Beynəlxalq Kosmik Stansiyanın məhvi: 843 milyon dollarlıq müqavilə
Elon Muskın kosmik şirkəti "SpaceX", NASA-nın Beynəlxalq Kosmik Stansiyasını ("International Space Station" - "ISS") təhlükəsiz şəkildə məhv etmək üçün 843 milyon dollarlıq müqaviləyə imza atıb.
Valyuta.Az "NTV"ə istinadən xəbər verir ki, 1998-ci ildə qurulan "ISS", "NASA", "Roscosmos" (Rusiya), "ESA" (Avropa), "JAXA" (Yaponiya) və "CSA" (Kanada) arasında əməkdaşlıqla yaradılıb. Təxminən 400 km yüksəklikdə Yer ətrafında orbitdə yerləşən "ISS", yalnız kosmosda həyata keçirilə biləcək təcrübələr üçün unikal imkanlar təqdim edib.
ABŞ-ın kosmik agentliyi "ISS"i “kosmosda tədqiqat platforması qurmaq və istifadə etmək üçün qlobal insan səylərində misli görünməmiş bir uğur” kimi xarakterizə edib.
Lakin "ISS"in ömrü əbədi deyil. 2030-cu ildə fəaliyyət müddəti sona çatacaq. "NASA", stansiyanın fəaliyyətini dayandırdıqdan sonra 18 ay ərzində onun Yerə tədricən yaxınlaşmasına imkan verəcək.
Bu missiya üçün modifikasiya edilmiş "SpaceX Dragon" kosmik aparatı istifadə olunacaq. Aparat, standart "Dragon" ilə müqayisədə altı dəfə daha çox yanacaq tutumuna və dörd qat daha çox itici gücə malik olacaq.
"ISS", Yer atmosferindən keçərkən böyük ölçüdə parçalanacaq və yanaraq məhv olacaq. Lakin kosmik stansiyanın daha böyük modulları atmosferdən keçərək müəyyən edilmiş “son eniş nöqtəsinə” düşəcək. "NASA" bu nöqtənin yerini hələ ictimaiyyətə açıqlamayıb.
"NASA"nın Vaşinqtondakı qərargahında kosmik əməliyyatlar missiyası üzrə direktor müavini Ken Bauersoks (Ken Bowersox) bildirib:
“Beynəlxalq Kosmik Stansiya üçün ABŞ-ın orbitdən çıxış aparatını seçmək, "NASA" və beynəlxalq tərəfdaşlarının Yer orbitindəki əməliyyatların sonunda təhlükəsiz və məsuliyyətli keçidi təmin etməsinə kömək edəcək.”
Qeyd edək ki, kosmosdakı tədqiqatları davam etdirmək üçün doqquz kosmik stansiyanın tikintisi planlaşdırılır.
Bunlardan biri, 2021-ci ildən bəri orbitdə fəaliyyət göstərən Çinin "Tiangong" kosmik stansiyasıdır.
Digər tərəfdən, "SpaceX" illər ərzində "NASA" ilə bir çox müqavilə bağlayıb.
Son olaraq, şirkət "NASA"nın Saturn planetinin ən böyük peyki Titanı tədqiq etmək üçün nəzərdə tutulan "Dragonfly" missiyasını başlatmaq üçün 256 milyon dollarlıq müqavilə imzalayıb.
Bir "Falcon Heavy" raketi "NASA"nın "Dragonfly" aparatını Floridadakı Kennedi Kosmik Mərkəzindən 5 iyul - 25 iyul 2028 tarixləri arasında orbitə buraxacaq.
Titan səfəri altı il çəkəcək və bu da, kosmik aparatın 2034-cü ildə eniş edəcəyini göstərir.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay