Nazir müavini İtaliyada BMT-nin Qida Sistemləri Sammiti çərçivəsində plenar iclasda və ECAM sammitində iştirak edib
İtaliyanın paytaxtı Roma şəhərində BMT-nin Qida Sistemləri Sammitinin (UNFSS) nəticələrinin nəzərdən keçirilməsi ilə bağlı plenar iclas keçirilib. Tədbirdə ölkəmizi kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov təmsil edib.
Plenar iclas BMT Baş katibinin təşəbbüsü ilə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) və Ümumdünya Ərzaq Proqramının (WFP) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində məqsəd UNFSS-in 2021-ci ildə keçirilən sammitində qarşıya qoyulan vəzifələrin icra vəziyyəti, nəticələrin və onların qlobal ərzaq təhlükəsizliyi sisteminə verdiyi töhfələri nəzərdən keçirmək, “2030 Gündəliyi” proqramının ilkin versiyasını formalaşdırmaqdır.
Toplantıda çıxış edən Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, dünya ictimayyətini vahid hədəf üçün bir yerə toplayan BMT-nin Qida Sistemiləri Sammiti Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün “2030 Gündəliyi”nin icrasına dəstək verən ilk ölkələrdən biri olub. Bu istiqamətdə ölkə miqyasında hədəfləri sürətləndirmək üçün konkret siyasət müəyyən olunaraq həyata keçirilib.
Azərbaycanda təşkil olunmuş müxtəlif səviyyəli milli dialoqlarda 2030-cu ilə qədər milli ərzaq sisteminin transformasiyası üçün çağırışların və prioritetlərin müəyyən edilməsində birgə yanaşma təşviq edilib. Qarşılıqlı dialoq şəklində gedən müzakirələrdə əhalinin sürətli artımı, dəyişən istehlak tələbləri, eləcə də iqlim dəyişikliyi və təbii ehtiyatların tükənməsi fonunda dünyada ərzaq və qida təhlükəsizliyinin təmin olunması ətrafında fikir mübadiləsi aparılıb.
Nazir müavini qeyd edib ki, Azərbaycanda aqrar sahənin rəqəmsallaşdırılması istiqamətində ciddi addımlar atılıb. Hazırda ölkəmizdə bütün kənd təsərrüfatı xidmətlərindən və aqrar sahəyə dair dövlət güzəştlərindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə yararlanmaq mümkündür. Bundan əlavə, fermerlərin rəqəmsal transformasiyaya daha yaxşı istiqamətlənməsini təmin etmək üçün ictimai maarifləndirmə və təbliğat xidmətləri həyata keçirilir.
Sarvan Cəfərov bildirib ki, beynəlxalq arenada etibarlı tərəfdaş sayılan Azərbaycan bundan sonra da öz beynəlxlaq tərəfdaşları ilə səmərəli əməkdaşlığın qurulmasına töhfə verməyə hazırdır.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini səfər çərçivəsində Romada keçirilən Afrika və Yaxın Şərq üzrə Avropa Korporativ Şurasının 4-cü sammitində iştirak edib. Qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin yaratdığı çətinliklərin müzakirəsinə həsr olunmuş sammitdə çıxış edən Sarvan Cəfərov pandemiyalar və iqlim dəyişkliklərinin insan sağlamlığının əsasını təşkil qida sistemlərini pozduğunu deyib. Nazir müavini bildirib ki, gələcəkd mümkün risklərin qarşısını almaq üçün qlobal miqyasda qarşılıqlı, ortaq yanaşma olmalıdır. Bu baxımdan Azərbaycanın beynəlxalq tərəfdaşları tərəfindən qlobal səviyyədə qəbul edilmiş təşəbbüs və proqramlar hökumətlərin siyasət və strategiyalarının əsas istiqamətləri kimi qəbul edilə bilər.
Sammitdə kənd təsərrüfatının rəqəmsal transformasiyası, bu sahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay