Qeyri-sabit keçən hava şəraiti məhsuldarlığa necə təsir edəcək?
“Bu vəziyyətdə riskləri minimuma endirmək, bu istiqamətdə addımlar atmaq lazımdır. Bunun üçün dövlət proqramı qəbul edilməli, bu sahədə olan risklər nəzərə alınmalıdr”.
Bu sözləri Valyuta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmli dəyişkən keçən hava şəraitinin kənd təsərrüfatına olan təsirlərindən, məhsuldarlığa verə biləcək ziyan haqqında danışarkən deyib.
Ekspertin sözlərinə görə, əgər dövlət proqram qəbul etməsə, belə hallar baş verəndə, fermerlər ziyana düşərsə, onlar bu sahədən yayınacaq, gələcəkdə imkanları olmadığı üçün yenidən əkin-biçinlə məşğul olmayacaq:
“Hökumət proqram qəbul etməli, o proqramda mövsümlərdə belə hallar baş verdiyini nəzərə almalıdır. Kəndlərə hansı həcmdə maliyyə yardımı həyata keçirmək lazımdır, dövlət proqramı çərçivəsində nə etmək lazımdır ki, kəndlilərin məhsulları sığortalansın və hansı regionlarda bu hallar daha tez-tez baş verir bunun üçün həmin regionlarda digər sahəyə önəm verilməldir. Belə planlaşma aparılmalıdır ki, ölkə həm vəziyyətdən çıxsın, həm də özünün qida məhsullarına olan tələbatını ödəyə bilsin, fermerləri də risk altına qoymasın”.
Vahid Məhərrəmlinin sözlərinə görə, ümumilikdə elə bir il olmayıb ki, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün arzuolunan olsun:
“Əksər ölkələrdə belədir. Çalışmalıyıq ki, havaların belə isti keçməsi sahibkarlığa ciddi ziyan vurmasın. Təəssüf ki, bu işlər görülmür, məhsuldarlıq aşağı düşür, məhsulun keyfiyyəti pisləşir. Bu tendensiya getdikcə daha çox baş verir. Biz iqlim şəraitinə uyğun bitkiçilikdə sortlar yetişdirməyə, cins heyvanlar əldə etməyə çalışmalıyıq”.
Həmsöhbətimiz əlavə edib ki, belə havalar hələ uzun müddət davam edəcək:
“İndi hava dəyişkəndi, bəzi yerlərdə yağış yağır, külək əsir, məhsul yığımına mane olur, istehsal prosesinin həyata keçirilməsinə müəyyən problemlər yaradır. Belə havalar hələ uzun müddət davam edəcək. Çünki qlobal iqlim dəyişməsi baş verir, biz bunun nəticələrini də görürük”.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay