Bu il 25 rayonda tut ipəkqurdunun II yemlənməsi həyata keçiriləcək
Qax Damazlıq İpəkçilik Stansiyasında respublikada tut ipəkqurdunun təkrar yemlənməsi mövzusunda açıq tarla seminarı keçirilib.
Valyuta.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirliyin Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının rəhbərliyi və əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəripək” MMC-nin, Barama İstehsalçıları Şurasının nümayəndələri iştirak ediblər.
Seminarda məqsəd tut ipəkqurdunun payız yemlənməsinin təşkil olunması, təkrar yemləmə aparacaq kümçülərin ətraflı təlimatlandırılması, kümxanaların düzgün hazırlanması haqqında maarifləndirmə işləri aparmaq olub.
İ.Cümşüdov bildirib ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir.
Ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələrindən biri də tut ipəkqurdlarının təkrar yemlənməsi prosesinin təşkil olunmasıdır. Bu məqsədlə cari ildə 25 rayonda tut ipəkqurdunun təkrar yemlənməsi həyata keçiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan 700 qutu ipəkqurdu toxumunun inkubasiyaya qoyulduqdan sonra avqust ayının II ongünülüyündən etibarən əvəzsiz olaraq kümçülərə paylanılması nəzərdə tutulur.
“Məhsuldarlığın yüksək olması üçün kümçülərin az sayda tut ipəkqurdu toxumunu götürməsi tövsiyə edilir. Müşahidələr onu göstərir ki, bəzi kümçülər yemləmə prosesini düzgün təşkil etmir, tut (çəkil) ağaclarının zoğlarını kəsirlər. Qarşıdakı illərdə yem ehtiyatında çətinliyin olmaması üçün kümçülər zoğları kəsmək yolu ilə deyil, tut (çəkil) yarpaqlarını yığmaqla yemləmə aparmalıdırlar”, - deyə İ.Cümşüdov vurğulayıb.
Seminarda yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalarına uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay