"İntel”də işləyən azərbaycanlı: "İnsan kimi öyrənə bilən alqoritmlər yaratmağa çalışıram" (MÜSAHİBƏ)
Nə isə əldə etmək üçün əməyin rolunu önəmli hesab edir. Deyir ki, hətta şans da oturub gözləməklə gəlmir, ona da əmək sərf etməlisən. “Şans gələ biləcək yerlərdə olmaq, onları araşdırmaq lazımdır” deyən müsahibimiz Almaniyada doktorantura təhsili alan və ABŞ-ın məşhur “İntel” şirkətinin laboratoriyasında neyromühəndislik və süni intellekt sahəsində çalışan azərbaycanlı Elvin Hacızadədir.
E.Hacızadə Valyuta.az-ın suallarını cavablandırıb.
Qeyd edək ki, E.Hacızadə 10-cu sinfə qədər 70 nömrəli məktəbdə, 10-cu sinifdən sonra isə Zərifə Əliyeva adına liseydə oxuyub. Bakalavr təhsilini Türkiyənin Bilkent Universitetində, magistr təhsilini isə Almaniyanın Münhen Texniki Universitetində alıb. Hazırda Münhen Texniki Universitetində doktorantura təhsilini davam etdirir.
- Elvin bəy, orta məktəb illərindən danışaq. Ən çox sevdiyiniz, yaxşı oxuduğunuz fənlər hansılar idi?
- Ümumiyyətlə, yaxşı oxuyan şagirdlərdən olmuşam. Orta məktəbin ilk illərindən isə marağım daha çox dəqiq fənlərə olub. Fizika, riyaziyyat, kimya fənlərini sevirdim. Ali məktəbə hazırlıq zamanı da bu fənlər olan birinci qrupu seçmişdim.
- Birinci qrup dediniz, ancaq bakalavr təhsilinizi Türkiyədə almısınız...
- Əslində, 10-cu sinifdə oxuyanda dəqiq qərarım xaricdə təhsil almaq idi. Ona görə SAT (Scholastic Aptitude Test, yəni akademik qabiliyyət imtahanı - red.) imtahanına hazırlaşırdım. Sadəcə zəmanət məqsədi ilə Azərbaycanda da qəbul imtahanında iştirak etmək fikrim var idi. Birdən Türkiyə universitetlərinə qəbulda nə isə alınmasa, bilim ki Azərbaycanda da yaxşı bir universitetdə oxuyacam. Azərbaycandakı imtahanlara onsuz da hazır idim. Liseydə tədris yaxşı idi, davamlı imtahanlar olduğu üçün çox ekstra hazırlaşmağıma ehtiyac da olmadı. Digər abituriyentlər həftədə 2-3 dəfə müəllim yanına gedirdilərsə, mən Azərbaycan və ingilis dilindən həftədə 1 dəfə gedirdim. Onun yerinə daha çox SAT-yə vaxt ayırırdım.
“700 balı toplamışdım”
- İmtahan nəticəsi necə oldu?
- Azərbaycandakı qəbul imtahanında 695 bal topladım. SAT-də isə riyaziyyatdan maksimum nəticəni göstərmişdim. İngiliscə oxuyub anlama hissəsində isə nəticəm orta idi. Türkiyə universitetlərinin mühəndislik fakültələri daha çox riyaziyyat nəticəsinə baxırdı. Riyaziyyat nəticəm maksimum idi deyə, Türkiyədə müraciət etdiyim bütün universitetlərə qəbul olmuşdum.
- Azərbaycanda maksimum nəticə göstərmisiniz. Nə əcəb ölkədəki universitetləri seçmədiniz?
- 695 bal mənə əlçatmaz kimi də gəlmədi. Çünki ondan öncə sınaq imtahanında 700 bal toplamışdım. O dövrdə müəyyən bir bal fərqinin o qədər də önəmli olmadığını başa düşdüm. Artıq əvvəlcədən də xaricdə oxumağa qərar verdiyim üçün o qərara da sadiq qaldım.
- İmtahanda əmin idiniz ki, o qədər bal toplamısınız?
- İmtahanda sualları cavablandırıb bitirdim. Sona əmin olmadığım 3-4 sual qalmışdı. Cavabı bilirdim, amma bir az şübhə yeri də var idi. Yazdım, amma düşündüm ki, böyük ehtimal bunlardan biri səhv çıxacaq. Elə oldu ki, onlar hamısı doğru çıxdı. Vərəqi köçürmə edəndə ingilis dilindən sadə bir sualı səhv köçürmüşdüm. Səhv köçürdüyümü elə imtahanda bildim, amma çox da fikir vermədim. Dedim yəqin ki başqa səhvlərim də olacaq, bu da onlardan biri olsun. Ancaq başqa səhvim yox imiş (Gülür).
- Yüksək bal yığmaq nəyin nəticəsi idi? Lisey təhsili demək olar?
- Mən dərslərimi birinci sinifdən yaxşı oxumuşam. Birinci oxuduğum məktəbdə də həmişə bununla seçilirdim. Akademik Zərifə Əliyeva adına Liseyə qəbulda da ən yüksək balı yığmışdım. Düşünürəm ki, liseydə oxumayıb müəllim yanına getməklə də yüksək nəticə göstərmək olardı. Təbii ki liseydə dərslər daha yaxşı idi. Lakin liseyin mənə verdiyi əsas şeylər daha fərqlidir. Birincisi, ümumi ortam, mühit öyrədici idi. Müəllimlər, tələbələr və s. İkincisi, məni xaricdə oxumaq fikri ilə tanış etmişdi. Yəni, bir şəkildə 695 ballıq nəticə göstərmək olardı. Həm də müəyyən baldan sonra nəticə bilik göstəricisi olmaqdan çıxır.
“Əsas məsələ universitetdə başlayır”
- Qəbul imtahanında yığdığımız bal hansı həddə qədər bilik göstəricisi sayılır?
- Əgər riyaziyyat və fizikadan daha çox istifadə edəcəyim sahəyə gedirəmsə, məsələn, mühəndisliyə - orada təbii ki, 650-dən yüksək bal toplamaq daha önəmlidir. Bu, sənin bütün mövzuları daha yaxşı başa düşdüyünü göstərir. Amma 5-10 balın çox da önəmi yoxdur. Məsələn, memarlıq oxuyacamsa, 650 kimi yüksək bal o qədər də vacib deyil. Yəni 500 bal toplayan biri ilə 700 nəticə göstərən birinin biliyi və ya zəkası arasında kəskin fərq olduğu nəticəsinə gəlməzdim. Əsas məsələ universitetdə başlayır. Azərbaycanda bir az başqa cürdür. Abituriyentlər 9-11-ci siniflərdə daha çox oxuyurlar, yaxşı ballarla universitetlərə qəbul olurlar, amma universitetdə eyni templə davam etmirlər. Mən universitetdə də yaxşı və intensiv oxumağa davam etdim. Ona görə deyirəm ki, 400, 500, 600 bal fərqi yoxdur. Universitetdə davamını necə gətirmək önəmlidir.
- Türkiyədə aldığınız təhsil karyeranız üçün başlanğıc ola bildimi?
- Həyatımda verdiyim ən böyük və doğru qərarlardan biri Bilkent Universitetini seçmək oldu. Türkiyənin yaxşı universitetlərinin mühəndislik fakültələrində oxumaq çətindir. Mən oxuduğum Elektrik və elektronika mühəndisliyi fakültəsi bir az daha da çətin idi. Çox intensiv öyrədici təhsil mühiti idi. İstər-istəməz çox şey öyrənirsən. Çox ağıllı, savadlı tələbə yoldaşlarımız var idi. Çünki Türkiyədə o fakültəyə qəbul şərtləri ağırdır. Türkiyə böyük ölkədir, onların içərisindən ən yaxşılarını seçib gətirirlər. Almaniyaya gəldikdən sonra Türkiyədə aldığım təhsilin nə qədər yaxşı olduğunu bir daha başa düşdüm. O təhsillə Almaniyada rahat davam edə bildim.
- 3-cü kursun sonunda 3 ay Parisdə bir startapda işləmisiniz. Bakalavr təhsili boyunca Türkiyədə işləmədiniz?
- Rəqəmsal dövrə dizaynı dərsi mənə çox maraqlı gəlirdi. Süni intellekt işinə yavaş-yavaş maraq yaranmağa başladı. O dövrdə beyni daha çox optik-lazer şəklində təsəvvür etdiyim üçün nədənsə bir şəkildə fiber optik lazerlərə yönəlməyə başladım. 2-ci kursun yayında fiber optik lazerlər istifadə edərək müxtəlif material səthlərinin emalı və optik sensorlarla məşğul olan bir lazer şirkətində təcrübə keçdim. Orda bu tip sistemlər üçün sensor-dövrə dizaynı ilə məşğul oldum. Sonra təhsil aldığım universitetdə bir laboratoriyada işlədim. Orda da oxşar şəkildə optik sistemlər üçün dövrə dizayn edirdim. Sonra gördüm ki, mənim marağım tam da lazerlər yönündə deyil. Beyin, süni intellekt kimi istiqamət istəyirəm. Lazerlə əlaqəli təcrübəm var idi, amma süni intellektlə bağlı iş istəyirdim. Parisdəki startap bu ikisini birləşdirirdi. Ona görə ora müraciət etdim və getdim.
“Doğru əlaqə qurmaq çox önəmlidir”
- Magistratura üçün niyə Almaniyanı seçdiniz?
- Bakalavr, yaxud magistr fərq etmir, universitet seçimində iki vacib faktor var: Hansı ölkədə oxumaq və nə oxumaq. Bəzi insanlar üçün hansı ölkədə oxumaq daha önəmli kriteriya olur. Bilkentdə mənimlə oxuyan bir xeyli tələbə var idi ki, Amerikaya getmək istəyirdilər. Onlar ora getdilər. Mən isə Avropada oxumaq istəyirdim, ancaq ölkə seçimim yox idi. Marağım olan sahədə yaxşı təhsil verən müəssisə axtarırdım. Mənim oxumaq istədiyim sahə spesifik idi. Neyroelm əsaslı süni intellekt deyə bilərik: neyroelmdən beyin haqqında öyrəndiklərimizi süni intellekt sahəsinə tətbiq etmək və daha çox insan beyni kimi çalışan süni intellekt dizayn etmək. Ona hər universitetdə də rast gəlmək olmurdu. Mən Avropanın hər yerinə baxırdım. Toplam 4-5 universitetdə müraciət edə biləcəyim proqram tapdım. Çoxundan qəbul aldım. Qəbul olduğum bəzi yerlərdən təqaüd ala bilmədim. Almaniyada qəbul olduğum ixtisas ürəyimcə, təhsil də pulsuz idi. Ona görə Almaniyaya gəldim.
- Almaniyada magistr təhsili aldınız, indi də doktoranturaya davam edirsiniz. Bəs iş mühitinə düşməyiniz necə oldu?
- 6-7 ay universitetin özündə sevdiyim sahədə işlədim. Ona maaş da verirlər. Sonra da “İntel”ə gəldim.
- "İntel”ə gedişiniz necə oldu?
- Dünyanın harasında olursan ol, doğru əlaqə qurmaq çox önəmlidir. Universitetdə işlədiyim layihə “İntel”lə bağlı idi. Bu, o deməkdir ki, “İntel”in işi ilə bağlı da təcrübə qazanmış oldum. Sonra tanıdığım bir araşdırmaçı “İntel”ə işə keçirdi. O da yeni qrup yaradırdı. Onunla söhbət edərək, öz təcrübəmdən danışaraq ondan iş qoparmış kimi oldum (gülür). Düzdür, bu, spesifik nümunədir. Ümumi nümunə belədir ki, CV göndərirlər, müsahibələr və s. Mənə üstünlük qazandıran o sahədə təcrübəm olması və qurduğum əlaqə idi. Doğru vaxtda düzgün insanlarla əlaqə quraraq da istədiyin yerə gedib çatmaq mümkün olur. Təbii ki bunlar faktorlardır, amma biliksiz, təcrübəsiz və işin özünə maraq olmadan uğurlarımın heç biri mümkün olmazdı.
“Almaniyada elmi mühitdə imkanlar çox yaxşıdır”
- “İntel”in laboratoriyasındakı işiniz nədən ibarətdir?
- Burada kvant fizikası, kompüter, süni intellekt və s. müxtəlif istiqamətdə araşdırmalar edilir. Bu şöbə bazara hər hansı məhsul çıxarıb satmır. Araşdırmaların bəziləri məhsula çevrilsə, gələcəkdə satılacaq. Mən də bu araşdırma qruplarından birində işləyirəm. Bu araşdırma eyni zamanda doktorantura işimdir.
- “İntel”in laboratoriyasında işləməyənləri hansı kriteriya əsasında seçirlər?
- Birincisi, yaxşı təhsilin olmalıdır. Yaxşı təhsil deyəndə, qiymətlərinizin yüksək olmasını nəzərdə tutmuram. Qiymətlərin spesifik olaraq hamısının yüksək olmasına ehtiyac yoxdur. Mən magistr tələbələrini bir neçə dəfə öz yanıma götürmüşəm. İlk olaraq CV-lərinə baxıb seçim etmişəm. Əsas kriteriya onların qiymətləri olmayıb. Təbii ki qiymətlərə də baxırıq. Tamamilə pis olanda, əvvəldən nəzərə almaya bilərlər. Orta və orta üstüdürsə, o mərhələni keçə bilirsən. Bəzi yerlərdə ilk seçimdə yüksək qiymətlər önəmli ola bilər.
Daha sonra adamın bu sahəyə və araşdırmaya marağının nə dərəcədə olmasına baxılır. Çünki bu, elmdir. Sırf görüntü və ad üçün də gəlmək istəyənlər olur. Bunu da onların müraciət məktublarından və sonrakı müsahibələrdən anlamağa çalışırıq. Bir də bu istiqamətdə müəyyən təcrübəsi olmalıdır. O mənada ki, götürdüyü dərslər və etmək istədiyi şeylər bir-birinə nə dərəcədə uyğundur? Bu uyğunluq yoxdursa, “İntel” kimi şirkətdə işləmək bir az çətindir. Tələbə hansı sahəyə yönəlmək istəyirsə, ona uyğun dərslər götürməlidir.
- Yəni elm istədiyi bəlli olmalıdır.
- Bəli. Sırf diplom olsun deyə doktorantura oxumağın önəmi yoxdur. Elmi yöndə getmək daim evdə bir uşağın varmış kimi onu düşünmək, narahat olmaq, onun üçün nələrsə etmək deməkdir. Elm arxasınca gedənlər üçün deyim ki, Almaniyada elmi mühitdə imkanlar çox yaxşıdır. Mən Avropada bir çox ölkələri araşdırmışdım. Onlarda magistratura və bəzən hətta doktorantura oxuya-oxuya işləyib özünü dolandırmaq çətindir.
“Eyni insanın həyatda bir neçə uğurlu yolu ola bilər”
- Elmi mühitdə etmək istədikləriniz nələrdir?
- Süni intellektin hazırda mövcud imkanları var. Bu imkanların istifadəsiylə əlaqədar çoxlu işlər də var. Amma araşdırmalarla süni intellektin imkanlarını daha da genişləndirmək üçün elm sahələri və araşdırmaçılar da var. Mənim marağım insan beyni kimi işləyən süni intellektlər yaratmaqdır. İndi istifadə edilən süni intellektlərin çoxu belədir ki, bir dəfə nələrsə öyrədirsən, sonra onun üzərinə yeni bir şeylər öyrətmək mümkün deyil. Ya da gərək sıfırdan başlayıb bir şeylər öyrədəsiniz. İnsan kimi davamlı öyrənə biləcək süni intellekt hazırda yoxdur. Mənim “İntel”də işlədiyim qrup da bu sahə üzrə araşdırma aparır. İnsan kimi davamlı öyrənə biləcək alqoritmlər yaratmağa çalışıram. Təbii ki bu bir nəfərin edə biləcəyi bir şey deyil. Mən onun spesifik bir tərəfini edirəm.
- Yəni bu alınacaq?
- Araşdırma yönü olan şirkətlərin fokusu nəticədə satışa çıxarılacaq məhsul əldə etmək olsa da, araşdırmanın riskli tərəfi odur ki, illərlə araşdırıb axırda pozitiv nəticəyə gəlməyə də bilərsən. Yəni bunun mümkün olmadığı qənaətinə gələrsən. Bu araşdırmanın təbiətində olan bir şeydir. Ona görə çox vaxt araşdırmalar universitetlərdə olur. Çünki universitetləri dövlətlər, yaxud bəzi proqramlar maliyyələşdirir. Onların satmaq dərdi olmadığı üçün illər boyunca bir araşdırmaya fokuslana bilirlər. Böyük şirkətlərdə də araşdırma yönü var. Bunun yaxşı tərəfi odur ki, araşdırmaların ortaya çıxaracağı məhsulun satılıb istifadə oluna bilmə imkanı da var. Eyni zamanda şirkətdə üzərində həm də o təzyiq var ki, nə vaxtsa sənin üzərində işlədiyin iş biznesə çevrilməlidir.
- Ümumiləşdirmə etsək, nailiyyətlərinizi nəyin nəticəsi hesab edirsiniz?
- Hansısa nailiyyətin sadə bir cavabı olmur. Kompleks əməyin, biliyin, bacarığın və sairlərin nəticəsidir. Hansını çıxarsaq, olmazdı? Bu suala cavab vermək çətindir. Adi şans deyirlər, o şansı da yaratmaq lazımdır. Yəni şans oturub gözləməklə gəlmir. Bir az da şans gələ biləcək yerlərdə olmaq, onları araşdırmaq lazımdır.
Bir də insanın nə istədiyini bilməsi önəmlidir. Bunu məktəb yaşlarından artıq uşaqlara aşılamaq lazımdır. Məktəbi bitirəndə, həmin şəxs bilməlidir ki, yüksək bal toplayıb deyə, sırf yüksək bal tələb edən ixtisasları seçməməlidir. İstəyini, marağını və biliklərini birləşdirən yönü seçməlidir.
Bir də sən yola çıxanda, davamı öz-özünə açılır, əsas odur ki, nələrsə etmək istə, yola çıx. Həmişə fikirləşirəm ki, başqa universitetdə oxumuş, magistraturanı başqa ölkədə almış olsaydım da, bir şəkildə oxşar yollardan biri ilə gedəcəkdim. Bir yol yoxdur. Başqa yollar da var. Eyni insanın həyatda bir neçə uğurlu yolu ola bilər.
Aygün Asimqızı // VALYUTA.AZ
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay