Sovet dövründə 40000 ton, indi isə 1000 ton istehsal edilən çay - Azərbaycanda çayçılıq niyə zəiflədi?
“Azərbaycanın istehsal etdiyi çay keyfiyyətli olsa da, az həcmdə istehsal edirik. Yəni istehsal etdiyimiz çay tələbatımızın 1/20-i qədərdir. Bunun da bir hissəsi xaricə ixrac olunur”.
Bu sözləri Valyuta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov “Azərbaycanda çayçılıq niyə zəif inkişaf edir, öz istehlakımızı niyə təmin edə bilmir” suallarına cavab verərkən deyib.
Vahid Məhərrəmov deyir ki, çaya olan tələbatımızı əsasən idxal etdiyimiz çay ilə ödəyirik, bununda bir çox səbəbləri var:
“Bizdə məhsuldarlıq çox aşağıdır. Azərbaycan sovet dövründə 40000 ton çay istehsal edirdi. İndi isə yaşıl çay istehsalı min tondur. O zaman istehsal etdiyimiz çayın keyfiyyəti seylon çayı qədər deyildi. Amma o dövrdə digər respublikaların da tələbatını da biz qarşıladığımız üçün bu qədər çox çay istehsal edirdik. İndi isə biz həm keyfiyyətli, həm də ucuz çay istehsal etməliyik. Özümüzün tələbatımızı ödəməklə yanaşı, ixrac da etməliyik”.
Ekspertin sözlərinə görə, bununla bağlı görüləcək bir çox iş var:
“Bunlardan biri kəndlilərin maarifləndirilməsidir. Lakin bununla məşğul olan yoxdur. Fermerlərin, kəndlilərin istehsal vasitələrinə olan tələbatlarından biri sudur, bununla bağlı işlər görülməlidir. Onlar suvarma suları ilə təmin edilməlidir. Amma biz su təminatını ödəyə bilmirik.
Fermerlər keyfiyyətli gübrələr, dərmanlarla təmin edilmir. Onlar üçün keyfiyyətli gübrə və prefisitlərin əldə edilməsi üçün seçim yaradılmalıdır. Buna görə də rəqabətli mühit yaradılıb, idxalda monopoliya aradan qaldırılmalıdır. Buna görə də bizdə məhsuldarlıq aşağıdır, bahadır”.
Vahid Məhərrəmovun sözlərinə görə, məhsuldarlıq aşağı olanda məhsul baha başa gəlir:
“Rəqabət qabiliyyətli olmur. Bəzi fermerlər çox keyfiyyətli çay istehsal edib ixrac etməlidir ki, ölkəyə valyuta gəlsin, paralel olaraq da tələbata uyğun səviyyədə, ölkəyə gətirilən keyfiyyətdə çay istehsal etməliyik ki, daxili tələbat ödənilməli, idxaldan asılılığı azaltmalıyıq. Bu işlər kompleks şəkildə görülməlidir. Çayçılıqla bağlı qanun, dövlət proqramı qəbul edildi dəyişiklik olmadı”.
“Fermerlər bu sahə ilə nə zaman məşğul olmaqda maraqlı olacaq” sualına cavab olaraq ekspert bildirib ki, onlar o vaxt bu işlə məşğul olmaqda maraqlı olacaq ki, bu sahə gəlir gətirəcək:
"Bu sahənin gəlirli olması üçün sadaladığım məsələlər həll olunmalıdır. Çünki problemlər fermerlərin bu sahəyə maraq göstərməsində əngəl olur. Bu əngəllər aradan qaldırılmalıdır. Bu zaman fermer başa düşəcək ki, istehsal vasitələri var, onlar məhsuldarlığı artıra bilərlər və daha çox məhsul istehsal edib gəlirlərini artıra bilərlər”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay