Polietilen torbaların istifadəsi nə qədər azalıb? – Marketlərin cavabı
Fevralın 15-dən etibarən marketlərdə polietilen torbalar ödənişlidir. Əvvəllər pulsuz olan kiçik polietilen torbalar 3, böyükləri isə 5 qəpiyə satılır. Bu torbaların ödənişli edilməsində məqsəd polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaqdır. 6 aydan çox zaman keçib. Maraqlıdır, bu qərardan sonra polietilen torbaların istifadəsində azalma yaranıb? Belə fikirlər də var ki, bu qərar polietilen torbaların istifadəsini azaltmır, əksinə marketlər bu satışdan böyük gəlir əldə edir. Bəs marketlər nə qədər gəlir əldə edirlər?
Valyuta.az bu sualları marketlərə ünvanlayıb.
"RAHAT" Supermarketlər şəbəkəsinin marketinq müdiri Kənan Şirinov deyir ki, polietilen torbaların satışına başlandığı gündən istifadəsində 40 faiz azalma qeydə alınıb: “Bir qisim insan özü ilə paketlər gətirir. Bir qisim insan da əvvəllər hər çeşid məhsulu ayrı paketə qoymağı üstün tuturdusa, artıq buna ehtiyac görmür. Bir paketə bir neçə çeşid məhsul yığa bilir. Buna görə də paketlərin istifadəsi azalır. Sadəcə 3, 5 qəpik insanlar üçün o qədər də böyük məbləğ olmadığından paketlərin istifadəsində daha kəskin azalma yoxdur”.
K.Şirinov qeyd etdi ki, "RAHAT" Supermarketlər şəbəkəsi polietilen torbalardan istifadəni azaltmaq üçün müxtəlif aksiyalar həyata keçirir. Onlardan birini qeyd etdi: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə təşkil etdiyimiz aksiyada müştərilər mağazalarımıza müəyyən miqdarda plastik və şüşə qablar gətirirlər. Əvəzində onlara parçadan olan, çox möhkəm materialdan hazırlanmış çantalar veririk”.
K.Şirinov polietilen torbaların satışından heç bir gəlir əldə etmədikərini də qeyd etdi: “Biz hələ də polietilen torbalara əvvəlkindən az olsa da, xərc çəkirik. Bir çox insan düşünür ki, polietilen torbalara çəkilən xərc əvvəl birbaşa marketin üzərinə düşürdüsə, indi müştəri qarşılayır. Əvvəllər paketləri pulsuz verdiyimizə görə şirkət Əlavə Dəyər Vergisi (ƏDV) ödəmirdi, indi ödəyir. Böyük paketləri aldığımızdan daha aşağı qiymətə satırıq. Politelin torbaların tədarükçüsünə yenə də ödəniş edilir. Bütün bunlar müəyyən xərc yaradır. Təbii ki, biz çox deyil, müəyyən qədər xərclərdən azad olmuşuq. Azad olduğumuz xərcləri də məhsulların qiymətinə yansıdırıq”.
“Bazarstore” mağazalar şəbəkəsinin PR və Marketinq şöbəsinin müdiri Mahir Rasimoğlu polietilen torbaların istifadəsi ilə bağlı bildirdi ki, “Bazarstore”da polietilen torbaların istifadəsində əvvəlki aylarla müqayisədə 50 faizə yaxın azalma qeydə alınıb. Ümumilikdə, azalan xərclər məhsulun qiymətinə yansıyır.
“Bravo” Supermarketlər Şəbəkəsindən bildirildi ki, təqribən 20-25 faiz azalma qeydə alınıb.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan (VŞQ) “Araz” supermarketlər şəbəkəsindən soruğumuza cavab olaraq hər hansı rəqəm səsləndirilməsə də, bildirildi ki, “Araz” müştərilərini alış-veriş zamanı polietilen torbalar əvəzinə eko çantalardan istifadəyə çağırır, bununla da təbiəti qorumağa təşviq edir: “Tədarükçülərimizlə birlikdə istehlakçılara daha çox alternativlərin təklif edilməsinə çalışırıq. Ekoloji təmiz, həm də uzunömürlü eko çanta və bitki tərkibli bio paketləri müştərilərimizə təqdim edirik. Eko çantalardan istifadənin təşviq olunması məqsədilə “Araz” tərəfindən mütəmadi olaraq təşviqat kampaniyaları reallaşdırılır. Həmçinin, aidiyyəti dövlət qurumları ilə birlikdə müxtəlif ekoloji aksiyalar həyata keçirir və vətəndaşların maarifləndirilməsi tədbirlərinə dəstək göstərilir”.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC-dən bildirildi ki, ödənişli olduqdan sonra marketlər şəbəkəsində polietilen çantalardan istifadə 4 dəfə azalıb. Bununla belə, marketlər şəbəkəsinin sosial məsuliyyət layihələri çərçivəsində həyata keçirilən “Yaşılı Sev, Çevrəni Qoru” kampaniyası ilə müştərilərə polietilen torbaların təbiətə vurduğu ziyan haqqında maarifləndirici məlumatlar paylaşılıb və “Oba”ya aid eko çantalar hədiyyə edilib. Mütəmadi olaraq müəyyən limitdə alış-veriş edən zaman alıcılara eko çantalar təklif edilir və sosial aktivliklər həyata keçirilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, 2023-cü ilin ilk 4 ayı ərzində ölkə ərazisində 4 871.6 ton həcmində polietilen kisə və çantalar istehsal edilib. Bu da ötən ilin eyni dövründən 12.1 faiz azdır.
Qarakişi Vəlizadə
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay