
Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub
Brüsseldə keçirilən toplantıda müttəfiq ölkələr Kiyevə əlavə 21 milyard avro (18,2 milyard funt sterlinq) dəyərində hərbi dəstək paketi elan ediblər və Rusiya prezidenti Vladimir Putin ABŞ-nin rəhbərlik etdiyi atəşkəs danışıqlarını ləngitməkdə ittiham olunub.
Valyuta.Az-ın "The Guardian"a istinadla verdiyi xəbərə əsasən, Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, Putin bir ay əvvəl Donald Tramp tərəfindən irəli sürülmüş 30 günlük atəşkəs təklifini rədd edib: “Putin sülh istədiyini dedi, lakin tam atəşkəsi qəbul etmədi. Onun qüvvələri hələ də Ukraynaya, hərbi və mülki hədəflərə atəş açır.”
Dünən keçirilən Ramşteyn görüşü Böyük Britaniya və Almaniya tərəfindən təşkil olunub, 40-dan çox ölkənin nümayəndəsi iştirak edib. ABŞ tədbirə qatılmayıb. Trampın müdafiə naziri Pit Hegset videobağlantı ilə tədbirə qoşulub.
Almaniyanın müdafiə naziri Boris Pistorius Tramp administrasiyasının iştirak etməməsini əhəmiyyətsiz sayıb və bildirib ki, yaxın gələcəkdə sülh “əlçatmaz görünür”. O, Ukraynanın “daha geniş bir münaqişənin episentri” olduğunu vurğulayıb.
“Bu, azadlıqla zülm, beynəlxalq qaydalara əsaslanan dünya düzəni ilə aqressiv imperializm, demokratiya ilə avtoritarizm arasında qarşıdurmadır,” – deyə Pistorius əlavə edib və Ukraynaya hərbi dəstəyin davam edəcəyini bildirib.
Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff dünən Sankt-Peterburqda Putinin investisiya məsələləri üzrə köməkçisi Kirill Dmitriyev ilə danışıqlar aparıb. Bu, Dmitriyevin ötən həftə Vaşinqtona səfərindən sonra baş tutub. Vitkoffun Putinlə də görüşəcəyi planlaşdırılır. Kremlin sözçüsü isə bildirib ki, danışıqlardan “əhəmiyyətli nəticələr” gözlənilmir.
Tramp isə öz növbəsində “Truth Social” platformasında Putinə xəbərdarlıq edib: “Rusiya hərəkətə keçməlidir. Həftədə minlərlə insan ölür – bu dəhşətli və mənasız müharibədə. Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi!”
ABŞ nümayəndəsi general Kit Kelloq isə “The Times” qəzetinə müsahibəsində demilitarizasiya zonasının yaradılmasını və Ukraynanın qərbində Böyük Britaniya və Fransa qüvvələrinin “təminat qüvvəsi” kimi yerləşdirilməsini təklif edib. “Bu, İkinci Dünya Müharibəsindən sonra Berlinin vəziyyətinə bənzəyəcək,” – deyə o bildirib.
Estoniyanın müdafiə naziri Hanno Pevkur isə bildirib: “Bu səbəbdən biz silah çatdırılmalarını maksimum sürətlə həyata keçirməliyik.”
Video bağlantı ilə Brüssel toplantısına qatılan Zelenski müttəfiqlərdən yeni “Patriot” hava hücumundan müdafiə sistemləri istəyib. Bu həftə “Kryvıy Rih” şəhərində Rusiya ballistik raketi uşaq meydançasına düşüb, nəticədə 9 uşaq və 11 böyük həlak olub.
“Bizim prioritetimiz hava hücumundan müdafiədir. Partnyorlarımızın anbarlarında istifadəsiz qalmış ‘Patriot’ sistemləri həyatları qorumalıdır,” – deyə Zelenski bildirib və əlavə edib ki, daha 10 sistemə təcili ehtiyac var.
Ramşteyn görüşündən sonra keçirilən mətbuat konfransında Pistorius Almaniyanın artıq dörd “Patriot” sistemi verdiyini və daha çox sistemin axtarışda olduğunu bildirib: “Nə tapsaq, alacağıq.”
Con Hili bildirib ki, Böyük Britaniya və Norveç radar sistemləri, tank əleyhinə minalar və “yüz minlərlə dron” göndərəcək. Bu, bu il “Dauninq-strit”in vəd etdiyi 4,5 milyard funtluq yardımın üzərinə əlavə olaraq 560 milyon dollarlıq yeni paketi əhatə edir. Paketdə döyüşdə zədələnmiş hərbi texnikanın təmiri də nəzərdə tutulub.
Toplantıda neçə ölkənin “iradəli koalisiya” çərçivəsində Ukraynaya qoşun göndərməyə hazır olduğu dəqiqləşməyib. Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas BBC-yə bildirib ki, “müxtəlif üzv ölkələrin müxtəlif mövqeləri var” və danışıqlar davam edir.
Böyük Britaniya, Fransa və Baltikyanı ölkələr sülh razılaşması əldə olunacağı halda əsgərlərini Ukraynaya göndərməyə hazır olduqlarını bildiriblər. AFP-nin məlumatına görə, altı ölkə artıq razılıq verib.
Con Hili qeyd edib ki, təminat qüvvəsi ilə bağlı planlar “real, əhatəli və xeyli irəliləmişdir”. Bu plan 1.000 km-lik cəbhə xəttindən uzaqda xarici qüvvələrin yerləşdirilməsini və Ukrayna quru qüvvələrinə dəstək verilməsini nəzərdə tutur.
Rusiya isə bu ideyanı qətiyyətlə rədd edir. İsveçin müdafiə naziri Pal Yonson bildirib ki, Stokholm qərar verməzdən əvvəl “bu missiyanın xarakteri” ilə bağlı aydınlığa ehtiyac var: “Sülhməramlı, qoruyucu, yoxsa təminat məqsədlimi olacaq – bunu bilməliyik.”
Böyük Britaniya isə ABŞ-nin hərbi “dayaq qüvvəsi”nin – yəni tam hava dəstəyinin – istənilən missiya üçün vacib olduğunu vurğulayıb. Tramp administrasiyası isə bu ehtimalı istisna edib və bildirib ki, Ukraynanın gələcək təhlükəsizliyi artıq Avropanın məsuliyyətidir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay