"Stellanis" və CATL 4,3 milyard dollarlıq akkumulyator fabriki tikir
Avtomobil nəhəngi "Stellantis" və Çin istehsalçısı CATL İspaniyada elektrikli avtomobil akkumulyatorları istehsal etmək üçün 4,3 milyard dollarlıq fabrik tikəcəklərini bildiriblər.
Valyuta.az xəbər verir ki, şirkətlər 2026-cı ilin sonuna kimi Saraqosadakı müəssisədə istehsala başlamağı planlaşdırırlar.
AFP-nin məlumatına görə, şirkətlər öz bəyanatlarında bildiriblər ki, Avropada elektrik enerjisi bazarının inkişafı, İspaniya və Avropa İttifaqının səlahiyyətli orqanlarının davamlı dəstəyindən asılı olaraq, tutum 50 GVt saata qədər artırıla bilər.
İki şirkət 2023-cü ildə Avropada elektromobil istehsalında istifadə olunacaq akkumulyator hissələrinin istehsalı ilə bağlı müqavilə imzalayıb.
CATL-nin baş direktoru Robin Zenq 4,1 milyard avroluq müqavilənin elan edilməsindən əvvəl İspaniyanın baş naziri Pedro Sançes ilə görüşüb.
Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, İspaniya Avropanın avtomobil istehsalında artan rol oynayır, 2023-cü ildə 1,87 milyon avtomobil istehsal edərək, Almaniyadan sonra qitənin ikinci ən böyük istehsalçıya çevrilib.
Qeyd edək ki, bundan əvvəl "Stellantis" yarandığı gündən şirkətə rəhbərlik edən baş direktor Karlos Tavaresin istefa verdiyini açıqlayıb. Onun varisinin axtarışı 2025-ci ilin birinci yarısında başa çatmalıdır. Bu müddət ərzində konserni Con Elkanın başçılıq etdiyi müvəqqəti icra komitəsi idarə edəcək.
Bu il əhəmiyyətli problemlərlə üzləşən "Stellantis" oktyabr ayında böyük bir liderlik dəyişikliyi elan edib. Daha sonra şirkətin maliyyə direktoru Natali Nayt istefa verib, Avropa və Şimali Amerikadakı bölmələrin rəhbərləri, həmçinin "Maserati" və "Alfa Romeo" şirkətlərinin direktoru dəyişdirilib.
Portuqaliyalı Karlos Tavares karyerasının çox hissəsini "Renault" və "Nissan"da keçirib, növbə ilə hər iki alyans şirkətində rəhbər vəzifələrdə çalışıb. 2014-cü ilin yanvarında o, "PSA Peugeot Citroen"in baş direktoru olub və Fransa konserninin "Fiat Chrysler" ilə birləşməsinə təşəbbüs edib. Bu əməliyyat 2021-ci ildə bağlanıb və "Stellantis" konserni yaranıb.
"Stellantis" satışları bu il 2023-cü illə müqayisədə xeyli pisdir. Üçüncü rübün sonunda konsernin gəliri illik müqayisədə 27% azalıb. Bundan əvvəl istehsalçı 2024-cü il üçün proqnozunu pisləşdirərək bunu çətin bazar şəraiti və Şimali Amerikada istehsalın məcburi azalması ilə əlaqələndirdi. "Stellantis" səhmləri ilin əvvəlindən bəri 41% ucuzlaşıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay