TikTok qadağasının 48 saatı: Tramp bu qərarı niyə ləğv etdi?
Bu həftə sonu ABŞ-da fəaliyyətini dayandıran "TikTok", təxminən 12 saat sonra seçilmiş prezident Donald Trampın dəstəyi ilə yenidən aktivləşdirildi.
TikTok qadağası yenidən gündəmdədir
Mart ayından etibarən "TikTok" qadağasının ABŞ-ın gündəminə gəldiyini bildirmişdik. Bu həftə sonu ABŞ-dakı tətbiqi bağlanan "TikTok", seçilmiş prezident Donald Trampın dəstəyi ilə 12 saat ərzində yenidən fəaliyyətə başladı. Şirkət bununla bağlı verdiyi açıqlamada belə qeyd edib:
"Xidmət təminatçılarımızla razılığa gələrək, 'TikTok' xidməti yenidən strukturlaşdırma prosesindədir. Prezident Trampa, xidmət təminatçılarımıza 'TikTok'u 170 milyondan çox amerikalıya təqdim etmək və 7 milyondan çox kiçik biznesin inkişafına şərait yaratmaq üçün heç bir cəza ilə üzləşməyəcəklərinə dair zəruri dəqiqlik və təminat verdiyi üçün təşəkkür edirik."
“Yenidən xoş gəldiniz!” başlığı ilə yayımlanan qarşılama mesajında isə belə bir ifadə yer alıb: "Prezident Trampın səyləri nəticəsində 'TikTok' ABŞ-a geri döndü!"
TikTok niyə bağlandı?
Bayden (Joe Biden) administrasiyası dövründə hazırlanmış və bazar günü qüvvəyə minməsi planlaşdırılan qanuna əsasən, "ByteDance" 'TikTok'u altı ay ərzində ABŞ hökuməti tərəfindən təsdiqlənmiş bir şirkətə satmalı idi. Şirkət satılmadığı halda, ABŞ tətbiq mağazalarının "TikTok"u yayması qanunun pozulması anlamına gələcəkdi.
Prezident Co Baydenin Ağ Ev və Ədliyyə Nazirliyi rəsmiləri, seçilmiş prezident Donald Tramp vəzifəyə başlayarkən, qanunun tətbiqini Tramp administrasiyasına həvalə edəcəklərini bildiriblər. Bu zaman "TikTok", kritik xidmət təminatçılarının dəqiq bir açıqlamaya ehtiyac duyduğunu, əks halda tətbiqin bağlanacağını qeyd edib. Nəticədə, tətbiq şənbə gecəsi fəaliyyətini dayandırıb və "App Store" ilə "Google Play"dən silinib.
TikTok-a Tramp dəstəyi
Bu vəziyyətdən sonra bazar günü səhər Donald Tramp qadağanı təxirə salacaq bir fərman imzalayacağını açıqlayıb. O bildirib ki, "TikTok"un bir an öncə əvvəlki vəziyyətinə qayıtmasını istəyir, çünki amerikalılar bazar ertəsi günü baş tutacaq təntənəli vəzifəyə başlama mərasimini görməyi haqq edirlər.
Tramp vəzifəyə başlayar-başlamaz fərman imzalayacağını və "TikTok"un satılma müddətini uzadacağını da əlavə edib. Onun sözlərinə görə, fərman qüvvəyə minməmişdən əvvəl belə "TikTok"u dəstəkləyən şirkətlər "heç bir məsuliyyət" altına düşməyəcək.
Trampın bu açıqlaması, "TikTok" və onun xidmət təminatçıları üçün kifayət qədər təminat verici görünürdü. NPR-dən Bobbi Allin (Bobby Allyn) və "The Washington Post"dan Dru Harvelin (Drew Harwell) məlumatına görə, Trampın sözünə güvənən "TikTok"un yerləşdirmə təminatçısı "Oracle" və CDN tərəfdaşı "Akamai" xidməti bərpa edib.
Digər tərəfdən, bu vəziyyət ilkin mərhələdə "Apple" və "Google"un dəstəyi olmadan baş tutub. "TikTok" fəaliyyəti yenidən bərpa etsə də, tətbiq hələ də "App Store" və "Google Play"də yer almır. Hər iki tətbiq mağazası, "TikTok"u qadağan edən qanunun qüvvədə qalması səbəbilə qanun pozuntusu riski ilə bağlı narahatlıq keçirə bilər. Çünki qanunu pozanlar ağır cərimələrlə qarşılaşa bilər.
Fikir ayrılıqları davam edir
Bütün qanunvericilərin Donald Tramp ilə eyni fikirdə olmadığını qeyd etmək lazımdır. Respublikaçı senator Tom Kottonun (Tom Cotton) açıqlamasına görə, "TikTok"un kommunist idarəsində olduğu vurğulanır və "TikTok"u yerləşdirən, yayan, xidmət edən və ya başqa şəkildə dəstək verən hər hansı bir şirkət yüz milyardlarla dollar məbləğində məsuliyyətlə üzləşə bilər.
TikTok-un ABŞ-dakı gələcəyi
Tramp bazar günü etdiyi paylaşımda "TikTok"un ABŞ-da fəaliyyət göstərməsi üçün bir razılaşmaya dair ilkin düşüncələrini açıqlayıb. Onun dediyinə görə, mövcud sahiblər və ya yeni sahiblər arasında ABŞ-ın 50 faiz pay sahibi olacağı bir ortaq müəssisə qurula bilər. "TikTok"un verdiyi açıqlamada isə şirkətin "TikTok"u ABŞ-da saxlamaq üçün uzunmüddətli bir həll üzərində Prezident Tramp ilə işləyəcəyi qeyd edilib.
"ByteDance" ilə əlaqəli digər tətbiqlərə, məsələn, "CapCut" və "Marvel Snap"a "TikTok"un qismən bərpasının necə təsir edəcəyi isə hələ ki məlum deyil.
Aydın.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay