FHN idarəsi nazirin şirkətinə 2 milyonluq tender verdi
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi elan etdiyi 3 tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, idarənin elan etdiyi tenderlərin qalibləri "Qafqaznet" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "VNM Servis" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "ARIS" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi "Qafqaznet" Məhdud Məsuliyyətli Cəmiyyətlə Tibb Xidməti hospitalının müasir texnoloji idarəetmə sistemləri üçün cihaz, avadanlıq və texniki vasitələrin alınması üzrə müqavilə imzalayıb. Müqavilənin dəyəri isə 2.351.452 AZN-dir.
"Qafqaznet" MMC-nin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu iddia edilir. Onun yerləşdiyi əvvəlki hüquqi ünvanda qeydiyyatda olan şirkətlərin adına da Kəmaləddin Heydərovun biznesi barədə yazılan araşdırmada materiallarında rast gəlinir. Bütün bunlar indiyədək təkzib edilməyib.
Bundan başqa, "Qafqaznet" MMC-nin qanuni təmsilçisi Adil Cəfərov eyni zamanda "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkətin də hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da yerləşir və MMC Kəmaləddin Heydərovun hesab edilir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Adil Ələddin oğludur.
Şirkət bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda "Mirvari Park Residence" MMC, "Capital Tovvers Residence" MMC, "Babək residence" MMC, "Fobos Palaza" MMC və başqa bir neçə şirkət qeydiyyatdadır.
FHN-nin idarəsi "VNM SERVİS" -dən 788.347,62 AZN-lik müxtəlif təyinatlı biodavamlı işçi mayeləri satın alacaq.
Rəsmi qurumun "ARIS" MMC ilə bağladığı müqavilənin maddi dəyəri isə 899.999,92 AZN-dir. Qurum MMC ilə “yeni proqramların yazılması və veb səhifələrin hazırlanması” üzrə müqavilə bağlayıb.
"Aris” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əsasən suvarma sistemləri sahəsində ixtisaslaşan şirkət 19.03.2018 tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay