Əhmədzadənin “Sevinc”i pərişan oldu - “Meliorasiya”nın keçirdiyi tender ləğv olundu
Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin keçirdiyi və məbləği 241 min 880 manat olan tenderin nəticələri ləğv edilib.
Valyuta.Az qaynarinfo-ya istinadla xəbər verir ki, maşın mexanizmlərin və nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması üzrə keçirilən açıq tenderin qalibi qalmaqallı şirkət "Sevinc-96" MMC olmuşdu.
Tenderin nəticələrinin ləğv olunması ilə bağlı yayılan rəsmi məlumatda deyilir ki, malgöndərən şirkət "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 33.1, 36.3 və 36.5.3 maddələrinin tələbləri nəzərə alınaraq, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin məktubu əsasında formal tələblərə cavab verməməsi ilə əlaqədar kənarlaşdırılmış və həmin tenderin nəticəsi qalibin müəyyən edilə bilməməsi səbəbindən ləğv edilib.
31.07.1996 tarixində dövlət qeydiyyatına alınan "Sevinc” MMC-nin hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev, ev 45, m. 1, qanuni təmsilçisi isə Yusuf Camal oğlu Haxiyevdir. 20 manat nizamnamə kapitalına malik şirkət 01.06.2020 tarixindən indiyə kimi 20 satınalma müsabiqəsinin qalibi olub. Bu Satınlamların 17-sini Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qurumları keçirib.
MMC ötən ilin iyun ayının 1-də Salyan rayon İcra Hakimiyyətindən də abadlaşdırma işləri adı ilə 1 milyon 21 min 928 manat dəyərində tender qazanıb.
Salyan rayon Maliyyə İdarəsi 2020-ci ilin dekabr ayının 9-da "Sevinc-96" MMC ilə 7900 manat dəyərində (tikili və avadanlıqların cari təmiri) satınalma müqaviləsi bağlayıb.
Mediada yayılan məlumatlara görə, "Sevinc 96” MMC faktiki olaraq bölgədə əksər tenderləri qazanan iş adamı Qurban Abbasova məxsusdur. Ötən ilin ortalarına qədər Qurban Abbasovun başqa şirkəti tenderləri qazanırdı. Belə ki, Qurban Abbasovun təsisçisi olduğu "İlkin-N” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bölgədə, o cümlədən də meliorasiya sahəsində əksər tenderlərin qalibi olurdu. Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi başda olmaqla "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası və başqa dövlət qurumları milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC adlı şirkətə verib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay