Ağac qırmaqla məşhurlaşan şirkət adını dəyişdi: Çay plantasiyası salacaq
BETA firması rebrendinq etdiyini elan edib.
Valyuta.az İndex.az-a istinadən xəbər verir ki, adıçəkilən firma təşkilati-hüquqi formasını dəyişərək "BEST-Tarım" MMC-yə çevrilib.
Xatırladaq ki, firma 2000-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 000 dollar təşkil edir. Şirkətin qanuni təmsilçisi Hasan Uğurdur.
Onu da xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə Lənkəranın Haftoni qəsəbəsi yaxınlığında düzən meşə zolaqlarının qırılması ilə bağlı iddia yayılıb və kadrlar paylaşılıb.
Məlumatı "Ecofront" səhifəsi yayıb və artıq 5 hektar meşə zolağının kəsildiyini iddia edib. Səhifənin iddiasına görə, meşə zolağı BETA firmasının çay plantasiyası salması üçün məhv edilir. Həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən şirkətə 45 ha meşə zolağını bu məqsədlə məhv etmək üçün icazə verdiyi iddia edilirdi.
Ardınca ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov Lənkəranda meşələrin qırılması ilə bağlı iddiaların olduğu ərazidə olub, yerli sakinlərlə görüşüb.
Nazirlik rəsmisi açıq meşə fondu torpağının Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında çayçılığın inkişafı məqsədilə “Beta Tea” şirkətinə icarəyə verilən ərazidə olub.
Ərazidə sahibkar tərəfindən müqavilə şərtlərinin ziddinə olaraq heç bir ağacın kəsilmədiyini, əksinə, uzun illər kənd sakinlərinin, yaxınlıqdakı yaşayış evləri üçün yanğın təhlükəsi olan kol-kosun təmizləndiyini müşahidə ediblər. Yerli sakinlər də ərazinin təmizlənərək salınacaq çay plantasiyasında gələcəkdə yerli sakinlərin məşğulluğunun təmin olunması müsbət qarşılayıb.
Xidmətin rəis müavini Mehman Səfərov bildirib ki, ərazidə aparılan təmizlik işləri Milli Meşə Proqramına uyğun olaraq Lənkəran rayonunda meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədi daşıyır:
“Açıq meşə fondu torpağı “Beta Tea” şirkətinə qanunauyğun şəkildə icarəyə verilib. Kol-kos basmış quru sahələrdən və talalardan ibarət olan ərazidə heç bir ağac kəsilməsi faktı qeydə alınmayıb. Əksinə, meşələrin mühafizə olunması, qorunub saxlanılması məqsədi daşıyır. Eyni zamnda sahibkar tərəfindən əhalinin məşğulluğunun təmin edilməsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində də rol oynayacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay