Almaniyanın ABŞ-yə xarici ticarət profisiti rekord səviyyəyə çatıb
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəni qəbul etməsinə az qalmış, Trampın tənqid etdiyi Almaniyanın ABŞ ilə ticarətində ixrac profisiti rekord səviyyəyə çatıb.
Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin ("Destatis") məlumatlarına əsasən, ABŞ 2024-cü ilin yanvar-noyabr dövründə 65,4 milyard avro ilə Almaniyanın ən çox xarici ticarət profisiti verdiyi ölkə olmağa davam edib.
2024-cü ilin yanvar-noyabr aylarında Almaniyadan ABŞ-a illik 2,3% artışla 149,89 milyard avro dəyərində mal ixrac edilib. Bu göstərici dəyər baxımından Almaniyanın ümumi ixracının 10,4%-nə bərabər olub və son 20 ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.
ABŞ ardıcıl olaraq 10 ildir Almaniyanın ixracatında ən əhəmiyyətli alıcı kimi diqqət çəkir.
2023-cü ildə ABŞ 63,3 milyard avro ilə Almaniyanın ən çox ticarət profisiti verdiyi ölkə olub. Xüsusilə dərman sənayesi kimi bəzi sahələr üçün ABŞ bazarı əhəmiyyətli rol oynayıb və Almaniyanın dərman ixracının 23,2%-i ötən il ABŞ-a həyata keçirilib.
2023-cü ilə nisbətən 12,3% azalma müşahidə olundu
2023-cü ildə ixrac edilən maşınların 13%-i, motorlu nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin isə 12,6%-i ABŞ-yə göndərilib.
Almaniya 2024-cü ildə ABŞ-dan 84,5 milyard avro dəyərində mal idxal edib ki, bu da ölkənin ümumi idxalatının 6,94%-nə bərabər olub. 2023-cü ilə nisbətən isə 12,3% azalma qeydə alınıb.
2024-cü ilin yanvar-noyabr dövründə Almaniyanın ən çox xarici ticarət profisiti verdiyi ölkə yenə də 65,4 milyard avro ilə ABŞ olub. Almaniya 2017-ci ildən bəri ABŞ-la ticarətində digər bütün ölkələrdən daha çox profisit əldə edir.
Bu arada, ABŞ iqtisadiyyatının artması və Vaşinqtonun müasir sənaye istehsalını ölkəyə qaytarmaq üçün apardığı fəaliyyətlərdən Almaniyanın maşınqayırma sənayesi mühüm tədarükçü olaraq faydalanır.
Alman iqtisadiyyatında Tramp təsiri
Ötən il Almaniyanın ABŞ-dən idxalatı neft və mayeləşdirilmiş təbii qaz (LNG) qiymətlərinin azalması ilə gözə çarpacaq dərəcədə aşağı düşüb. Bununla yanaşı, ABŞ-də fəaliyyət göstərən çox sayda alman şirkətinin ikitərəfli ticarətə təsir göstərməsi diqqət çəkir.
Eyni zamanda, bu ay yenidən ABŞ Prezidenti olaraq and içməsi gözlənilən Donald Tramp, Almaniyanın ticarət profisiti əldə etməsini Amerikan iqtisadiyyatına zərər vurduğunu iddia edərək tənqid edib. Tramp, Alman avtomobillərinə əlavə gömrük vergisi tətbiq edəcəyi ilə hədələyib.
Tramp seçkiləri qazandıqdan sonra xarici ticarət kəsirini azaltmaq və yerli istehsalı dəstəkləmək üçün gömrük vergilərini əhəmiyyətli dərəcədə artıracağını açıqlayıb. O, Avropa İttifaqından edilən bütün idxalata 10% və ya 20% gömrük vergisi tətbiq etmək niyyətindədir.
Analitiklər Trampın Avropa İttifaqı idxalatına gömrük vergilərini artıraraq daha çox proteksionist siyasət yürütməsinin Almaniyanın ixracata dayalı iqtisadiyyatı üçün mənfi təsir göstərəcəyini bildirirlər.
Trampın Alman sənayesi üçün mühüm bir satış bazarı rolunu davam etdirməsinə imkan verməyəcəyini vurğulayan analitiklər, ABŞ-nin Almaniyanın LNG kimi Amerika mallarını daha çox idxal etməsini tələb edəcəyini proqnozlaşdırırlar.
Avropa İttifaqı Komissiyası və Beynəlxalq Valyuta Fondu ("BVF") isə Almaniyanın ABŞ qarşısında yüksək ticarət profisitinin iqtisadi tarazlığa zərər verdiyini və qlobal iqtisadiyyat üçün təhlükə yarada biləcəyini düşünürlər.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay