
Süni intellekt üçün daha bir nəhəng addım: "Turing" testini də keçməyi bacardı
1950-ci ildə Alan Tyurinq tərəfindən irəli sürülən və bir maşının intellektual səviyyəsini qiymətləndirmək üçün istifadə olunan məşhur "Turing" testi süni intellekt sahəsindəki araşdırmaların əsas istiqamətlərindən biri olaraq qalır. Son məlumatlara görə, "ChatGPT" texnologiyasının əsasını təşkil edən GPT modeli və "Meta" şirkətinin "LLaMa" modeli bu çətin testi uğurla keçib.
Valyuta.az xəbər vberir ki, "ChatGPT" kimi inkişaf etmiş süni intellekt əsaslı söhbət robotları, istifadəçi ilə qarşılıqlı əlaqəni təkmilləşdirmək məqsədilə insan danışığının incəliklərini və axıcılığını mümkün qədər dəqiq təqlid etməyə yönəlmiş mürəkkəb alqoritmlərlə hazırlanır. Bu sayədə istifadəçilər real insanla ünsiyyətdə olduqlarını düşünəcək qədər təbii və mənalı dialoqlar qura bilirlər.
Lakin süni intellekt texnologiyaları sürətlə inkişaf etdikcə, bu mürəkkəb kompüter modellərini real insanlardan ayırmaq getdikcə çətinləşir. Xüsusilə son dövrdə baş verən yeniliklər, süni intellektin insanabənzər düşüncə və ünsiyyət bacarıqları baxımından mühüm bir mərhələni keçdiyini göstərir.
Kaliforniyada yerləşən San Dieqo Universitetində (UCSD) çalışan alimlər süni intellekt sahəsində yeni bir dövrün başlandığını bəyan ediblər. Tədqiqatçılar bu günün ən qabaqcıl iki söhbət robotunun süni intellektin intellektual səviyyəsinin klassik göstəricisi olan məşhur "Turing" testini uğurla keçdiyini açıqlayıblar.
Bu tarixi nailiyyəti əldə edən süni intellekt modelləri "OpenAI" tərəfindən yaradılmış GPT (yəni ChatGPT-nin əsas texnologiyası) və "Meta" şirkətinin "WhatsApp" və "Facebook" platformalarında tətbiq etdiyi "LLaMa" modelidir.
Turing testi nədir?
II Dünya müharibəsi zamanı nasist şifrələrinin deşifrə edilməsindəki mühüm rolu ilə tanınan ingilis riyaziyyatçısı və kompüter elmləri üzrə öncül alim Alan Tyurinq tərəfindən 1950-ci ildə təklif edilmiş "Turing" testi və ya digər adı ilə “təqlid oyunu”, bu gün də süni intellektin səviyyəsini müəyyənləşdirmək üçün istifadə edilən standart ölçü metodudur. Testin əsas prinsipi belədir: əgər süni intellekt bir insan tərəfindən ayırd edilə bilməyəcək qədər təbii, mənalı və kontekstə uyğun cavablar verə bilirsə, bu zaman "Turing" testindən keçmiş sayılır.
UCSD-də çalışan alimlər bu inkişafı belə dəyərləndiriblər: "Əldə etdiyimiz nəticələr, istənilən süni sistemin standart üçtərəfli Turing testini uğurla keçdiyinə dair ilk eksperimental sübutu təqdim edir".
Bu açıqlama süni intellekt tarixində yeni bir səhifənin açıldığını və maşınların insanabənzər düşünmə bacarıqları sahəsində hansı səviyyəyə çatdığını açıq şəkildə göstərir.
Kiborq dövrünə daha da yaxınlaşırıq?
UCSD tədqiqatçıları bu nəticəyə gəlmək üçün dörd fərqli süni intellekt modelini diqqətlə qiymətləndiriblər. Bu modellərə 2024-cü ilin fevralında təqdim edilən GPT-4.5, onun əvvəlki versiyası olan GPT-4o, "Meta" şirkətinin flaqman dil modeli "LLaMa" və süni intellekt tarixinin erkən dövrünə aid, 1960-cı illərdə yaradılmış ELIZA adlı söhbət proqramı daxildir.
Aparılan təhlillərin nəticəsinə görə, bu dörd modeldən GPT-4.5 və "LLaMa" "Turing" testinin çətin meyarlarını uğurla qarşılamağı bacarıb. Bu, süni intellektin inkişafı tarixində ilk dəfə baş verir və bir çox mütəxəssis bu hadisəni süni intellekt dövrünün rəsmi başlanğıcı kimi qiymətləndirir.
Gələcəkdə digər inkişaf etmiş süni intellekt xidmətlərinin də oxşar testləri uğurla keçməsi labüd görünür. Bu isə o deməkdir ki, yaxın gələcəkdə evlərimizdə, gündəlik həyatımızda və iş mühitində insanlarla təbii və axıcı şəkildə danışa bilən, insanlara bənzər reaksiya göstərən və mənalı cavablar verə bilən süni intellekt sistemləri həyatımızın ayrılmaz hissəsinə çevriləcək.
Növbəti mərhələdə isə insanabənzər hərəkət qabiliyyətinə malik robotların bu inkişaf etmiş süni intellekt texnologiyaları ilə təchiz olunması nəticəsində “kiborq” adlandırılan kibernetik-orqanik varlıqlar konsepsiyası gerçəkliyə çevrilə bilər. Bu ehtimallar, süni intellekt və robot texnologiyalarının gələcəkdə insan həyatını necə dəyişdirə biləcəyi ilə bağlı həm həyəcanverici, həm də düşündürücü sualları gündəmə gətirir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay