Necə ucuz və rahat səyahət edək?
Səyahət etmək fikrinə düşüb, xərci xatırlayanda səyahətini ertələyənlər çoxdur. Ucuz səyahətin yollarını bilənlər də var, bilməyib, öyrənmək istəyənlər də. Əslində səyahət düşündüyünüz qədər çətin deyil və fantastik büdcə tələb etmir. Sadəcə hər şeyi öncədən planlaşdırmaq lazımdır.
Səyahətçi Hüseyn Məmmədsalahov Valyuta.az-a ucuz səyahətin yollarından danışdı. O, səyahət etməzdən öncə özünün nələrə diqqət etdiyini bizimlə bölüşdü: “Hansısa ölkəyə səyahət etməzdən əvvəl yutubda həmin ölkə haqqında bir neçə səyahət verilişinə baxıram, gəzməli-görməli yerlərin siyahısını tuturam. Sonra bir-birinə yaxın olan yerləri günlərə bölürəm. Hətta aeroportu haqda da ayrı video izləyirəm. Ora çatdıqda vahimələnməyim, xarici ölkə olmasına baxmayaraq, özümü rahat hiss edə bilim. Belə də olur, çünki çox şey tanış gəlir”.
Restoran, otel, taksi xərcini öyrənməli
Həmsöhbətimiz səyahət edəcəyiniz ölkəni seçib, ora ilə tanış olduqdan sonra xərcləri hesablamaq lazım olduğunu deyir: “Müxtəlif xarici mənbələrdə həmin ilə aid ölkədəki xərcləri araşdırıram. Restoranlarda orta çek, ev və ya oteldə gecələmə qiymətləri, taksi və ictimai nəqliyyat xərcləri, manatın həmin ölkəsinin valyutasına nisbəti və s. öyrənirəm və bununla ümumi təsəvvür yaranır. Təxmini bilirəm ki, gündəlik nə qədər xərcim çıxacaq. Ev və ya otel bron etmək üçün “Booking” və “Airbnb” mobil tətbiqlərindən istifadə edirəm. Səfərimiz Rusiyaya olacaqsa, “Ostrovok.ru”dan istifadə etmək lazımdır, çünki məlum sanksiyalar səbəbindən bu ölkəyə aid məlumatlar adını çəkdiyim ilk iki tətbiqdə əks olunmur”.
Qalacağımız yer seçimi
Səyahət edəcəyiniz ölkədə qalacağınız yeri seçərkən bunlara diqqət etməlisiniz: “Ev və ya otel seçərkən, ilk növbədə, yazılan şərhləri oxumaq lazımdır. Şərhlərin çoxu real olduğundan obyekt haqqında ümumi təəssürat yaranır. İkinci nüans, qalacağınız yer həm şəhər mərkəzinə, həm də aeroporta yaxın olmalıdır. Bunlar həmin mobil tətbiqdə də yazılır. Yazılmayanda isə “Rome2rio” tətbiqinə keçərək qalacağınız yerin və aeroportun ünvanını qeyd edərək aralarındakı məsafəyə baxa bilərsiniz. Elə bu tətbiq vasitəsilə obyektin şəhərdəki turistik yerlərlə və digər şəhərlərə məsafəsini görə bilərsiniz. Tətbiqdəki filtrlər vasitəsilə evdəki rahatlıqların və əşyaların vacibliyini qeyd edə bilərsiniz: fen, soyuducu, ütü, Wi-Fi, mikrodalğalı soba, mətbəx əşyaları və s. Həmçinin ev sahibi ilə əlaqəyə keçərək sizi maraqlandıran sualları verə bilərsiniz. Mənim soruşduğum sual - evin bütövlükdə mənə aid olub-olmamayacağı ilə bağlı olur. Bəzən ev sahibi yalnız bir otağı kirayə verir, yəni onunla bir yaşamalı olursuz. Bunu mütləq dəqiqləşdirin”.
Ucuz bileti necə alaq?
Hüseyn bəy ucuz bilet tapmağın yollarından da danışdı. Ucuz bilet almaq istəyirsinizsə, səyahət üçün planladığınız tarixdən xeyli əvvəl bileti almalısınız: “Ölkə ilə tanış olduqdan, gündəlik xərcləri hesabladıqdan sonra aviabilet haqda düşünmək olar. Ucuz bilet tapmaq istəyənlərə “Skyscanner” saytı və mobil tətbiqini məsləhət görərdim, amma yalnız bilet tapmağı bu saytla məsləhət görərdim. Buradan bilet almağı məsləhət görmürəm, çünki reys təxirə salınarsa, pulunuzu geri almaq müşkülə çevriləcək. Ən yaxşısı biletləri tapıb həmin aviadaşıyıcının rəsmi saytından almaqdır. İstənilən bilet uçuş tarixinə xeyli müddət qalmış ucuz, ucuşa bir ay və ya daha az qaldıqda isə baha olur. Məsələn, əgər səfəriniz Yeni il tətilində olacaqsa, biletləri yay aylarında almağınız məqsədəuyğun olar. Vaxtınız çoxdursa, getmək istədiyiniz şəhərə digər şəhər vasitəsilə də uça bilərsiz, yəni “peresadka”. Özüm bir dəfə İstanbuldan Bakıya Tbilisidə “peresadka” etməklə ucmuşdum. Ucuz bilet tapmaq üçün eyni istiqamətdə uçan aviaşirkətlərin qiymətini də müqayisə etmək lazımdır. Məsələn, Bakı-Moskva reysini AZAL, “Aeroflot” və s. şirkətlər yerinə yetirir. Bütün aviaşirkətlərin saytında eyni tarixləri axtarış etmək və ən uyğununu seçmək olar. Həmçinin gediş biletini bir şirkətdən, dönüş biletini digər şirkətdən almaq mümkündür. Ucuz biletlər haqqında tez məlumat almaq üçün Bakıdan ucuş yerinə yetirən aviaşirkətlərin sosial şəbəkə hesablarına abunə olmaq olar”.
Səyahətdə vaxta qənaət etmə üsulları
Hüseyn Məmmədsalahov səyahət zamanı vaxta qənaət etmək üçün bir neçə məsləhətlər də verdi: “Ölkə daxilində bir neçə şəhərə səfər edəcəksizsə, əvvəlcədən avtobus və ya qatar biletləri almağı tövsiyə edərdim. Avtobus biletləri üçün “Flixbus” və “Getby” mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Qatar biletlərini isə hər ölkənin rəsmi dəmir yolları saytından əldə etmək olar. Adətən reysə bir ay qalmış satışa çıxarılırlar. Nəzərə alın ki, bəzən qatarda səfər avtobusdan ucuz olur. Büdcəniz imkan verirsə və digər şəhərdə də aeroport varsa, aviabilet də ala bilərsiniz. Əvvəlcədən müxtəlif muzeylərə, tarixi abidələrə də bilet ala bilərsiniz. Bu, növbələrdə durmamaq və vaxta qənaət etmək üçün yaxşıdır. Üstəlik, onlayn bilet alarkən bəzən endirimlər də olur”.
Nuray
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay