
Bəzi subyektlərdə yoxlamalar davam etdirilə bilər – DEPUTAT
Azərbaycan Prezidenti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Yeni dəyişikliklərə görə icazə verilən yoxlamalar istisna olunmaqla sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin daha bir il - 2022-ci il yanvarın 1-dək uzadılması nəzərdə tutulur.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov qanunu şərh edərkən bildirib.
Deputat xatırladıb ki, bu müddətdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, bir sıra sahələrdə yoxlamalar davam etdirilə bilər:
“Bunlar əsasən, yalnız vergi, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalardır. Eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində həyata keçirilən yoxlamalar ola bilər”.
İqtisadçı deputat, əlavə olaraq cinayətkarlıq, terrorçuluq və dövlət təhlükəsizliyi sahələrində də yoxlamaların aparılması səlahiyyətlərindən də bəhs edib
Onun sözlərinə görə, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən yoxlamalar həyata keçirilir:
“Habelə, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalara icazə verilir.
Digər mühüm məqam, yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da həmin dövrdəki fəaliyyətlə bağlı yoxlamaların aparılmasının qadağan edilməsidir. Yəni, yoxlamaların qadağan edildiyi müddət bitdikdən sonra sahibkarın yoxlamaların qadağan edildiyi dövr üçün fəaliyyəti yoxlanılmayacaq. Təbii ki, bu zaman icazə verilən yoxlamalar üzrə fəaliyyətlər istisna ediləcək”.
V.Bayramov qeyd edib ki, dövlət başçısı imzaladığı digər fərmanla Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməyi tapşırıb:
"Bu isə o deməkdir ki, yoxlamaların dayandırıldığı müddətdə Nazirlər Kabineti yeni qaydalar hazırlayacaq. Məqsəd sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsinin beynəlxalq standartlara tam uyğunlaşdırılmasıdır".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay