BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
38541

Uşaq yaşlarından riyaziyyatı sevir, məktəb vaxtı digər fənnləri də yaxşı oxusa da, ən çox riyaziyyatla məşğul olur. Riyaziyyatla bağlı olimpiadalara qatılır, yer qazanır. Elə bu riyaziyyat sevgisi onda problem həll etmə bacarığı formalaşdırır. “Bu gün də problem həll etmə bacarığımı riyaziyyata borcluyam” - deyir.

Valyuta.az-ın müsahibi düyanın 4 böyük audit şirkətindən biri olan “PwC”nin İngiltərə (Böyük Britaniya) ofisində data elmləri və süni intellekt üzrə baş mütəxəssis vəzifəsində çalışan azərbaycanlı xanım Çinarə Əliyevadır.

- Çinarə xanım, “Həmişə riyaziyyatı çox sevmişəm” demisiniz. Riyaziyyat sevgisi necə yaranmışdı?

- Müəllim ailəsində böyümüşəm. Anam ibtidai sinif, babam coğrafiya müəllimidir. Xalamın həyat yoldaşı güclü riyaziyyatçıdır. Atam mühəndis olsa da, riyaziyyatı çox sevir. Uşaq vaxtımdan görürdüm ki, ailə toplaşanda riyazi oyunlar oynayırdı. İstər-istəməz mühit o idi, mən də uşaqlıqdan riyaziyyatı çox sevdim. Məktəb vaxtı riyaziyyatla bağlı olimpiadalara qatılırdım, yer tuturdum. Bu gün də problem həll etmə bacarığımı riyaziyyata borcluyam. Universitetə qəbulda da əsas məqsədim riyaziyyatdan 25 sualı düz cavablamaq idi, ona da nail oldum.

 

680 bal toplayır

 

- Riyaziyyat müəllimi olmaq istəyirdiniz?

- Uşaq vaxtımdan həkim olmaq istəyirdim, amma sonradan riyaziyyata keçdim. Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə təhsil almaq istəyirdim. Universitetlərə qəbul imtahanında 680 bal yığdım, riyaziyyatdan da 25 düz yazdım. Sonra özümə sual verdim ki, mən riyaziyyat müəllimi olmaq istəyirəm, yoxsa riyazi biliklərimi tətbiq edəcəyim sahədəmi çalışmaq? Həmin ərəfədə Qafqaz Universitetində (İndiki Bakı Mühəndislik Universiteti) İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını gördüm və bu mənə cəlbedici gəldi. Yığdığım balla orada dövlət hesabına oxuya və Prezident təqaüdü ala bilirdim. Üstəlik ordakı ixtisas mənə daha uyğun idi. Beləliklə, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasını seçdim.

- 700 baldan sizi 20 bal ayırıb.

- Bəli, mexaniki səhv nəticəsində 700 deyil, 680 yığmışdım.

- 680 ballıq nəticə necə toplandı?

- Riyaziyyat mənim üçün ilk yerdə olsa da, digər fənləri də yaxşı oxuyurdum. 129 saylı orta məktəbdə riyaziyyat təmayüllü sinifdə oxumuşam. Riyaziyyat, kimya, fizika üzrə xalamın yoldaşı məni hazırlayırdı. O elə gözəl izah edirdi ki, dərsi başa düşməmək mümkün deyildi. Yəqin ki müəllim ailəsində böyümək də dərslərə yanaşmama, oxumağıma təsir edib. Bir də Prezident təqaüdünü qazanmağı çox istəyirdim. O vaxt hər qrup üzrə cəmi 25 nəfər bu təqaüdü ala bilirdi. Mən 2010-cu ildə universitetə qəbul olmuşdum, o dövrdə 165 manat tələbə üçün böyük pul idi. Düzdür, ailəm mənə pul verirdi, amma o həm də tələbənin müstəqil qazancı kimi idi. Ümumiləşdirsək, mən oxumağı həmişə sevmişəm, onun nəticəsində 680 bal yığılmışdı.

 

“İxtisas seçimini də düz etmişdim, universitet seçimini də”

 

- İxtisas seçdiniz və universitet təhsilinə başladınız.

- Mən Nizami rayonunda qalırdım, ordan Xırdalanda Qafqaz Universitetinə getmək üçün 2 saat getməyə, 2 saat da dönməyə vaxtım gedirdi. Bu məni çox yorurdu. İlk ili bir az peşmanlıq yaşadım ki, niyə Qafqazı seçib özümü belə əziyyətə salmışam, universitet dövrünü maraqlı keçirə bilmirəm, vaxtım yollarda gedir və s. Ailəm Bakıda yaşadığı üçün əlavə xərc edib kirayədə də qalmaq istəmədim. Ancaq Qafqaz Universiteti mənə çox yaxşı dəyərlər verdi və bu günə gəlməyimdə yaxşı başlanğıc oldu.

- Təhsil cəhətdən düzgün seçim etmişdiniz.

- İxtisas seçimini də düz etmişdim, universitet seçimini də. Universitetdəki müəllimlərim də yaxşı idi, çox şey öyrənirdim. Tələbə yoldaşlarım da çox yaxşı idi. Bizim qrupda 2 nəfər 700 balla qəbul olmuşdu. Əhatə, müəllimlər və universitet məni düzgün formalaşdırdı.

İT sahəsi çox genişdir, burda hansı sahənin sənə uyğun olduğunu müəyyənləşdirməyi də bizə öyrətdilər. Başa düşdüm ki, data elmləri mənə daha maraqlıdır. İndi də o sahədəyəm.

- O vaxt texnoloji sahədə daha çox oğlanlar olurdu. Qrupunuzda qızlar var idi?

- Mən ingilis sektorunda təhsil alırdım. Bizim qrupda 3 qız, 14 oğlan idi. İngilisdilli kompüter mühəndisliyi ixtisasında isə 50 nəfərlik qrupda 4-5 qız olardı. İndi yəqin ki elə deyil, o vaxt belə idi. Ancaq gender ayrıseçkiliyi hiss etməmişəm, normal təhsil almışam.

 

“1 il İngiltərədə oxudum, sonra Azərbaycana döndüm”

 

- Elə tələbə vaxtından iş həyatına başladınız?

- Bəli, tələbə vaxtından yay aylarında təcrübə üçün işləməyə başladım. 2 il “SOCAR”ın, bir il “Unibank”ın yay təcrübə proqramına qoşuldum. Təbii ki İT departamentlərində işləyirdim. Sonuncu kursun noyabrından növbəti ilin sentyabrına qədər “Deloitte Azərbaycan”da yarım ştat işləməyə başladım. Sonra isə xaricdə təhsil dövlət proqramı ilə İngiltərəyə magistr təhsili almağa gəldim.

- Universitet dövründə də xaricdə təhsil üçün imkanlar olur, onlardan istifadə etmədiniz?

- Yüksək balla universitetə qəbul olanda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (İndiki Dövlət İmtahan Mərkəzi) zəng etmişdilər ki, xaricdə təhsil düşünürsünüzmü? Bakalavr dönəmində də xaricdə təhsil üçün çox şanslarım oldu. “Erasmus”, Qafqaz Universitetinin paralel xaricdə təhsil proqramları olmuşdu, amma heç birində ailəm icazə verməmişdi. Sonuncu dəfə ailəmdən xəbərsiz müraciət etdim və qəbul oldum. Təqaüdü aldıqdan sonra ailəmlə danışdım və bu dəfə məni dəstləklədilər. İngiltərəyə gəldim, 1 il oxudum, sonra Azərbaycana döndüm.

- Qayıtdıqdan sonra iş həyatınız necə davam etdi?

- “Socar”ın 3 dəfə təqaüdçüsü olmuşdum, avtomatik orda işə başlaya bilirdim. Bir müddət sonra “Unibank”ın, sonra isə “PAŞA Bank”ın İT departamentlərində işlədim. 4 ilə yaxın “PAŞA Bank”da çalışdım. 2021-ci ilin noyabrında ordan ayrıldım və İngiltərəyə köçdüm.

- Elə noyabrda da İngiltərədə işə başlamısınız. İş tapıb getdiniz?

- “PAŞA Bank”da mühit çox yaxşı idi, çox şey öyrəndim, amma mən İngiltərədəki qrup yoldaşlarımla danışanda, görürdüm ki, texniki olaraq bir az geri qalıram. Ona görə özümü inkişaf etdirmək istəyirdim. İngiltərədə bir-iki vakansiya gördüm. Dedim niyə də yox? Mənim yanaşmam belədir ki, bir şans varsa, yoxlamaq lazımdır. Əgər kimsə bunu edə bilibsə, mən də yoxlamalıyam. Edə bilərəmsə, nə yaxşı, bilmərəmsə də, təcrübə olacaq. Səhvlərimi analiz edərəm ki, niyə edə bilmədim? Elə oldu ki, “PwC”də işə qəbul oldum və qızımla birlikdə İngiltərəyə köçdüm. 2 ildir ki burdayam.

 

“Düşünürəm ki, qızımla ikimiz öhdəsindən gəlməyi bacarırıq”

 

- Azəbaycanda olduğunuz müddətdə iş tapıb getmisinizsə, bütün müsahibələr onlayn olub.

- Gəlmək üçün viza təminatım olmalı idi. Bunu üçün də məni işə götürən viza ilə təmin etməli idi. Şirkətlər bunu hansı halda edirlər? Əgər İngiltərədə uyğun işçi tapa bilmirsə, dünya bazarına çıxır və elanı fərqli ölkələrdəki şəxslər üçün paylaşır. Mən də elə müraciət etmişdim. Bütün müsahibələr onlayn oldu, daha sonra işə qəbul təklifi verdilər, 3 ay viza üçün gözlədim. Bu proses ölkələrə görə dəyişə bilir.

- Orada təhsil aldığınız və iş imkanı olduğu üçün İngiltərəni seçdiniz?

- İngiltərə həm təhsil almaq, həm də yaşamaq üçün 5-ci sinifdən xəyalımdakı ölkə idi. Təhsil aldığım müddətdə burda yaşamışdım. Bu dəfə isə düşündüm ki, bildiyim şəhərə getsəm, daha yaxşı olar. Çünki tək deyildim, qızımla gəlirdim. Hələki fikrim burda qalmaqdır. Gələcəkdə dəyişə bilərəm. Demirəm ki, İngiltərədə hər şey idealdır. Hər ölkənin müsbət və mənfi tərəfləri var. Burda təhsil səviyyəsi hər yerdə yaxşı deyil. Bəzi yerlərdə yaxşıdır, bəzi yerlərdə yox. Səhiyyə yaxşı deyil. Hələ ki burdayam. Mən elm arxasınca qaçıram, harda yaxşı imkanlar olarsa, dəyişə bilərəm.

- Kiçik yaşlı qızınızla getmək çətin olmadı?

- Gəldiyimizdə qızım 2 yaş yarım idi, amma mən qızımla iş həyatımı paralel aparmağa öyrəşmişdim. Çünki qızım dünyaya gələndə pandemiya başladı, 4 ay analıq məzuniyyətindən sonra işlədim. Ona görə uşağa baxmağı və paraleldə işləməyi öyrəndim. Onun yatdığı vaxtlarda daha məhsuldar olurdum, əsas işlərimi o vaxt görürdüm. Qızımdan ayrı qalmaq məni daha uğursuz hala gətirərdi. Ata uşaq münasibəti ilə ana uşaq münasibəti fərqlidir. Ana ilə uşaq 6-7 yaşa qədər bir olur. Yaşı böyük olsaydı, hər işimi qaydaya salana qədər Azərbaycanda qoyub gələ bilərdim. Yaşı az olduğu üçün düşündüm ki, nə o mənsiz qala bilər, nə də mən onsuz. Bir az çətin oldu, amma öhdəsindən gəldik.

- Azərbaycanda uşaq kiçik olanda istər-istəməz valideynlər də yardım edir, amma orada bu kömək də olmur.

- Düzdür, Bakıda işlədiyimdə ailəm də köməklik edirdi, bir çətinliyi odur ki, anam, qardaşım burda deyil (Gülür). Amma düşünürəm ki, ikimiz öhdəsindən gəlməyi bacarırıq. Uşağı bağçaya qoyuram, işdən sonra mənimlədir. Mən uşağı çətinlik, yük olaraq görmürəm. Sən uşağı çətinlik olaraq görürsənsə, o sənə yük olaraq geri dönəcək. Mən uşağı bir yoldaş, dost kimi görürəm. Qızım dünyaya gələndən sonra daha yaxşı insan olduğumu düşünürəm. Qadınlarda bir neçə işi eyni anda görmək bacarığı var, ona görə həll edirəm. Uşaqdan sonra daha da güclü olmuşam. Mənə güc verir.

 

“Dünyadakı texnoloji yeniliklərə bir addım daha yaxınam”

 

- Audit şirkətlərində iş çox olur. Düzdür, siz İT departamentindəsiniz, maraqlıdır, orda da iş çox olur?

- Mən texniki işçiyəm, rəqəmsal auditdəyəm. Mən auditorların işlərinin avtomatlaşdırılmasını aparan komandadayam. Süni intellekt, data elmləri sahəsində də çalışıram. İşim auditlərinki kimi deyil. Eyni zamanda mən düzgün planlaşdırma edib iş saatı çərçivəsində bütün işlərimi həll etməyə çalışıram. İş-həyat balansı mənim üçün önəmlidir. Qızım var, ona da vaxt ayırmalıyam. 9-5 arası işləyirəm, o saatda məhsuldar olmağa çalışıram.

- İngiltərəyə getmə səbəbinizin yeniliklərdən geri qalmamaq olduğunu dediniz.

- Bəli, burada dünyadakı texnoloji yeniliklərə bir addım daha yaxınam. Dünyadakı texnoloji yenilikləri çalışdığım şirkət daha tez tətbiq etməyə çalışır və bu da bizim işimizi daha maraqlı edir.

- Azərbaycanda da fərqli şirkətlərdə işləmisiniz, bu gün dünyanın ən böyük şirkətlərindən birində data elmləri üzrə çalışırsınız. Sizcə, xanımlar niyə bu sahədə azdır?

- Şirkətlər gender cəhətdən diqqətli olmağa çalışırlar, amma yenə də kişilər bu sahədə daha çoxdur. Şirkətimizdə “Qadınlar Süni İntellektdə” komandasında da üzvəm, orada daha çox məlumat verməyə çalışırıq ki, xanımlar da bu sahəyə daha çox yönəlsinlər. Elə bir iş yoxdur ki, deyək ki, bunu ancaq kişi edə bilər, bunu qadın. Fiziki güc olaraq hər kəs bədəninin gücü çatdığı qədər iş görə bilər. Zehni işdə isə fərq yoxdur. Hətta qadınlarda bir neçə istiqamətə fokuslanmaq bacarığı olduğu üçün bu onlara üstünlük qatır. Sadəcə məlumatlılıq lazımdır ki, xanımlar da bu sahədən çəkinməsinlər.

 

“Hiperaktiv insanam, bir yerdə dayanmıram”

 

- Təhsilinizi davam etdirmək fikriniz var?

- Əslində PHD oxumaq istəyirəm, amma təqaüd lazımdır. Karyeramda bir az irəliləyim, 3-4 il sonra oxumaq istəyərəm.

- Özünüzü necə xarakterizə edərsiniz? Karyeranızdakı bu nəticəni nəyə borclusunuz?

- Tənbəl deyiləm (gülür), hiperaktiv insanam, bir yerdə dayanmıram. Bir şeyi ağlıma qoydumsa, onu əldə etmək üçün çox çalışıram. Təbii ki mümkünsüz şeyləri nəzərdə tutmuram. Əgər işdə nə isə bilmədiyim bir şey olursa, bəlkə gecə yatmaram, onu həll etmək üçün çalışıb taparam. Düzdür, bəzən bundan yoruluram, amma mən də beləyəm. Problem həll etmə bacarığım üstündür, o tərəfimi sevirəm. İşimlə bağlı çətinliklərdən çıxıb nəyəsə nail olmağı çox sevirəm. Həmişə öyrənmək istəyim olub. Öyrənməyi çox sevirəm. İndi də kurslar götürüb yeni nələrsə öyrənməyə çalışıram. Çünki nə qədər uğurlu olsan da, yeni nələrsə öyrənmirsənsə, bu uğur bir yerdə dayanacaq.

- Yəni rəqabətli dünyaya uyğunlaşmaq lazımdır?

- Olduğum mühitdəki insanlarla bilik səviyyəmin ayaqlaşmasını istəyirəm. Hansısa tədbirlər olduqca iştirak etməyə çalışıram. Məsələn, bu yaxınlarda “Google”da oldum. O tədbirə gedirəmsə, “Google” mühəndisləri ilə danışacaq səviyyədə olmalıyam. İndi “Google” sertifikatları alıram. Bunu tək “Google” işçiləri ilə ünsiyyətdə olmaq üçün etmirəm, çünki hiss edirəm ki, bunlar lazımdır və onları öyrənmək həvəsim yaranır və öyrənirəm.

Aygün Asimqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSU yarım milyona başa gələcək hansı tədbirləri keçirəcək?

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin