İmişli ticarət mərkəzi hansı məqsədlə yandırılıb? - (Foto - Video)
İyunun 25-də İmişli rayonunun mərkəzi bazarında yanğın hadisəsi baş verib. Nəticədə yüzlərlə sahibkara külli miqdarda ziyan dəyib, ticarət mərkəzinin bir hissəsi xarabazara çevrilib.
Valyuta.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda bildirir ki, yanğının söndürülməsinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti İmişli Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri, Şirvan, Beyləqan, Cəbrayıl, Ağcabədi, Sabirabad, Biləsuvar, Kürdəmir və Saatlı rayonlarının Yanğından Mühafizə hissələrindən əlavə qüvvələr cəlb olunub.
“Yanğın nəticəsində ümumi sahəsi 20 000 kv.m. olan bazarda, təqribən 2 400 kv.m. sahədə bir dam altında yerləşən və bir-birinə bitişik 150 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları və içərisinə yığılmış mallar yanıb. Bitişik digər mağazalar və bazarın qalan hissəsi yanğından mühafizə olunub”, -deyə Nazirliyin açıqlamasında qeyd olunur.
Valyuta.az Rupor.az-a istinadən xəbər verir ki, iqtisadçı İlham Hüseynli yanğından sonra bazar ərazisinə gedib sahibkarlarla görüşüb.
Ekspert görüşdən sonra bildirib ki, hadisə zamanı 200-dən çox sahibkarın ümumi dəyəri 300-350 min manatatadək olan ticarət obyektləri külə dönüb.
Onun sözlərinə görə, ticarət obyektlərinin sahibləri olduqca ağır durumdadır.
İ. Hüseynli onları narahat edən çoxlu sualların olduğunu qeyd edib:
"Nədən yayın bu kəskin isti günündə işıqlar səhər saatlarında söndürülür və sahibkarlara iki gün müddətində elektrik enerjisinin olmayacağı xəbərdarlığından sonra, axşam saat 7-də, sahibkarların ticarət obyektlərini bağlayıb evlərinə getdikdən sonra qəfil yandırılır və məlum yanğın hadisəsi baş verir?!
- Əgər həmin gün elektrik enerjisi bərpa ediləckdirsə, nədən sahibkarlara xəbərdarlıq edilməyib?! Axı təhlükəsizlik baxımından bu olduqca zəruri idi.
- Əgər bu yanğın hansısa bir obyektdə təsadüfi bir qısaqapanma nəticəsində baş veribsə, onda nədən yanğın belə ani surətlə bütün obyektlər üzrə, demək olar, eyni zamanda müşahidə edilib?!
- Anidən baş vermiş yanğının qısa zaman kəsiyində bütün obyektləri əhatə etməsi, həm də, elektrik enerjisinin normadan artıq gərginliklə ötürülməsi ehtimalını ortaya qoymuş olur ki, bunun da səbəbi müəmma doğurmamış deyil.
- Yaxud, müasir texniki və texnoloji imkanları ilə öyünən FHN bu yanğının qarşısını almaqda nədən aciz qalmalı idi?!”
İqtisadçı vurğulayıb ki, hadisəni doğuran başqa suallar və versiyalar da olmamış deyil:
“İstənilən halda, ağır durumda olan sahibkarlar yanğının baş vermə səbəbləri ilə bağlı dəqiq məlumatı istintaqdan, onlara dəyən ziyanın ödənilməsini isə dövlətdən gözləyirlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay