
"Nike" iyunun 1-dən bəzi məhsullarının qiymətini artıracaq
İdman geyimləri və ayaqqabı istehsalı üzrə dünya nəhəngi olan "Nike" bəzi geyim və avadanlıq məhsullarının qiymətlərində artım tətbiq edəcəyini açıqlayıb.
Valyuta.az xəbər ki, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsum siyasəti pərakəndə satış sektoruna geniş təsir göstərərkən, "Nike" qiymət artımını birbaşa rüsumlarla əlaqələndirməsə də, qərarın həmin kontekstdə verildiyi ehtimal edilir.
Şirkətin verdiyi məlumata görə, qiymət artımı iyunun 1-dən qüvvəyə minəcək. Geyim və avadanlıq məhsullarında artım 2–10 dollar arasında olacaq. 100–150 dollar qiymət aralığında olan ayaqqabılar 5 dollar, 150 dolları keçən modellər isə 10 dollaradək bahalaşacaq.
Bununla belə, bəzi məhsullar bu artımdan təsirlənməyəcək. Belə ki, 100 dollardan ucuz məhsullar, uşaqlar üçün nəzərdə tutulan bütün məhsullar, eləcə də "Air Force 1" ayaqqabısı və "Jordan" markalı geyim və aksesuarlar istisna olunacaq.
İstehlakçılar qiymət artımını iyun ayından hiss etməyə başlasalar da, "Nike"ın tərəfdaş mağazaları yeni qiymətləri yalnız iyul ayından tətbiq edəcək. Bu dəyişiklik şirkətin yeni maliyyə ilinə start verməsi ilə üst-üstə düşür.
Şirkət “Forbes” və digər media orqanlarına açıqlamasında bildirib ki, qiymət dəyişiklikləri mövsümi planlama çərçivəsində həyata keçirilir və bu, "Nike"ın mütəmadi olaraq apardığı qiymətləndirmələrin bir hissəsidir.
“CNBC”nin məlumatına əsasən, "Nike"ın istehsal etdiyi ayaqqabıların təxminən 50 faizi Çin və Vyetnamda hazırlanır. Bu iki ölkə isə Tramp administrasiyasının tarif tətbiq etdiyi əsas ixracatçılar sırasındadır. Hazırda Çin mallarına 30 faiz, Vyetnam məhsullarına isə 10 faiz tarif tətbiq olunur.
Xatırladaq ki, "Nike", "Adidas", "Brooks", "Under Armour" və "Sketchers" kimi aparıcı şirkətlər Tramp administrasiyasına birgə məktub göndərərək, bu rüsumların Amerikanın ayaqqabı sənayesinə və istehlakçı ailələrə ciddi ziyan vuracağını, minlərlə iş yerinin risk altında olduğunu bildiriblər. Məktubda həmçinin ayaqqabı ehtiyatlarının yaxın zamanda azala biləcəyi ilə bağlı xəbərdarlıq da yer alıb.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay