Yeni vitse-prezidentlər SOCAR-ın kollektivinə təqdim olundu - FOTO
Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlarla şirkətin vitse-prezidentləri təyin olunmuş Kənan Təhməz oğlu Nəcəfovu və Zaur Aydın oğlu Qurbanovu kollektivə təqdim edib.
Bu barədə Valyuta.az-a SOCAR-dan xəbər verilib.
Belə ki, yeni təyin olunmuş vitse-prezidentlərin hər birinin əmək fəaliyyəti haqqında geniş məlumat verən Rövnəq Abdullayev onların Azərbaycan neft sənayesi ilə uzun müddət əlaqəli fəaliyyətdə olduqlarını söyləyib.
SOCAR prezidenti qeyd edib ki, Kənan Nəcəfov BP şirkətinin London və Aberdin mərkəzlərində kommersiya təhlili və biznesin inkişafı üzrə müxtəlif vəzifələrdə çalışıb:
“O, həmçinin Bakıda “Nobel Oil Ltd” şirkətində strategiya üzrə baş inzibatçı və baş icraçı direktorun müavini vəzifələrində uğurla çalışmış və yaxşı təcrübə qazanıb”.
Zaur Qurbanovun bundan əvvəl Azərbaycan İnvestisiya Holdinqinin direktor müavini vəzifəsində çalışdığını bildirən SOCAR prezidenti bildirib ki, o, daha öncə müxtəlif beynəlxalq şirkətlərdə və sonralar “Ernst & Young” beynəlxalq audit şirkətinin Azərbaycandakı nümayəndəliyində vergi direktoru kimi fəaliyyət göstərib.
“10 ilə yaxın bir dövrdə SOCAR-ın auditinin həyata keçirilməsində yaxından iştirak edib”, - deyə R.Abdullayev əlavə edib və yeni təyin olunmuş vitse-prezidentləri təbrik edib, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycan neft-qaz sənayesinin zəngin tarixindən, şanlı ənənələrindən və müstəqillik illərində qazandığı böyük uğurlardan danışıb, yeni təyin olunmuş vitse-prezidentlərə işlərində uğurlar arzulayıb, onlara bəslənən inam və etimadı öz işləri ilə doğruldacaqlarına əminliyini ifadə edib.
Daha sonra SOCAR-ın vitse-prezidentləri K.Nəcəfov və Z.Qurbanov layiq görüldükləri yüksək etimada görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını söyləyiblər.
Ömər Vəzirli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay