Ölkəyə turist axını 6 dəfə azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 123 ölkədən 72,1 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, ölkəmizə gələnlərin 33,3 %-i Rusiya, 28,8 %-i Türkiyə, 14,9 %-i İran, 10,4 %-i Gürcüstan, 2,4 %-i Ukrayna, 1,2 %-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7 % olmaqla Qazaxıstan, Özbəkistan və Türkmənistan, 0,6 %-i İtaliya, 0,5 %-i Almaniya, 0,3 %-i ABŞ, 4,5 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 94,7 %-ni kişilər, 5,3 %-ni isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiyadan - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.
2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə ümumilikdə Körfəz ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 11 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,2 dəfə azalaraq 28,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,3 dəfə azalaraq 2,8 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 73 %-i dəmir yolu və avtomobil, 23,2 %-i hava, 3,8 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay