Sahibkar niyə gün ərzində dollar ala bilmir? - Ekspert şərhi
Son dövrlərdə ölkədə belə bir tendensiya müşahidə olunur. Belə ki, banklarda ABŞ dollarının satışı kifayət qədər məhdudlaşdırılıb. Belə ki, satış günorta saat 14:00 radələrində başa çatır. Amma dolların alışı axşam saat 17:00-a qədər davam edir. Bu da təbii olaraq cəmiyyətdə ajiotaj yaradır. Çünki, vətəndaşın günün istənilən saatında dollara ehtiyacı yarana bilər. Ancaq bu ehtiyacını ödəmək üçün növbəti günü gözləməlidir.
Məsələ ilə bağlı fikirlərini Valyuta.Az-a açıqlayan Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, xarici valyutanın satılması müddəti bankların qəbul etdiyi qərar əsasında müəyyənləşdirilir.
Banklardan bir neçəsinin bununla bağlı izahat verdiyini bildirən iqtisadçı deputat qeyd edib ki, valyuta məntəqələri bank filialları olduqları üçün valyutanı baş ofislərdən günorta saat 14:00 radələrinə qədər sifariş edərək götürmək imkanına malikdir:
“Buna uyğun olaraq, onlar valyuta satışı həyata keçirirlər. Bütün hallarda valyuta satışının gün ərzində, yəni axşam saat 18:00-a qədər aparılması daha məqsədəuyğun olardı. Çünki, xarici valyuta hər zaman vətəndaşa lazım olur və onun ehtiyacı yarandıqda, günortadan sonra tapmaqda problemlə qarşılaşa bilər”.
V.Bayramovun fikrincə, bu baxımdan da məsələnin həll olunması üçün banklar tərəfindən gündəmə gətirilməsi və valyuta satışının bütün iş saatı müddətində həyata keçirilməsinin təmin olunması daha doğru olar:
“Düşünürəm ki, Mərkəzi Bank tərəfindən bu istiqamətdə banklara bəzi tövsiyələrin verilməsi mümkündür. Eyni zamanda Mərkəzi Bank hərraclar vasitəsi ilə çalışmalıdır ki, valyuta tələbinin tam ödənilməsi təmin edilsin, qarşıdakı dövrlərdə bisnes sahəsinin, həmçinin vətəndaşların valyuta ehtiyaclarının ödənilməsində heç bir porblem ortaya çıxmasın”.
Rövşən Ziya
Valyuta.Az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay