60 qanuna əlavə və dəyişikliklər irəli sürülüb – Komitə sədri
“60 qanuna əlavə və dəyişikliklər irəli sürülüb”.
Valyuta.az xəbər verir ki, bunu qanun layihələrinin mahiyyəti barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib.
Komitə sədri vurğulayıb ki, qanunlara dəyişikliklər 2018-ci ildə qəbul edilmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə əlaqədardır.
“Burada əsas yenilik indiyədək mövcud olan klassik əlillik dərəcələrindən imtina edilərək onun insanların sağlamlıq imkanlarının, orqanizmin funksiyalarının itirilməsi faizi ilə ifadə olunmasına keçiddir. Dəyişikliklərdə əsas məsələ şəxsin əlilliyinin dəqiq müəyyən olunması və sağlamlığının qalan imkanlarının düzgün qiymətləndirilərək onun reabilitasiya potensialının müəyyənləşdirilməsidir”, - deyə M.Quliyev qeyd edib.
Sonra Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihələri barədə ətraflı məlumat verib:
“Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-nin müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur. Dəyişikliklər əlillik təyinatının daha obyektiv aparılmasına təminat verir”.
Qeyd edək ki, dəyişikliklərdə əsasən “əlillik dərəcəsi” sözlərinin “insan orqanizminin funksiyalarının itirilməsi faizi” sözləri ilə, “I, II və III dərəcə” sözlərinin “orqanizminin funksiyalarını 31-100 faiz itirmiş” sözləri ilə, “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözlərinin “18 yaşınadək əlilliyi olan şəxslər” sözləri ilə əvəz edilməsi təklif olunub.
İclasa dəvət olunmuş Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev və həmin nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, sualları cavablandırıblar.
Tədbirin sonunda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvləri gündəlikdəki 7 məsələni birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay