
ABŞ ölkədən çıxan hər kəsin fotosunu çəkəcək: Bəs səbəb nədir?
ABŞ quru yolu ilə ölkəni tərk edən bütün sərnişinlərin üzünü fotoşəkil ilə qeydə alacaq və bu görüntülər onların səfər sənədləri ilə müqayisə ediləcək.
Valyuta.az xəbər verir ki, üz tanıma texnologiyasının təhlükəsizlik baxımından hansı dərəcədə dönüş yaradacağı isə maraq doğurur.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi (CBP), ölkəni quru yolu ilə tərk edən hər bir yolçunun üz şəklinin çəkiləcəyini açıqlayıb. CBP sözçüsü Cessika Törner "Wired" nəşrinə verdiyi müsahibədə bildirib ki, bu fotoşəkillər pasport, viza və digər səfər sənədləri ilə uyğunlaşdırılacaq və üz tanıma texnologiyası vasitəsilə təhlil ediləcək. Lakin bu yeni tətbiqin tam olaraq nə vaxt qüvvəyə minəcəyi hələ ki açıqlanmayıb.
Bu addım, artıq ölkəyə girişdə istifadə edilən biometrik sistemin davamı kimi qiymətləndirilir. CBP uzun illərdir ölkəyə daxil olan yolçuların fotolarını çəkir və onları rəsmi sənədlərdəki şəkillərlə müqayisə edir. Törnerin sözlərinə görə, qurum indi quru sərhəd-keçid məntəqələrinin çıxış zolaqları üçün də oxşar biometrik sistem üzərində işləyir.
Biometrik nəzarət sisteminin təkamülü
CBP artıq on ildən çoxdur ki, ABŞ-dan çıxan sərnişinlərin biometrik məlumatlarının toplanması üçün müxtəlif üsulları inkişaf etdirir. 2016-cı ildə Delta Air Lines ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində, Atlanta şəhərindəki "Hartsfield-Jackson" Beynəlxalq Hava Limanından Tokioya uçan sərnişinlərin fotoşəkillərinin çəkilməsinə başlanılıb. Bu tətbiq zamanla 57 böyük hava limanını əhatə edəcək şəkildə genişlənib. Bu gün Los-Anceles, Dallas-Fort Worth və Nyu-Yorkdakı JFK Beynəlxalq Hava Limanı kimi əsas hava limanlarında CBP-nin biometrik üz tanıma texnologiyası aktiv şəkildə istifadə olunur.
CBP rəsmiləri üz tanıma texnologiyasının istifadəsini faydalı hesab edir. Bu səbəbdən, hava nəqliyyatında tətbiq olunan texnologiyanı quru sərhədlərinə də keçirmək istəyirlər. CBP-nin sahə əməliyyatları üzrə ofisindən Con Vaqner qurumun yaydığı açıqlamada qeyd edib ki, üz tanıma son dərəcə intuitiv bir prosesdir və sərnişinlər adətən kameralar qarşısında necə dayanacaqlarını yaxşı bilirlər. Onun sözlərinə görə, göz bəbəyi skanı və ya barmaq izi kimi digər biometrik üsullar daha mürəkkəbdir və bu üsullarda səhv ehtimalı daha yüksəkdir. Buna baxmayaraq, CBP bu daha mürəkkəb biometrik texnologiyalardan da istifadəni davam etdirir.
Təhlükəsizliyin gücləndirilməsi istiqamətində yeni addım
Bu inkişaf ABŞ-da sərhəd təhlükəsizliyinin gücləndirilməsi səylərinin və biometrik texnologiyalardan səmərəli istifadəni artırmaq istiqamətində atılan mühüm addım kimi dəyərləndirilir. Biometrik nəzarət sistemləri, xüsusilə qeyri-qanuni miqrasiyanın və saxta sənədlərlə keçidlərin qarşısının alınmasında mühüm rol oynayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay