
"Amazon" yeni səs modeli "Nova Sonic"i təqdim etdi - Bu özəlliyinə görə lider oldu
"Amazon" şirkəti yeni süni intellekt səs modeli "Nova Sonic"i təqdim edib.
Valyuta.az xəbər verir ki, model səsi lokal şəkildə emal edə bilir və təbii səslənən danışıq formaları yaradır. "Nova Sonic" performans sürəti, danışığın tanınması və nitq keyfiyyəti üzrə "OpenAI" və "Google"un qabaqcıl modelləri ilə rəqabət apara bilir.
Məlumata görə, yeni model "Amazon Bedrock" platforması üzərindən, iki tərəfli axın interfeysi vasitəsilə istifadəyə verilib və hazırda bazardakı ən sərfəli süni intellekt səs modeli hesab olunur. Şirkətin açıqlamasına görə, "Nova Sonic"in istifadəsi "GPT-4o" ilə müqayisədə təxminən 80% daha ucuzdur. Model artıq yenilənmiş "Alexa+" rəqəmsal köməkçisində tətbiq olunur və istifadəçi sorğularını uyğun API-lərə yönəltmək qabiliyyəti ilə seçilir.
"Nova Sonic" iki tərəfli danışıq zamanı istifadəçi pauzalarını nəzərə alaraq uyğun anda danışmaq üçün gözləyə bilir. Bundan əlavə, istifadəçi nitqini yazılı mətndə transkripsiya edərək, proqramçılara müxtəlif tətbiqlərdə istifadə imkanı yaradır.
Texniki göstəricilərə əsasən qeyd olunur ki, model "Multilingual LibriSpeech" testində orta hesabla 4,2% söz xətası ilə yüksək nəticə göstərib. "Nova Sonic" "GPT-4o-transcribe" modeli ilə müqayisədə 46,7% daha dəqiqdir və 1,09 saniyəlik gecikmə ilə cavab verir ki, bu da sənaye üzrə lider göstərici hesab olunur.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay