınızı təqdim edən saytınız olmalıdır.
Hekayənizi qürurla danışın
İnsanlar hekayələşdirilmiş şeyləri daha asan anlayır və özlərini hekayənin bir parçası kimi görürlər. Brendinizi böyük ad etmək istəyirsinizsə, insanlara bu hissi yaşadacaq hekayə təqdim edin. Hekayənizi saytınızın “haqqında” bölümündə və ya tanıtım materiallarında paylaşın.
Cəmiyyətlə iç-içə olun
Cəmiyyətlə yaxınlıq güvən yaradır və brend haqqında xəbərlərin yayılmasına kömək edir. Tədbirlər təşkil edin, digər tədbirlərə qatılın, könüllülük fəaliyyətlərində iştirak edin. Yarmarkalar və digər tədbirlər məlumat vermək üçün gözəl fürsətdir. Potensial müştərilərlə əlaqə qurmaq üçün bu fürsətləri dəyərləndirin. İanələr və sponsorluq vasitəsilə cəmiyyətə töhfə verin. Bu da brendinizi tanıtmanın ən yaxşı yollarındandır.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay