Türkiyəli mütəxəssisə Azərbaycanda yüksək vəzifə verildi
Türkiyənin İstanbul şəhərindəki məşhur Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigünə "Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətində vəzifə verilib.
Valyuta.Az-ın məlumatına görə, türkiyəli mütəxəssis Orxan Yenigün "Bakı Metropoliteni” QSC-də sədrin müşaviri təyin olunub.
O, Bakıda yeni çəkiləcək 10 metrostansiyanın layihəsinin hazırlanmasında yaxından iştirak edir.
"Bakı Metropoliteni” QSC-dən sorğumuza cavab olaraq bildirilib ki, bir müddətdir təcrübəli mütəxəssis "Bakı Metropoliteni” QSC-də sədrin müşaviri kimi fəaliyyətə başlayıb və hazırda bu vəzifədə çalışır.
Qeyd edək ki, "Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Orxan Yenigün 1967-ci ildə Türkiyədə anadan olub.
Metro və yüngül relsli nəqliyyat sistemləri onun karyerasında xüsusi yer tutur. İstanbul metrosunun inşaatında bir sıra layihələrin əlaqələndiricisi və rəhbəri olub. 1994-1999-cu illərdə Taksim-4.Levent xəttinin inşaatında nəzarət işləri mühəndisi, 1999-2009-cu illərdə Yenikapı-Taksim xəttinin tikintisinə, 2009-2012-ci illərdə Kadıköy-Kartal, 2012-2018-ci illərdə Üsküdar-Ümraniye-Çekmeköy kimi mühüm layihələrə rəhbərlik edib.
Orxan Yenigünün İstanbul metrosunun Gebze-Haydarpaşa, Sirkeci-Halkalı Banliyö xətlərinin modernləşdirilməsi, eləcə də məşhur Marmaray layihəsində sualtı tunelin inşasında mühəndis və müşavir kimi fəaliyyət göstərib.
Xatırladaq ki, 20.12.2024-cü ildə "Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov vəzifəsindən azad olunub və yerinə Vüsal Aslanov təyin edilib.
© Qaynarinfo
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay