
Kiçik bizneslər üçün rəqabət üstünlüyü - 7 fərqləndirici güc - SƏHƏR OXUSU
Kiçik bizneslər bazarda bir çox çətinliklərlə qarşılaşır, lakin etməli olduqları ən vacib və bəlkə də ən çətin şey, onları sektordakı rəqiblərindən fərqləndirə biləcək xüsusiyyətləri və ideal müştəri kütləsinin diqqətini necə cəlb edə biləcəklərini tapmaqdır.
Rəqiblərinizin sahib olmadığı sizə məxsus bacarıq və üstünlüklərdən düzgün şəkildə istifadə edərək bazarda fərqlənmək, potensial müştərilərin gerçək müştərilərə çevrilməsi üçün əsas şərtdir.
Kimsə sizdən, “Sizi rəqiblərinizdən fərqləndirən nədir?” deyə soruşanda bu sualı rahatlıqla cavablandıra bilir və müştərilərin əsas problem və ya ehtiyaclarını ən yaxşı sizin həll edə bildiyinizi izah edə bilirsinizmi?
Verdiyiniz cavab qarşı tərəfi, müştərilərin ehtiyaclarını gerçəkdən anladığınıza inandıra bilir? Müştərilərin məhz sizi seçməsinə səbəb olan “o xüsusi şeyi” aydın şəkildə ifadə edə bilirsiniz?
İşinizi doğrudan da rəqiblərinizdən fərqləndirə bildiyiniz zaman, bazardakı müştərilər sizi asanlıqla və sürətlə tanıyacaq və digərlərindən ayırd edə biləcəklər.
Valyuta.az xəbər verir ki, fərqlilik yaratmağın və ya bənzərsiz dəyər təklifi təqdim etməyin sirri isə müştərilərinizin real ehtiyaclarını və problemlərini dərindən başa düşmək və bunları hər kəsdən daha yaxşı şəkildə qarşılamaq və həll etmək bacarığıdır.
Özünüzə bu sualları verin
Aşağıda oxuyacağınız mövzular barədə düşünmək və bacarıqlı olduğunuz işlərin siyahısını çıxarmaq üçün bir az vaxt ayırmalısınız. Siyahını hazırlayarkən heç bir məqamı əhəmiyyətsiz saymayın. Çünki sizə çox sadə görünən bir bacarıq sizi digərlərindən tamamilə fərqli bir yerə daşıya bilər.
Müştəriləriniz məhsul və ya xidmətlərinizin hansı xüsusiyyətlərinə ən çox dəyər verirlər?
Uzun müddətdir sizinlə çalışan müştərilər niyə hələ də sizdən məhsul və ya xidmət almağa davam edirlər?
İndiyə qədər müştərilərinizin işinizlə bağlı sizə dediyi ən xoş söz nə olub?
Xidmət sektorunda fərqlənməyin yolları
Xidmət sahəsindəki ən böyük çətinlik, hədəf müştəri kütləniz üçün görünən və ən yaxşı bacardığınız işi aydın şəkildə ifadə edə bilməkdir. Məsləhətçilər, mühasiblər, maliyyə planlaşdırıcıları, mentorlar, dizaynerlər, veb proqramçılar və digər xidmət əsaslı sahələr adətən bir-birinə çox bənzəyirlər. Hamısı demək olar ki, eyni qiymətə oxşar xidmətlər təqdim edirlər.
Bu səbəbdən siz də ən yaxşı bacarığınızı kəşf edin və ondan maksimum yararlanın. Bundan başqa, rəqiblərinizdən sizi fərqləndirəcək bənzərsiz dəyər yaratmaq yollarını araşdırın.
Sizi fərqləndirəcək məsləhətlər
Aşağıdakı tövsiyələr yalnız sizə məxsus olan və sizi rəqiblərinizdən fərqləndirəcək güclü tərəflərinizi kəşf etməkdə sizə kömək edəcək:
Hədəf bazarınızı daraldın
Xüsusi bir sahəyə fokuslanaraq müştərilərinizin ehtiyaclarına uyğun xidmətlər təklif edə və daha güclü əlaqələr qura bilərsiniz.
Ən çox önə çıxan xidmətlərinizə fokuslanın
Müştərilərinizə başdan sona qədər özlərini dəyərli hiss etdirin.
Problemi həll etməyə çalışın
Müştərilərinizin ortaq problemlərini tapın və onları mümkün qədər səmərəli və sürətli şəkildə həll edin.
Yenilikçi olun
Xidmətlərin çatdırılma və əlaqə qurma üsullarını daim inkişaf etdirin.
Gözardı edilə bilməyəcək dəyər təklifləri yaradın
Məsələn, əlavə xidmət, pul geri zəmanəti və ya bonus təkliflər təqdim edin.
Sahənizdə mütəxəssis kimi tanının
Bloq yazıları, videolar, təlimlər vasitəsilə biliklərinizi bölüşün.
İşbirliyi üçün asan biri olun
Əlaqə qurmaq, müqavilə bağlamaq və xidmət alma proseslərini sadələşdirin.
Dəyərlərə əsaslanan bir iş modeli qurun
Nə etdiyinizi və niyə etdiyinizi müştərilərinizə dürüst şəkildə izah edin.
Qiymət rəqabəti ilə fərqlənmək niyə ideal deyil?
Diqqət yetirsəniz, siyahıda rəqiblər qarşısında fərqlənmək vasitəsi olaraq qiymət yer almır. Bəzən qiymət fərqlilik yaratmaq üçün istifadə edilsə də, xidmət əsaslı işlərdə bu ideal üsul deyil. Kim ən ucuz xidmət göstərmək istəyər ki? Ucuzluq bəzən keyfiyyətsizlik, təcrübəsizlik və qeyri-sabitlik kimi mənfi təsir yarada bilər.
Nəticə - sizi digərlərindən fərqləndirən səbəb
Güclü tərəflərinizi kəşf etmək üçün özünüzə vaxt ayırın və bu fərqli cəhətləri müştərilərinizin də görə bilməsi üçün mütləq marketinq strategiyanıza daxil edin. Unutmayın, fərqinizi kəşf etdikdən sonra onu hər platformada və hər fürsətdə vurğulamaq sizi uğura daha da yaxınlaşdıracaq.
Günay
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay