MN-dəki 143 milyonluq mənimsəmə: "Alver etdiyimiz maliyyəçilərlə sonra üzləşdik"
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 2015-ci ildən 2022-ci ilin fevralına kimi N saylı hərbi hissədə maliyyə xidmətinin rəisi işləmiş Fariz Nəbiyev dindirilib.
Şahid deyib ki, ümumilikdə işlədiyi hərbi hissədə 890 min manat artıq mənimsəmə olub: “ Mən işləri yalnız korpusun maliyyə xidmət rəisi ilə görmüşəm. Silinən məbləğin 45-50 faizini ona verirdim. Həmin məbləğdən cəmi 335 min manat mənə pul çatıb. İstintaq dövründə həmin puldan 243 min manatı qaytarmışam. Qalan pulu da ödəməyə çalışıram”.
Təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə mənimsənilən pullarla bağlı bir aydınlıq gətirib: “Məhkəmənin gedişatını izləyənlər elə bilir ki, həbsdə olanlar, ya ifadə verən şahidlər əsgərin, zabitin maaşını mənimsəyiblər. Elə bir şey yoxdur. Ümumiyyətlə, mənimsənilən pullar əlavə yazılaraq sonra silinən məbləğlərdir”.
Şahid qismində ifadə verən maliyyə xidmətinin rəisləri də deyiblər ki, əsgərlərin əməkhaqqlarından bir manat da olsun, mənimsənilməyib, qaydasında onların vəsaitləri özlərinə tam ödənilib.
Prosesin davamında şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsininin hazırda təqaüddə olan baş təftişçisi Nazim Süleymanov ifadə verib.
O bildirib ki, hərbi hissələrdə maliyyə xidmətinin alver etdikləri rəisləri ilə istintaq zamanı üzləşdiriliblər.
Prokuror Fuad Musayev şahidə: “Mən sizin dediyiniz kimi, alver ifadəsini işlətmək istəmirəm, sövdələşdiyiniz şəxslərlə üzləşmənizə səbəb nə olub?” – sualını verib.
Nazim Süleymanov bildirib ki, işlədiyi hərbi hissələrdən birində 3 dəfə təftiş həyata keçirilib, 1 milyon 400 min manat əlavə vəsait müəyyən edilib: “Yoxlamaların sonunda təftişçi payını götürərək gedirdi. Mənim təftiş şöbəsinin rəisi Rafael Xələfovla əlaqəm olub. Maliyyə xidməti ilə bağlı onunla bəzi müzakirələr aparmışıq. 1 milyon manat civarında silinmiş vəsaitin 30-35 faizi mənə çatıb. Qalan pulu isə maliyyəçilər və təftişçilər götürüb”.
Nazim Süleymanov qeyd edib ki, ümumilikdə onun tərəfindən 420 min manat dövlətə ziyan vurulub. O deyib ki, həmin vəsaiti də tam olaraq dövlətin büdcəsinə ödəyib, hazırda da təqaüdə çıxıb.
Vəkillərin suallarını cavablandıran Nazim Süleymanov bildirib ki, Hərbi Dəniz Hava Qüvvələrinin hərbi hissəsində maliyyəçi işləyən zaman Maliyyə və Büdcə İdarəsinin rəisi Namiq Poladov olub: “Namiq Poladovun da dövründə hərbi hissələrdə belə qaydada işlənilib. Təftişə gələn təftişçi sonda pul aparıb. Həmişə eyni qaydada işlənilib. Yəni o vaxtda elə olub, sonra da eyni qayda ilə işləmişik”.
Nazim Süleymanov bildirib ki, 2020-ci ilin dekabrında təftiş şöbəsində baş təftişçi işinə başlayıb. Şahid Dövlət Təhlükəsizliyi Xidmətində Rafael Xələfovla üzləşməsindən danışıb: “Bu üzləşmə bəzi maliyyə rəqəmləri ilə bağlı olub. Biz 4-cü korpusda yoxlamaya getmişdik. 1 milyon 80 min manat vəsaitin silinməsi ilə bağlı məsələni Rafael Xələfov qəbul etmirdi. Biz üzləşdik, həmin zaman yadına düşdü və qəbul etdi. 1 milyon 80 min manatın ona çatdığını təsdiqlədi”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bundan əvvəlki proseslərdə Rafael Xələfovun Nazim Süleymanovla birlikdə yoxlamaya getmələri barədə verdiyi ifadəsini xatırladıb. Vəkilin səsləndirdiyi həmin ifadədən məlum olur ki, Rafael Xələfov Nazim Süleymanovla birlikdə korpusda apardığı yoxlama zamanı 380 min manat alıblar, 190 min yuxarı veriblər, 190 min manatı isə özü ilə Nazim Süleymanov arasında bölüşdürüblər.
Nazim Süleymanov isə Rafael Xələfovun dediklərinin həqiqət olmadığını söyləyib: “Rafael Xələfov mənə pul verməyib. Əksinə, mən ona pul vermişəm”.
Prosesin davamında şahid qismində ifadə verən Emin Hüseynov deyib ki, işlədiyi N saylı hərbi hissədə 169 min manat çatışmazlıq aşkar olunub: “Təftişə nazirlikdən Sadıq müəllim gəlirdi, pulu ona vermişəm. Bu məbləğ isə, əslində, bu qədər deyildi. Sadəcə, sənədlərin varlığını sübut edə bilmədiyim üçün üstümdə qaldı, sənədlər isə yox idi. Ancaq, əslində, çatışmazlıq 40-50 min manat arası olub. Təftişə, adətən, 20 faiz pul verirdik. 27 min manatıda sonra təzədən Cəlal müəllimə verdim, maliyyələşmənin pulu idi. Digər hərbi hissədə işlədiyim zaman isə 505 min manat çatışmazlıq olub. Onun 65 faizini Cəlal Kazımova vermişəm, 200 min manata yaxın məbləğ isə özümə qalıb”.
Prosesin bu yerində təqsirləndirilən Cəlal Kazımov 2020-ci ilin dekabr ayında ona verilən pulun yalan olduğunu bildirib:” Mənə dekabr ayında necə pul verə bilərsən ki? Həmin vaxt əmrim verilmişdi. Ben Laden kimi kimi bir günə götürüb atdılar Naxçıvana”.
Prosesin bu yerində vəkil Rəşad Mirmehdizadə pul mənimsəyən maliyyəçilərə ziyanın ödənilməsi ilə bağlı bir daha çağırış edib: “Ziyanı ödəmiş şəxslərlə bağlı heç bir məsuliyyət olmayacaq. Siz nə qədər ziyanı tez ödəsəniz, dəmir barmaqlıqlar arasında oturan şəxslərində məhkəməsi bir o qədər tez bitər. Görürsünüz, nə qədər şişirdilmiş rəqəmlər var. Siz azadlığdasınız, onlar isə həbsdə”.
Məhkəmədə daha bir neçə maliyyə xidmət rəisi şahid qismində ifadə verib.
Proses fevralın 23-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay