
Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT
Ölkədə tez-tez müxtəlif mövzularda - incəsənət, ticarət, kənd təsərrüfatı və.s mövzularda sərgilər keçirilir. Lakin bəzi insanlar sərgilərə getmir, əvvəlki kimi maraq göstərmirlər. Düşünürlər ki, bazar qiymətləri ilə sərgilərdə təklif olunan qiymətlər eynidir, yəni məhsullar üzrə təklif olunan qiymətlərdə fərq yoxdur. Bu da istər-istəməz sərgilərə marağı azaldır. Normal bazarla sərgi qiymətləri arasında fərq nə qədər ola bilər?
Marketoloq Seymur Quliyev Valyuta-az-a bildirdi ki, sərgilərdə məhsul qiymətlərinin müəyyən olunması yalnız məhsulun maya dəyərinə əsaslanmamalıdır. “Əsas məqsəd sadəcə satış deyil, həm də məhsulun tanıdılması, brendin möhkəmləndirilməsi və alıcıda müsbət təəssürat yaratmaqdır. Qiymət müəyyən olunarkən məhsulun keyfiyyəti, sərgi məkanının icarə xərcləri, təqdimat dizaynı, məqsədli auditoriya və bazar tendensiyaları nəzərə alınmalıdır. Bundan əlavə, sərgi həm maarifləndirici, həm də promosyon xarakteri daşıdığından burada tətbiq olunan qiymətlər daha çevik və təşviqedici olmalıdır”.
Sərgi qiymətləri rəqabətə davamlı, sərgi mühitinə uyğun olmalıdır
S.Quliyev bildirdi ki, sərgi qiymətləri bir tərəfdən rəqabətə davamlı olmalı, digər tərəfdən isə alıcıya sərgi mühitinə uyğun olaraq əlavə üstünlüklər təqdim etməlidir: “Məsələn, əgər kənd təsərrüfatı sərgisində bir yerli bal istehsalçısı bazarda 500 qram balı 10 manata satırsa, sərgidə eyni məhsulu 10 manat civarında təqdim etməklə yanaşı, müştəriyə balın kiçik bir nümunəsini hədiyyə verə və ya məhsulun necə zəhmət və əziyyətlə ərsəyə gəldiyi barədə təqdimat göstərə bilər. Bu halda, qiymət bazarla eyni olsa belə, alıcı təqdim olunan əlavə dəyərləri nəzərə alaraq özünü daha çox razı və xüsusi hiss edəcək”.
Normal bazarla sərgi qiymətləri arasında nə qədər fərq ola bilər?
S.Quliyev deyir ki, normal bazar ilə sərgi qiymətləri arasında fərq, sərginin məqsədindən və iştirak edən tərəflərin niyyətindən asılı olaraq dəyişə bilər: “Sərginin əsas məqsədi məhsulun geniş auditoriyaya tanıdılması və yeni müştərilərin cəlb edilməsidirsə, bu zaman qiymət fərqi daha bariz şəkildə hiss olunmalıdır. Tipik olaraq bu fərq 10-20% arasında dəyişə bilər. Məsələn, bir dekorativ əl işləri istehsalçısı bazarda əl işi olan taxta suvenirini 30 manata satırsa, sərgidə eyni məhsulu ya endirimlə 25 manata sata, ya da 30 manat saxlayıb, üzərinə pulsuz ad yazılması xidmətini təklif etməklə təqdim edə bilər. Bu həm fərdi yanaşma, həm də əlavə xidmət hissi yaradır”.
Fərq hiss olunmasa, sərgi “yerdəyişmiş satış nöqtəsi” kimi görünəcək
S.Quliyev deyir ki, belə fərqlər alıcı üçün sərgini daha cəlbedici edir və onu satış nöqtəsi kimi deyil, təcrübə məkanı kimi dəyərləndirməyə sövq edir: “Əgər bu fərq hiss olunmazsa və bazar qiymətləri ilə eyni strategiya tətbiq olunarsa, sərgi sadəcə “yerdəyişmiş satış nöqtəsi” kimi görünə bilər və bu da iştirakçılarda və ziyarətçilərdə məyusluq yarada bilər. Uzunmüddətli perspektivdə isə bu cür təcrübələr sərgilərə olan ictimai marağın azalmasına səbəb ola bilər”.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay