Bakıda harada və neçəyə piknik edə bilərsiniz? - QİYMƏTLƏR/SİYAHI
İlin istənilən vaxtında insanlar istirahət etmək, yaxınları ilə vaxt keçirmək üçün bir sıra məkanlara üz tutur. Ölkəmizin iqlimi və təbiəti mövsüm boyu səyahətlər üçün əlverişlidir. Amma qəbul etməliyik ki, Bakıda hər kəsin şəhərdən kənarda tətil etməyə maddi gücü çatmır.
Elə bu səbəbdən Lent.az saytı paytaxt ərazisində hər kəsin istirahət edə biləcəyi və büdcələrinə uyğun bir neçə məkanlar barədə qısa bir araşdırma aparıb. Əgər siz şəhərdən çox uzaqlaşmadan dincəlmək istəyirsinizsə, bu məqaləni oxumağınızda fayda var.
Həmin məkanları təqdim edirik:
Zirə Eko Park
Bakı-Pirallahı yolu üzərində yerləşən Zirə Mədəniyyət Mərkəzi, başqa adla desək, Zirə Eko Parkı həm uşaqların, həm də böyüklərin zövqünü oxşayacaq yaşıllığa sahibdir. Burada piknik üçün ləvazimatları (stol, stul və s.) kirayə götürə bilərsiniz.
Mərdəkan Dendrarisi
Əvvəlcə bildirim ki, Dendrari adı yunan dilində işlənən “dendra” sözündən götürülüb, mənası “nadir ağaclar məskəni” deməkdir. Bir əsr yaşı olan park sovet rejimi qurulmazdan öncə, 1890-1920-ci illərdə neft milyonçusu Murtuza Muxtarovun bağ evi olub. M.Muxtarov parkın ərazisini aldığı vaxt bura qayalıqlardan ibarət idi. O, parkın tonlarla torpağını Lənkərandan gətirtdi. Parkın florası olduqca zəngindir. Burada piknik etmək üçün gözəl təbiət, sərin və təmiz hava, şərait və ən əsası icazə var. Dendrariyə Koroğlu m/s-dan taksilər və avtobuslar hərəkət edir. Giriş bir nəfər üçün 2 AZN-dir.
Nəbatat Bağı
Şəhər daxilində oksigen axtaranlar yolunu Nəbatat bağından sala bilərlər. Bağda müxtəlif növ, yerli və xarici bitkilər əkilib. İstirahət etmək, dostlarla vaxt keçirmək üçün gözəl mühit yaradılıb. Elmlər Akademiyası m/st-dan 53, Gənclikdən isə 3 nömrəli avtobusla gedə bilərsiniz. Bağa giriş 1 nəfər üçün 1 AZN-dir.
Dədə Qorqud Parkı
Uzağa getməyə heç ehtiyac yoxdur, şəhərin mərkəzində 2013-cü ildə salınmış Dədə Qorqud Parkı da piknik etməyiniz üçün münasibdir. Park ərazisində hündür ağacların kölgəsində rahatlıqla dincələ bilərsiniz. Bununla yanaşı, yaşıl otların üzərində oturub, piknik etməyinizə də şərait yaradılıb. Həm də, parkın ərazisində sahəsi üç hektar olan süni göl və şəlalə yaradılıb. Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər. Bunun üçün iki körpü var. Bundan başqa, süni şəlalənin aşağı hissəsində, habelə xüsusi su bitkiləri üçün nəzərdə tutulan kiçik körfəzin üzərində gəzinti üçün körpü salınıb.
Qış Parkı
Bakının Füzuli və Mirzağa Əliyev küçələri arasında inşa edilən yeraltı avtomobil dayanacağı, yerüstü park, bağ, fəvvarələr kompleksi 2013-cü ildə istifadəyə verilib. Çox adamın "Qış parkı” kimi tanıdığı bu kompleksdə həm də boş vaxtınızı səmərəli keçirməyiniz üçün restoran və kafelər fəaliyyət göstərir.
Balıqlı Göl
Həftəsonlarını Balıqlı Göldə istirahət etməklə dəyərləndirə bilərsiniz. Bu məkan Binədən Qalaya gedən yolda yerləşdir.
Balıqlı Göl İstirahət Mərkəzində təbiətsevərlərə piknik yerləri, uşaqlar üçün oyun parkları, idmansevərlərə isə futbol və basketbol meydançaları ayrılıb. Bundan başqa, şəhərin səs-küyündən uzaq sakit dincəlmək istəyənlər üçün balıq ovları və müasir kofeşoplar fəaliyyət göstərir. Bu sevilən məkanda balıq ovu üçün xüsusi estakadalar yaradılıb ki, bu da qonaqların daha rahat əylənməsinə şərait yaradır. Kofeşopda xüsusi reseptlə təbii süddən hazırlanmış istirahət mərkəzi tərəfindən özəl olaraq hazırlanan dondurmaların, isti içkilərin, hotdoqların və şirniyyatların satışı da həyata keçirilir.
Qeyd edək ki "Balıqlı Göl Safari" trekinin qiyməti 1 dəqiqə üçün 1,50 AZN təşkil edir, sərnişinlə olduqda isə bu məbləğ 2 AZN olaraq dəyişir. Trekin ümumi zolağını bitirmək üçün ortalama 15 dəqiqə vaxt tələb olunur ki, siz 30 AZN depozit ödəməklə yola düşürsünüz və səyahətin sonunda sərf etdiyiniz vaxta uyğun olaraq hesablama aparılır.
Bakı Mərkəzi Park
Bakının mərkəzində yerləşən bu parkda da ailəniz və dostlarınızla piknik etmək üçün bir araya gələ bilərsiniz. Əhalinin istifadəsinə verilmiş Mərkəzi Park köhnə Sovetski ərazisində yerləşir.
Bakı Zooloji Park
Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə bu il yenidən qurulub.
Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb.
Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.
Ora giriş biletinin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manatdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay