Bir gündə 4 tender qazanan "Sevinc-96" MMC kimindir?
Neftçala Suvarma Sistemləri İdarəsi “Sevinc-96” MMC ilə 871 166 manatlıq 4 müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, müqavilələrdə 2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş-çıxış boru xətti) əsaslı təmiri işlərinin, cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarının, nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların, mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haxıyev Yusif Camal oğludur.
“Sevinc-96” MMC ilə bağlı araşdırma apararkən bəlli olur ki, şirkət əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin elan etdiyi tenderlərin qalibi olur. Məsələn, şirkət bu ilin yanvar ayında Füzuli Suvarma Sistemləri İdarəsinin elan etdiyi 29, 9 milyonluq tenderin qalibi olub.
Şübhəli tenderlərin əhəmiyyətli hissəsində məhz “Sevinc 96” MMC-nin adı keçir. Mediada gedən məlumatlara görə, MMC-nin əsl sahibi Qurban Abbasovdur. O, Salyanda iş adamı kimi tanınır.
Bir müddət əvvəl Qurban Abbasov oğlunun dəbdəbəli toyu ilə gündəmə gəlmişdi. İş adamının oğlu İlkin Qurbanovun toy karvanında 25 ədəd “Mercedes Gelandewagen”in iştirak etməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuşdu. Hətta kortej yol-nəqliyyat qaldalarını pozduğu üçün polis tərəfdindən araşdırmalara başlanılmışdı. Hər halda mediada yayılan məlumatlarda belə deyilir. Qurban Abbasov da faktı təsdiqləmişdi. Amma avtomobillərin onun ailə üzvlərinə aid olmadığını bildirmişdi.
Qurban Abbasov eyni zamanda "CSM Nix”, "Nigar LTD”, "A+B OİL Servis”, “İlkin N”, "Halal İnşaat” və “XXI-əsr” şirkətlərinə nəzarət edir. Bu şirkətlər Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan qurumların, xüsusilə suvarma sistemləri idarələrinin tenderlərini qazanır.
İddialara görə, Qurban Abbasovun nəzarətində olan şirkətərin ümumi dövriyyəsi 50 milyon manatdan çoxdur.
“Sevinc 96” MMC-ni 1 milyon manata yaxın tenderin qalibi elan edən Neftçala Suvarma Sistemləri İdarəsinə gəlincə, qurumun rəhbəri Elçin Əsədovdur. Mediada onun barəsində tənqidi materiallar kifayət qədərdir. Elçin Əsədovun qardaşı Qulam Əsədov isə Neftçala Melioservis İdarəsində baş mühəndis işləyir. Neftçala Suvarma Sistemləri İdarəsi bu qurumla da maliyyə dəyəri 300 min manata yaxın olan müqavilə imzalayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay