
Evdə kompüter, cibdə kalkulyator dövrünü başladan Klayv Sinkler - SƏHƏR OXUSU
XX əsrin sonlarında texnoloji inqilaba təkan verən şəxslərdən biri olan Klayv Sinkler kompüterlərin və elektronikanın kütləviləşməsində əvəzsiz rol oynamış bir ixtiraçıdır. Onun sadə və münasib qiymətli icadları minlərlə insana texnologiya ilə tanış olmaq imkanı yaratdı. Uğurlarına baxmayaraq, Sinklerin həyatı yalnız nailiyyətlərlə deyil, həm də uğursuzluqlar və cəsarətli risklərlə dolu bir hekayədir.
Valyuta.az Sinklerin həyat hekayəsini təqdim edir:
81 yaşında vəfat edən Klayv Sinkler İngiltərənin ən məhsuldar ixtiraçılarından biri idi. Məktəb yaşlarında olarkən, öz-özünə öyrəndiyi üsullarla bir çox cihaz icad etdi.
O, hazırladığı və münasib qiymətlərlə bazara çıxardığı “ZX Spectrum” vasitəsilə evlərə kompüterlərin girməsini təmin edib. “ZX Spectrum” kompüterləri dünya üzrə milyonlarla satıldı.
Lakin onun elektrikli nəqliyyat vasitələri istehsalı sahəsindəki cəhdləri uğursuz olub və ciddi maliyyə çətinlikləri yaşadı.
Klayv Sinkler 1940-cı il iyulun 30-da Londonun cənubundakı Surrey bölgəsinin Richmond şəhərində anadan olub.
Uşaqkən içinə qapanıq olan Sinkler yaşıdları ilə deyil, daha çox özündən böyük insanlarla dostluq etməyə üstünlük verirdi.
BBC-nin uşaq proqramı “Toytown”da yer alan “The Inventor” (İxtiraçı) obrazından ilhamlanaraq kiçik yaşlarından icadlara maraq göstərməyə başlayıb.
Meşəlik ərazilərdə gizləndiyi zaman ünsiyyət qurmaq üçün elektron sistem hazırladı və miniatür radio cihazları və gücləndiricilər (amplifikatorlar) istehsal edib.
Universitet imtahanlarına hazırlaşarkən sadə bir radio üçün elektrik dövrəsi dizayn etdi, bu dizaynını daha sonra istehsalçılar vasitəsilə insanların özləri yığa biləcəyi sistemə çevirib.
Hazırladığı dəstlər vaxtilə özü də məqalələr yazdığı “Practical Wireless” adlı jurnal tərəfindən yayılıb.
İcadlara dönüş
Növbəti dörd il ərzində radio qəbulediciləri və tranzistor dövrələri daxil olmaqla, müxtəlif elektron cihazların necə qurulacağını izah edən kitablar yazdı.
Kitabları çox satılsa da, Sinkler icadlarını davam etdirmək istəyirdi və 1961-ci ildə “Sinclair Radionics” adlı şirkətini qurdu.
Bir sıra dövrə lövhələri və miniatür tranzistorlu radio cihazları hazırladı, lakin şirkəti böyütmək üçün kifayət qədər sərmayə toplaya bilmədi. Pul qazanmağa yönəlik ilk cəhdi Plessey şirkətinin nasaz yeni tranzistorları istehsal prosesi zamanı xaric etdiyini eşitməsi ilə oldu.
Rədd edilən tranzistorların hələ də işlək olduğunu kəşf edən Sinclair, bu cihazları toplu şəkildə alıb üzərinə mənfəət qoyaraq satmağa başladı və bəzilərini öz məhsullarında istifadə etdi.
Hazırladığı elektrik dövrəsi dəstlərinə əlavə olaraq yüksək həssaslıqlı hissələr də istehsal etdi və miniatür bir televizor dizayn etdi.
“Apple”ın qurucusu Stiv Cobs kimi, o da dizaynın hər şey olduğuna inanırdı və məhsulları dövrünə görə müasir və çağdaş sayılırdı.
Ucuz kalkulyatorlar
1972-ci ildə “Sinclair Executive” adlı kalkulyatoru dizayn edib bazara təqdim etdi.
Cibə sığan yeganə kalkulyator olan bu ixtira texniki baxımdan yüksək səviyyədə olmasa da, gözəl görünüşlü idi və hər şeydən önəmlisi, ucuz idi. Bu dizayn Dizayn Şurasından mükafat aldı və Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində sərgiləndi.
Lakin Sinklerin məhsullarında getdikcə nasazlıq yarandı və şirkət maliyyə problemləri ilə üzləşdi.
Yenilikçi kvars saatı heç vaxt düzgün işləmədi və minlərlə müştəri məhsulu geri qaytardı. Nəhayət, şirkət dövlətin Milli Şirkətlər Şurasına müraciət etdi və dağıldı.
Sinckler bir müsahibəsində belə demişdi: “Mən doğuşdan iş adamı deyiləm. Amma hamımız həyatımızda müəyyən qədər biznesmen olmağı bacarmalıyıq.”
Həyəcanverici icadlar
Sinklerin“Science of Cambridge” adlı kiçik elektronika şirkətinin sahibi Kris Kurri ilə ortaq oldu və şirkət daha sonra “Sinclair Research” adını aldı.
1980-ci ildə “ZX80” bazara təqdim edildi. Bu kiçik kompüterin satış qiyməti 100 funtdan aşağı idi. Bəziləri aləti 20 funtdan da ucuz qiymətə yığma dəst şəklində əldə edə bilirdi.
Bu məhsul Sinklerin az sayda hissə ilə nələr edə biləcəyinin sübutu oldu.
Davamında gələn “ZX81” də müasir standartlara görə hələ tam gücə malik deyildi, yalnız çox sadə tətbiqləri və oyunları işlədə bilirdi. Lakin Sinkler və Karrinin münasibəti BBC-nin kompüterlərlə bağlı hazırladığı proqramdan sonra pozulmağa başladı.
BBC texniki baxımdan daha inkişaf etmiş, lakin baha olan Karrinin “Acorn” kompüterini seçdi, “ZX81” isə uduzdu.
Bunun üzərinə Sinkler “ZX Spectrum”u ixtira etdi. Ən böyük xüsusiyyəti rəng qəbul etməsi idi və Sinclair bu məhsuldan beş milyondan çox satdı.
Elektrikli nəqliyyat vasitəsi
Sinkler enerjisini və pulunu elektrikli nəqliyyat vasitələrinin inkişafına yönəltdikcə maliyyə problemləri ilə üzləşməyə başladı.
“Sinclair C5” 1985-ci ildə bazara çıxarıldı. İstehlakçılar elektrikli avtomobilin məhdud məsafə qət etməsindən, aşağı sürətindən və təpələrdə qalxa bilməməsindən məyus oldular.
Bəziləri aləti təhlükəsizlik baxımından da qeyri-kafi hesab edirdi. Sinkler isə bu iddiaları rədd edirdi.
Amma daha sonra özü də etiraf etdi ki, bazara çıxarmaq üçün doğru zaman olmamışdı: “Yerdə qar vardı, batareyanın bu soyuqda işləməyəcəyini öncədən görə bilməmişdim. Bazara çıxarmaq üçün doğru vaxt deyildi.”
Üzərindəki təzyiq şəxsi həyatına da təsir etdi. Arvadı Anne ilə 20 illik evliliyi boşanma ilə nəticələndi.
Sinkler gənc və gözəl qadınlarla birlikdə görünür, "playboy" olaraq tanınırdı.
Risk almaq ehtirası və hər şeyə rəğmən pul xərcləmək həvəsi onu pokerdə də maraqlı etdi.
Sinkler “QL” adlı yeni kompüterin təqdimatında da problemlər yaşadı. Yenilikçi dizayna baxmayaraq kompüterin satışları məhdud oldu. Nağd pul çatışmazlığı artmağa başlayınca, Sinkler kompüterlərinin hüquqlarını Alan Suqarın sahibi olduğu Amstrad şirkətinə satdı.
“Sinclair Research” kiçik bir tədqiqat və inkişaf şirkəti olaraq fəaliyyətini davam etdirdi. Şirkət Sinclair-in şəxsi əmlakı ilə maliyyələşdirilir və ixtiralarını bazara çıxarırdı.
Amma elektrikli nəqliyyat vasitəsi istehsalı fikri onun ağlından çıxmırdı və 1992-ci ildə “Zike” adlı yüngül elektrikli velosiped istehsal etdi. “C5” kimi bu ixtira da uğur qazanmadı.
Bir çamodana sığacaq qədər yığıla bilən velosiped olaraq istifadəsi demək olar ki, mümkün deyildi. Sinkler 2011-ci ildə “X1” adlı yeni bir elektrikli nəqliyyat vasitəsi üzərində işlədiyini açıqladı.
Klayv Sinkler bu gün hər kəsin evinə girən şəxsi kompüterlərin inkişafında öncül şəxs kimi tanınır.
Milyonlarla funt qazandıran bir şirkət qurdu, bir çox mükafat aldı, Marqarit Teçer tərəfindən fəxri cəngavərlik nişanı ilə təltif edildi. Amma elektrikli nəqliyyat vasitələrini kütləviləşdirmək cəhdlərinin uğursuzluğu maliyyə çətinlikləri ilə nəticələndi və bu da onun səylərini kölgədə qoydu.
Bütün bunlara baxmayaraq, Sinkler İngiltərənin, xəyallarını gerçəyə çevirə bilən ən böyük ixtiraçılarından biri kimi xatırlanır. O, bir müsahibəsində ixtiraçılıqla bağlı belə demişdi: “Bir ixtiraçının möhtəşəm bir ideya ilə gəlib başqasının bunu həyata keçirməsini gözləməsi absurddur. Ya özün edəcəksən, ya da heç vaxt olmayacaq.”
Günay / Valyuta.Az / SƏHƏR OXUSU
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay