
"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır
"Apple" şirkətinin süni intellekt sahəsində çətinlik çəkdiyi artıq inkarolunmaz bir həqiqətdir. Lakin Avropa İttifaqının (Aİ) yeni qərarı bu çətinliyi daha da dərinləşdirə bilər. Aİ-nin qəbul etdiyi yeni hüquqi çərçivə "Apple" üçün potensial bir "Siri" dağıntısı anlamına gəlir.
Valyuta.az xəbər verir ki, son illərdə "Apple" həm beynəlxalq məhkəmələrdə, həm də Aİ nəzdində ciddi təzyiqlərlə üzləşib. Şirkətin uzun müddət davam etdirdiyi monopolist yanaşmalar artıq Aİ müdaxiləsi ilə tarixin arxivinə qovuşmağa başlayır.
DMA ilə başlayan dəyişiklik
Texnologiya nəhənglərini hədəf alan Rəqəmsal Bazarlar Aktı (DMA) "Apple"ın illərdir qoruduğu qapalı ekosistemə ilk ciddi zərbəni vurub. Bu hüquqi və normativ dəyişikliklər şirkəti istifadəçiləri məhdudlaşdıran siyasətlərindən əl çəkməyə məcbur edib. Artıq Aİ ölkələrində yaşayan "iPhone" istifadəçiləri uzun illər tənqid edilən "App Store" monopoliyasından xilas ola bilir. Üçüncü tərəf tətbiq mağazalarının qarşısının açılması istifadəçilərə daha əlçatan və müxtəlif seçimlər təqdim edərkən, proqramçılar da "Apple"ın yüksək komissiya haqlarından qurtulacaq.
Varsayılan tətbiqlərdə sərbəstlik
"Apple"ın ən çox tənqid olunan yanaşmalarından biri də öz tətbiqlərini varsayılan olaraq məcburi şəkildə istifadəçilərə təqdim etməsi idi. Aİ-nin təzyiqləri nəticəsində bu vəziyyət dəyişir. İndi istifadəçilər "iPhone"larında "Google Maps", "Waze" və ya "Spotify" kimi tətbiqləri varsayılan olaraq təyin edə biləcək. Hətta "Siri"nin yerini "Google"ın "Gemini"si və ya "OpenAI"nin "ChatGPT"si ala bilər.
Bu dəyişiklik, "Apple"ın səsli köməkçi texnologiyasında nə qədər geri qaldığını da üzə çıxarır. "Siri" hələ də yalnız sadə dialoqlar qura bilən bir vasitə kimi qalır. Əvəzində, "ChatGPT"nin Genişləndirilmiş səs rejimi və "Gemini"nin inteqrasiya olunmuş xüsusiyyətləri istifadəçi gözləntilərini əsaslı şəkildə dəyişdirib. Aİ-nin bu qaydaları Avropalı istifadəçilərə bu süni intellekt köməkçilərini varsayılan olaraq seçmək imkanı verəcək. Bu, "Apple"ı "Siri"ni yenidən dizayn etməyə vadar edəcəkmi? Şirkətin "iOS 19"da süni intellektə yönəlik ciddi addımlar atacağı barədə iddialar maraqla izlənilir.
Qlobal domino effekti mümkündür
Aİ-nin bu məcburedici addımları qlobal miqyasda bir domino effekti yarada bilər. İstehlakçı hüquqlarını müdafiə edən qurumlar oxşar tələblərin digər bölgələrdə, xüsusilə Hindistan və ABŞ-da da gündəmə gələcəyini proqnozlaşdırır. İstifadəçilər "qapalı bağça" modelindən yorulduqlarını açıq şəkildə dilə gətirir və texnologiya nəhəngləri üçün əvvəlki siyasətləri davam etdirmək getdikcə çətinləşir.
"Apple"ın monopolist təcrübələrinə qarşı Aİ-dən gələn bu tarixi addım yalnız başlanğıcdır. Bu dəyişiklik küləkləri şirkəti istifadəçi yönümlü innovasiyalara doğru yönəltməklə yanaşı, bazarın dinamikasını da sürətlə dəyişdirir. Artıq istifadəçilərin seçim azadlığı texnoloji nəhənglərin təkəllik maraqlarının qarşısında üstünlük qazanmağa başlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay