Süni intellekt 200 min bank əməkdaşını işsiz qoya bilər - Buna qarşı nə etmək olar?
Süni intellekt və avtomatlaşdırmanın sürətli inkişafı maliyyə sektorunda ciddi işçi ixtisarlarına gətirib çıxara bilər.
Valyuta.az xəbər verir ki, "Bloomberg Intelligence"ın "Citigroup", "JP Morgan Chase" və "Goldman Sachs" kimi böyük maliyyə qurumlarının iştirakı ilə keçirdiyi tədqiqata əsasən, təkrarlanan əməliyyatların üstünlük təşkil etdiyi orta ofis və əməliyyat departamentləri ən çox risk altında olan sahələrdir. Mütəxəssislərin proqnozuna görə, yaxın 3-5 il ərzində dünya üzrə bankalarda 200 minə qədər iş yeri ləğv edilə bilər.
"Citi"nin iyun ayında yayımladığı hesabatda qeyd edilir ki, bankçılıq sektoru yapay zəkanın təsirinə ən çox məruz qala biləcək sahələrdən biridir. Hesabata görə, bank işlərinin təxminən 54%-nin avtomatlaşdırılma potensialı yüksəkdir. "Wall Street"də fəaliyyət göstərən informasiya və texnologiya menecerləri, müəssisələrində orta hesabla 3%-lik işçi ixtisarı gözləyirlər. Hətta sorğuda iştirak edənlərin 25%-i bu azalmanın 5%-dən 10%-ə qədər ola biləcəyini ehtimal edir.
İşdən çıxarılmaların səbəbi: Süni intellektin sərhədləri aşan təsiri
Süni intellekt bankların məhsuldarlığını artırmaq və gəlirlərini yüksəltmək üçün mühüm vasitə kimi qəbul edilir. Hindistanın "The Economic Times" qəzetinin "Bloomberg Intelligence" sorğusuna əsaslanan məlumatına görə, süni intellekt bankların 2027-ci ilə qədər vergi öncəsi gəlirlərini 12%-dən 17%-ə qədər artıra bilər və bu, ümumi gəlirlərə 180 milyard dollarlıq əlavə töhfə verə bilər. Sorğuda iştirak edənlərin 80%-i süni intellektin yaxın 3-5 il ərzində məhsuldarlıq və gəlirləri ən az 5% artıracağını düşünür.
Bəzi sektor rəhbərləri isə işdən çıxarılmalara baxmayaraq, süni intellektin insan rollarını tamamlayıcı bir vasitə kimi istifadə ediləcəyini vurğulayırlar. "JPMorgan"ın süni intellekt proqramlarına rəhbərlik edən Tereza Haysenretxer qeyd edir ki, süni intellekt mövcud işləri daha da təkmilləşdirir. "JPMorgan"ın baş direktoru Ceymi Daymon isə süni intellektin həyat keyfiyyətini artırmaq potensialına diqqət çəkərək, bəzi işlərin yox olmasına baxmayaraq, texnologiyanın iş proseslərini dəyişdirəcəyini vurğulayıb.
Süni intellektin təsirinə necə hazırlaşmalı?
Karyeranızın süni intellekt ilə qarşı-qarşıya gələcəyini düşünürsünüzsə, əvvəlcədən tədbir görmək vacibdir. İlk növbədə, süni intellektin imkanlarını və tətbiqlərini öyrənmək lazımdır.
"Nvidia" və "Coursera" kimi platformalar vasitəsilə süni intellekt ilə bağlı kurslar keçməklə öz bacarıqlarınızı artırmaq mümkündür. Bu, iş axtarışında üstünlük qazanmağa kömək edəcək.
Məşhur "Düşmənini tanı" prinsipi bu kontekstdə aktualdır. Süni intellekti "təhlükə" kimi deyil, "dəstəkçi" kimi görmək üçün onun funksiyalarını və tətbiq sahələrini anlamaq vacibdir. Bu, həm yeni iş imkanlarını dəyərləndirməyə, həm də mövcud bacarıqları yeniləməyə şərait yaradır.
Son nəticə: Yeniliklərə uyğunlaşma və yaradıcılıq
Süni intellekt iş mühitini dəyişdirərkən insan yaradıcılığı və özünü inkişaf etdirmək ehtiyacı artır. Banklar üçün bu dəyişiklik gəlirlərini artırmaq deməkdirsə, fərdlər üçün yeni imkanların axtarılması deməkdir. Hər bir işçi, inkişaf edən texnologiyaların təsiri altında öz yaradıcılığını və çevikliyini artırmalı, karyerasını uyğunlaşdırmalıdır.
Unutmayın ki, süni intellekt bir vasitədir - onun nəticələri sizin istifadə tərzinizdən asılıdır. Bu texnologiyanı təhlükə kimi görmək əvəzinə, karyeranızda yeni imkanların açarı kimi qəbul etmək sizdən asılıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay