
2025-ci ilin ilk rübündə sığorta bazarına kimlər liderlik edib? - TOP 5
Risklərin artdığı bir dövrdə sığorta, həm fərdi şəxslər, həm də şirkətlər üçün həyatın ayrılmaz bir hissəsinə çevrilir. Azərbaycanda sığorta bazarı son illər sürətlə inkişaf edərək, daha geniş kütləni əhatə edir. Bu ilin yanvar-mart aylarında sığorta yığımlarında artımın müşahidə edilməsi bu tendensiyanın davam etdiyini göstərir.
Valyuta.az bu ilin ilk rübündə sığorta bazarındakı yığımlarda əsaslı paya sahib olan şirkətləri araşdırıb.
Bu ilin yanvar-mart aylarında "Paşa Həyat Sığorta" şirkəti 161 milyon 832 min manat sığorta haqqı toplayıb. Bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% artım nümayiş etdirir. Şirkətin bazardakı payı isə bu ilin yanvar-mart aylarında 40,55%, ötən ilin müvafiq dövründə isə 48,48% olub. Yəni, şirkət bazarın əsaslı hissəsinə sahibdir.
"Paşa Sığorta" şirkəti yanvar-mart aylarında 114 milyon 882 min manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,92% azalma göstərir. Şirkətin bazardakı payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,29% azalaraq 31,07%-ə enib.
Bu ilin yanvar-mart aylarında "Atəşgah Həyat" Sığorta şirkəti 27 milyon 625 min manat sığorta haqqı toplayıb. Bu, əvvəlki illə müqayisədə 22,03% artım deməkdir. Şirkətin bazardakı payı 6,92%-ə çatıb, ötən ilin eyni dövründə isə bu göstərici 6,06% idi.
"Qala Sığorta" şirkəti yanvar-mart aylarında 25 milyon 181 min manat sığorta haqqı toplayıb ki, bu da əvvəlki ilə nisbətən 9,35% azalma təşkil edir. Şirkətin bazardakı payı isə 6,31%-dir. Əvvəlki il isə bu göstərici 7,45% olub.
"Atəşgah" Sığorta şirkəti isə yanvar-mart aylarında 14 milyon 849 min manat toplayıb. Bu hesabat ötən ilin eyni dövrü ilə müqayisədə 21,18% çoxdur. Şirkətin bazardakı payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,44% artaraq 3,72%-ə yüksəlib.
Ümumilikdə isə bu ilin yanvar-mart aylarında sığorta şirkətlərinin xətti ilə 399 milyon 83 min manat sığorta haqqı toplanıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,95% çoxdur. 2024-cü ildə bu rəqəm 373 milyon 140 min manat idi.
Maya Hüseynova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay