Deputatdan jurnalistlərə CAVAB: “2 otaqlı mənzildə yaşayıram,…”
Milli Məclisin üzvü Etibar Əliyevlə jurnalistlər arasında qalmaqal düşüb.
Valyuta.az-ın Modern.az-a istinadən verdiyi xəbərə görə, qalmaqala səbəb deputatın jurnalistlər üçün tikilən üçüncü binanın onlara verilməməsi təşəbbüsü ilə çıxış etməsi olub:
“İndi deyirlər ki, jurnalistlərə üçüncü bina tikilir. Ay məmləkət! Ölkədə qəzet demək olar ki, yoxdur. Cəmi üzdə olan 5-6 sayt var ki, yalnız reklam və xəbərlər dərc etməklə məşğuldurlar və başqa adamlar üçün saytları əlçatmaz ediblər, cəmiyyətin imkanlı adamlarına çevriliblər. Analitik yazılar yoxa çıxmaq üzrədir.
Müsahibə götürən jurnalisti sonradan axtarırıq ki, fikirlərimiz təhrif olunub. Əvvəlki binalardan mənzil alanların çoxusu jurnalistikanın daşını çoxdan atıb. Belə olan təqdirdə mənzil imitasiyasına son qoymaq lazımdır. Jurnalistlərin adına tikilən 3-cü bina ehtiyacı olan şəhid və qazi ailələrinə verilməlidir”.
Etibar Əliyevin bu fikirlərə jurnalistləri sərt reaksiyası ilə qarşılanıb. Deputata cavab verən bəzi jurnalistlər də təklif ediblər ki, Etibar Əliyev və digər həmkarlarına ödənilən 5190 manat məzuniyyət pulu şəhid ailələrinə verilsin.
“Teleraf Media Qrup”un rəhbəri Aynur Camal bildirib ki, 3-cü binadakı mənzillər də mütləq jurnalistlərə paylanmalıdır:
“Və əlbəttə ki bir şərtlə: mənzillər ədalətlə, haqqı çatana, həqiqətən də ehtiyacı olana verilməlidir”.
Valyuta.az-ın Modern.az-a istinadən verdiyi məlumata görə, deputat onu hədəfə alan jurnalistlərə cavabında özünün mənzil durumundan bəhs edib:
“Məcburiyyət qarşısında qalıb yazıram. Mənim mənzil şəraitim bugünkü media kapitanları deyilən şəxslərin mənzil şəraitindən azı 500 dəfə pisdir. Qaraçuxur qəsəbəsində 9 mərtəbəli binanın 9-cu mərtəbəsində 2 otaqlı mənzildə yaşayıram. Lift ara-sıra işləyir. Binaya cəmi 3 saat su verirlər. Halbuki, mənim Azərbaycan təhsilinin və elminin qarşısındakı xidmətlərimə görə (8 kitab müəllifiyəm) daha yaxşı mənzil şaraitinə haqqım çatır. İndi də heç bir iddiam yoxdur. Mənə cavab verəndə bu faktı nəzərə alın. 2 binanı əsasən qeyri-jurnalistərlə məskunlaşdıranda Elxan Şükürlüdən başqa heç kimin səsi çıxmadı. İndi Əli Həsənov yoxdur, dil pəhləvanlarının sayı həndəsi silsilə ilə artır. Jurnailstin kriteriyaları müəyyənləşməlidir. Birinci sırada onun bitirdiyi ali təhsilin peşəyə uyğun gəlib-gəlməməsi müəyyənləşdirilməlidir. Bu yoxdursa, heç kimə peşəkar jurnalist demək olmaz. Heç nə demirəm, məni təhqir edənlər çox yox, 3 köşə yazımı bütün yaradıcılıqları ilə müqayisə etsinlər”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay