Bill Qeyts: "Uşaqlıqda smartfonlarım və sosial şəbəkələr olsaydı, milyarder olmazdım"
"Microsoft"un həmtəsisçisi və keçmiş baş direktoru Bill Qeyts müasir uşaqların inkişafına smartfonların və sosial şəbəkələrin təsiri ilə bağlı narahatlığını ifadə edib.
Valyuta.az CNBC-yə istinadən xəbər verir ki, o, müasir texnologiyaların uşaqların dərin düşüncə qabiliyyətini necə zəiflədə biləcəyini vurğulayıb və bu qabiliyyətin onun uğurunda əsas rol oynadığını qeyd edib.
Bill Qeyts qeyd edib ki, əgər onun indiki uşaqlar kimi smartfonlar və sosial şəbəkələrlə diqqəti dağılmış bir mühitdə böyüsəydi, bəlkə də milyarder olmazdı. O bildirib ki, uşaqlıqda dostları ilə gəzmək, xarici dünyanı araşdırmaq, kitab oxumaq və saatlarla otağında dərindən düşünmək üçün keçirdiyi vaxt, bu gün dəyəri 3,26 trilyon dollar olan şirkət yaratmasına kömək edib.
Bill Qeyts dinləyicilərinə Nyu-York Universitetinin sosial psixoloqu Conatan Haydtın "Narahat nəsil" kitabını tövsiyə edib. Haydt bu kitabında smartfonların və sosial şəbəkələrin geniş yayılmasının gənclər arasında psixi sağlamlıq böhranına, eləcə də Z nəslinin nümayəndələri arasında yalnızlıq və depressiyanın artmasına səbəb olduğunu qeyd edir.
Bill Qeyts karyerası boyunca, öz uğurunu mütaliə vərdişi və tənhalıqda dərin düşünmə qabiliyyətinə bağlayıb. O, 1990-cı illərdə "Düşüncə həftəsi" adlandırdığı vaxtlarda, çoxlu kitablar və texniki sənədlərlə təchiz olunmuş bir çamadan götürərək, ucqar bir daxmada vaxt keçirirdi. Bu dövrlərdə Qeyts "dayanmadan diqqətini cəmləməyə" üstünlük verib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay