
Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi
NASA-nın "Perseverance" roveri Qırmızı planetdə nadir və heyrətamiz bir hadisəni qeydə alıb: böyük bir "toz şeytanı" (mini-tornado) kiçik olanı udaraq "yoxa çıxarıb". Hadisə roverin "Jezero" kraterinin qərb kənarı boyunca hərəkət etdiyi zaman baş verib.
Valyuta.az xəbər verir ki, "Eearth" nəşrinin yazdığına görə, roverin naviqasiya kamerası bu təbiət hadisəsini təxminən 1 kilometr məsafədən çəkilmiş ardıcıl şəkillərlə sənədləşdirərək qısa bir video hazırlayıb. Kadrlarda bir neçə "toz şeytanı"nın bir-biri ilə qarşılaşdığı anlar əks olunub.
"Toz şeytanları"ndan biri təxminən 65 metr enində olub və 5 metr enində olan daha kiçiyini udub. Arxa planda isə daha iki toz burulğanı marian səhrasında fırlanaraq hərəkət edir.
Mütəxəssislər bildirirlər ki, bu burulğanlar sadəcə vizual olaraq təsir edici deyil, həm də Mars atmosferinin necə fəaliyyət göstərdiyini anlamaq üçün mühüm əhəmiyyət daşıyır. "Konvektiv burulğanlar - yəni "toz şeytanları" - Marsın səthi boyunca hərəkət edərək toz qaldırır və görünüş məsafəsini azaldır. Əgər iki burulğan qarşılaşarsa, ya biri digərini yox edir, ya da birləşərək güclü olan zəif olanı udur", deyə "Perseverance" missiyasının alimi Mark Lemmon bildirib.
Qeyd edilir ki, toz burulğanları hər nə qədər qeyri-müəyyən və dəyişkən olsa da, xüsusilə "Jezero" krateri ətrafında Marsda tez-tez rast gəlinən təbiət hadisələridir. Bu burulğanlar Mars hava şəraitinin formalaşmasına və planet boyunca tozun paylanmasına təsir göstərir.
Bu hadisə, isti havanın səthdən qalxaraq üst qatdakı soyuq hava ilə qarşılaşması nəticəsində yaranır. Havanın üfüqi hərəkəti fırlanmağa başlayır və bu fırlanma şaquli istiqamətə keçdikdə güclənir. Fırlanan havaya toz qarışır və nəticədə toz şeytanı formalaşır.
"Toz burulğanları Mars hava şəraitində vacib rol oynayır", deyə "Perseverance" layihəsinin elmi əməkdaşı Keti Stek Morqan vurğulayıb.
2021-ci ildə Marsa eniş edən rover indiyədək bir neçə toz burulğanını qeydə alıb. Xüsusilə 2021-ci ilin 27 sentyabrında baş verən hadisədə, "Jezero" kraterinin dibində toz şeytanlarının "rəqs etdiyi" və roverin "SuperCam" mikrafonu tərəfindən onların qorxunc səsi qeydə alındığı qeyd olunur.
Alimlər bu burulğanların nə zaman və harada yaranacağını öncədən təxmin edə bilmirlər. Buna görə də "Perseverance" tez-tez üfüqi müşahidə edir və belə nadir anları lentə almağa çalışır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay