Yanacaq, spirtli içki və tütün məhsulları satanlar icbari tibbi sığortaya cəlb ediləcək
"Bu ilin yanvar ayından başlayaraq icbari tibbi sığorta müəssisələrdə tətbiq olunmağa başlayıb".
Valyuta.Az xəbər verir ki, bunu İqtisadi Tədqiqatlar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, həm fərdi sahibkarlar, həm də müəssisələr öz işçilərinə görə icbari tibbi sığorta haqqı ödəməlidirlər:
"Fərdi sahibkarlar hər ay minimum əməkhaqqının 4 faizi miqdarında, yəni 10 manat icbari tibbi sığorta haqqı ödəməlidirlər. Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq".
"2022-ci ildən etibarən isə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Məsələn, şəxs aylıq 700 manat əməkhaqqı alırsa, işəgötürən işçi üçün həmin məbləğin 1%-i, aylıq 7 manat icbari tibbi sığorta haqqı ödəyəcək. Lakin 2022-ci ildən isə bu rəqəm 14 manat olacaq. Əhalinin xidmətlərdən istifadəsi isə aprel ayının 1-dən başlayacaq", - deyə o qeyd edib.
Ekspert həmçinin bildirib ki, yanacaqdoldurma məntəqələri də yanacağın satılmasına görə satış dəyərindən 2 qəpik miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər:
"Bunun hesabatlarını da yanacaqdoldurma məntəqələri verəcəklər. Bundan başqa, spirtli içkilər və tütün məmulatlarının satışı da icbari tibbi sığortaya cəlb ediləcək. Yəni bunların satışına görə də icbari tibbi sığorta haqqı ödəniləcək. Bu vəsaitlər tibbi xidmətlərinin göstərilməsinə yönəldiləcək".
"İcbari tibbi sığortanın ölkə üzrə 2020-ci ilin aprel ayından tətbiq olunması planlaşdırılmışdı. Lakin pandemiya ilə bağlı bunun tətbiqi gecikdi", - deyə o əlavə edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay